"TRIPP əlaqəlilik baxımından strateji əhəmiyyətə malik dəhlizdir" - Hikmət Hacıyev

2026/04/1776440747.jpg
Oxunub: 346     19:09     17 Aprel 2026    
TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) əlaqəlilik baxımından strateji əhəmiyyətə malik dəhlizdir.

Ordu.az-n xəbərinə görə, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi — Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən panel müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan Ermənistan və ABŞ ilə birlikdə regional bağlantının yeni formatı üzərində işləyir.

“Ermənistan və Amerika Birləşmiş Ştatları ilə əməkdaşlıq çərçivəsində biz bağlantı üzrə üçtərəfli təşəbbüs — Mərkəzi Asiyanı, Cənubi Qafqazı və Avropanı birləşdirəcək strateji əhəmiyyətli növbəti dəhliz olacaq TRIPP layihəsi üzərində işləyirik”, — deyə o qeyd edib.

Hacıyev vurğulayıb ki, layihəyə daha geniş coğrafi kontekstdə baxılır.

“Biz buna həmçinin daha geniş ‘dörd dəniz’ konsepsiyasının — Xəzər, Qara, Aralıq və Adriatik dənizlərinin bir hissəsi kimi baxırıq”, — deyə o bildirib.

Onun sözlərinə görə, təşəbbüs inklüziv xarakter daşıyır.

“Bu, inklüziv platformadır. Biz Ermənistanı tranzit ölkə və bu bağlantı şəbəkəsinin mühüm iştirakçısı kimi qiymətləndiririk”, — deyə H. Hacıyev qeyd edib.

O, layihə üzrə mövcud irəliləyiş barədə məlumat verib.

“Artıq irəliləyiş var: Azərbaycanın ərazisindəki hissələrdən biri başa çatmağa yaxındır, 2026-cı ilin sonunadək isə Naxçıvan istiqaməti üzrə işləri tamamlayacağımızı gözləyirik”, — deyə o bildirib.

H. Hacıyev əlavə edib ki, iş beynəlxalq tərəfdaşlarla koordinasiya şəraitində davam edir.

“Biz Avropa tərəfdaşları, ABŞ və Ermənistanla dəhlizin digər hissələri üzrə, o cümlədən ikitərəfli formatda sıx əməkdaşlıq edirik”, — deyə o vurğulayıb.

Onun sözlərinə görə, layihənin həyata keçirilməsi regionun rolunu gücləndirəcək.

“Ümumilikdə bu səylər Cənubi Qafqazın regional və qlobal bağlantının mühüm qovşağı kimi strateji rolunun möhkəmlənməsinə töhfə verəcək”, — deyə H. Hacıyev əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hikmət-Hacıyev   TRIPP  


Bizi "telegram"da izləyin