Ermənistanın sabiq baş naziri Paşinyanı debatlara çağırıb

2025/10/1760937512.jpg
Oxunub: 649     23:31     17 Aprel 2026    
“Hakimiyyət hələ 2018-ci ildə illik orta iqtisadi artımı 7 faiz səviyyəsində təmin edə bilməyəcəyi halda istefa verəcəyini vəd etmişdi”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın sabiq baş naziri Hrant Baqratyan bildirib.

“Nikol Paşinyan 2021-2025-ci illərin rəqəmlərini misal gətirəndə manipulyasiyalar edir. Qoy 2018-ci ilin statistikasından istifadə etsin. O halda illik orta artım 5,3 faiz təşkil edəcək.

O, büdcə gəlirlərinin artımından danışanda niyə inflyasiyanı nəzərə almır? Səkkiz il ərzində bu göstərici 39 faiz olub. Mən Nikol Paşinyanı debatlara dəvət edirəm ki, sübut edim, 2017-ci ilin büdcəsi gəlirlər və xərclər baxımından 2025-ci ildəkindən daha yüksək idi. Əgər istəmirsə, onda Ermənistanın maliyyə naziri debatlarda iştirak etsin”, - deyə Baqratyan qeyd edib.

O, Paşinyanın debatlara gəlməyəcəyinə əmin olduğunu bildirib, çünki suallarına cavab verə bilməyəcək.

Onun qiymətləndirməsinə görə, Paşinyan hər il “Vətəndaş Müqaviləsi” partiyasının üzvlərinə təxminən 100 milyard dram məbləğində mükafat yazdırır.

“O, ipoteka kreditlərinin faizlərinin ödənilməsi proqramı çərçivəsində daha 70-80 milyard dram tikinti şirkətlərinə ayırır və həmin vəsait onun adamlarının hesablarına oturur”, - deyə Baqratyan əlavə edib.

Onun sözlərinə görə, pensiyaçıların vəziyyəti indi 2017-ci ildəkindən daha pisdir. “Bəzi faydalanan şəxslərin pensiyalarının artırılmasına gəlincə, həmin artım ilin sonunda inflyasiya ilə kompensasiya olunacaq. Üstəlik, hakimiyyət qarşıdakı beş il ərzində pensiyaları artırmayacaq. Bununla yanaşı, elə özləri həmin dövrdə 25 faiz inflyasiya proqnozlaşdırırlar”, - deyə Ermənistanın sabiq baş naziri sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Baqratyan   Paşinyan  


Bizi "telegram"da izləyin