Ordu.az-ın xəbərinə görə, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi — Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən panel müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, Cənubi Qafqaz qlobal təchizat zəncirlərində və enerji təhlükəsizliyində mühüm rol oynamaqda davam edir.
“Cənubi Qafqaz uzun müddət qlobal təchizat zəncirlərində və enerji təhlükəsizliyində mühüm rol oynayıb və biz bu istiqamətdə töhfə verməyə davam edəcəyik”, — deyə o qeyd edib.
H. Hacıyev vurğulayıb ki, son illərdə regionun qavranılması əhəmiyyətli dərəcədə dəyişib.
“Bir neçə il əvvəl region qarşıdurma xətləri və aktiv münaqişə ilə bölünmüşdü. Bu gün isə yerdə real sülh mövcuddur və bunu qəbul etmək, qiymətləndirmək lazımdır”, — deyə o bildirib.
O qeyd edib ki, region yeni reallığın formalaşması mərhələsindədir.
“Bu gün biz Qafqazda sülhün müəyyənləşdirilməsi prosesindəyik və sülh şəraitində yaşamağı öyrənirik”, — deyə H. Hacıyev vurğulayıb.
Onun sözlərinə görə, bu proses zaman və səy tələb edir.
“Bu, sadə səslənə bilər, lakin regionumuz üçün belə deyil. Uzun müddət biz sülh şəraitində yaşamamışıq. İndi isə onu anlamağa, formalaşdırmağa və onun içində yaşamağa başlayırıq”, — deyə o qeyd edib.
H. Hacıyev əlavə edib ki, sülh aktiv fəaliyyət tələb edir.
“Sülh sadəcə müharibənin olmaması deyil. Bu, qurulmalı, inkişaf etdirilməli və qorunub saxlanılmalı olan daha geniş anlayışdır”, — deyə o bildirib.
O vurğulayıb ki, mürəkkəb keçmişə baxmayaraq, region irəliləyir.
“Biz irəli gedirik və gələcəyə yeni perspektivlə baxırıq”, — deyə H. Hacıyev qeyd edib.
Onun sözlərinə görə, bu şəraitdə Azərbaycanın xarici siyasəti də transformasiya olunur.
Ordu.az