Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Nəşr qeyd edib ki, Arman Boşyanın həyat yoldaşı olan Ermənistan iqtisadiyyat nazirinin müavini Anuşik Avetyan siyahıda 102-ci sıradadır.
“Söhbət həmin Boşyandan gedir ki, 2020-ci ilin 44 günlük müharibəsindən sonra artıq “Vətəndaş Müqaviləsi”nin seçki siyahısında olmaqdan imtina edib və aktiv siyasətdən uzaqlaşıb. İndi onun həyat yoldaşı nazir müavinidir və deputat olmaq istəyir”, - deyə müəllif bildirib.
Nəşr siyahının 102-ci sırasında olan Anuşik Avetyanın vəzifə bəyannaməsini və əlaqəli məlumatları araşdırıb.
“Avetyan 2025-ci il aprelin 2-də Ermənistan iqtisadiyyat nazirinin müavini təyin edilib. Bundan əvvəl o, 2021-ci ildə baş nazir müavini Tiqran Avinyanın köməkçisi vəzifəsini tutub.
Bəyannaməyə əsasən, Avetyanın Kotayk vilayətinin Arinc icmasında yerləşən yarımçıq tikilisi var və onun 1/2 payını 2019-cu il iyunun 11-də alış yolu ilə əldə edib. Onun bank əmanətləri 110 min və 60 min ABŞ dolları, bank hesablarındakı qalıqlar isə 941 min 500 dram təşkil edir. Nağd vəsait bəyan edilməyib.
Gəlirlərə gəlincə, “Joğovurd” qəzeti müəyyən edib ki, hesabat dövründə o, ümumilikdə 4 milyon 107 min 317 dram alıb. Bunun 217 min 715 dramı AMCHAM OPERATIONS şirkətindən, 487 min 968 dramı Ermənistan İqtisadiyyat Nazirliyindən, qalan hissəsi isə digər əməkhaqqı daxilolmalarından ibarət olub.
Eyni zamanda 24 milyon 794 min 598 dram kredit öhdəliyi mövcuddur, bunun 23 milyon 975 min 598 dramı fərdi ev üçün ipoteka kreditidir”, - deyə nəşr qeyd edib.
“Joğovurd” Avetyanın əvvəlki bəyannaməsini də araşdırıb və müəyyən edib ki, o, 2021-ci ildə Avinyanın köməkçisi vəzifəsini tərk edən zaman 2008-ci il istehsalı olan “Mercedes-Benz” avtomobilinə (2019-cu ildə alınıb), 650 min dram bank vəsaitinə, həmçinin Ermənistan baş nazir aparatından alınmış 6 milyon 690 min 711 dram gəlirə malik olub.
“Anuşik Avetyan “Vətəndaş Müqaviləsi” partiyasının üzvüdür və “Mənim Addımım” blokunun sabiq deputatı, “Vətəndaş Müqaviləsi”ndən olan Arman Boşyan ilə evlidir. Arman Boşyan hazırda Xarici Kəşfiyyat Xidməti rəisinin müavini vəzifəsini tutur. O, bu vəzifəyə 2024-cü il mayın 21-də təyin olunub.
Boşyanın 2024-cü il bəyannaməsinin araşdırılması göstərir ki, onun Arincdə yerləşən yarımçıq daşınmaz əmlakı (birgə mülkiyyət) və 2024-cü il avqustun 3-də əldə edilmiş Abovyanda fərdi evi var.
Onun nəqliyyat vasitələrinə 2022-ci il istehsalı olan HONDA (2023-cü ildə alınıb) və 1997-ci il istehsalı olan VAZ avtomobili daxildir.
Bank hesablarında Boşyanın 62 min 401 dram qalığı var, illik gəlirləri isə 12 milyon 749 min 382 dram təşkil edib. Bunun 11 milyon 567 min 12 dramı Xarici Kəşfiyyat Xidmətindən alınmış maaş, 1 milyon 182 min 370 dramı isə gəlir vergisinin geri qaytarılmasıdır.
Onun kredit öhdəlikləri 2024-cü ilin sonuna 28 milyon 159 min 698 dram təşkil edib, bunun 23 milyon 975 min 598 dramı fərdi ev üçün ipoteka kreditidir. Bundan əlavə, “Joğovurd” müəyyən edib ki, o, 7 milyon dramlıq təmir xərcləri həyata keçirib”, - deyə müəllif vurğulayıb.
Nəşrin yazdığına görə, diqqətçəkən məqam odur ki, həyat yoldaşının 2024-cü il bəyannaməsində Avetyanın adı kommersiya təşkilatında göstərilib.
“O, AMCHAM OPERATIONS şirkətinin direktoru olub. Beləliklə, “Joğovurd” qəzetinin araşdırması göstərir ki, “Vətəndaş Müqaviləsi” siyahısının 102-ci sırasını təmsil edən Anuşik Avetyan və onun həyat yoldaşı Arman Boşyan həm dövlət sistemində tutduqları vəzifələrdən, həm də özəl sektordakı fəaliyyətlərindən formalaşmış əhəmiyyətli daşınmaz əmlaka, kredit öhdəliklərinə və müxtəlif gəlirlərə malikdirlər”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az