Ermənistan Azərbaycan ərazisi ilə və birbaşa Azərbaycandan idxal həcmləri barədə məlumat yayıb

2026/04/1775807841.jpg
Oxunub: 386     17:40     17 Aprel 2026    
Ermənistan Dövlət Gəlirləri Komitəsinin Gömrük Xidməti və İqtisadiyyat Nazirliyi 2025-ci ilin noyabrından 2026-cı il aprelin 15-dək Rusiyadan və Qazaxıstandan Azərbaycan ərazisi vasitəsilə Ermənistana nə qədər məhsul idxal edildiyi barədə məlumat yayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Həmçinin Azərbaycandan Gürcüstan ərazisi vasitəsilə Ermənistana idxal göstəriciləri də açıqlanıb.

“Armenpress”in sorğusuna cavab olaraq Dövlət Gəlirləri Komitəsi və Ermənistan İqtisadiyyat Nazirliyindən bildirilib ki, Rusiyadan və Qazaxıstandan Azərbaycan ərazisi vasitəsilə Ermənistana 26 min 295 ton məhsul gətirilib, Azərbaycandan isə 9 min 337 ton yanacaq idxal olunub. Qurumlar vurğulayıblar ki, regional əməkdaşlıq və sülhün bərqərar olmasının nəticələri artıq hiss olunur və iqtisadi inkişaf üçün yeni imkanlar yaradır.

Ermənistan Dövlət Gəlirləri Komitəsinin Gömrük Xidmətinin məlumatına görə, Ermənistan Respublikasına dəmir yolu vasitəsilə Azərbaycan Respublikası ərazisindən tranzit qaydada ilk dəfə məhsullar 2025-ci il noyabrın 6-da daxil olub.

“Rusiyadan və Qazaxıstandan 24 min 865 ton buğda, 1362 ton gübrə, 68 ton qarabaşaq yarması idxal edilib.

Azərbaycandan Ermənistana isə Gürcüstan ərazisi vasitəsilə dəmir yolu ilə 2025-ci ilin dekabr ayından 2026-cı il aprelin 15-dək 9 min 337 ton Azərbaycan mənşəli yanacaq idxal olunub və rəsmiləşdirilib, ümumi gömrük dəyəri 7,2 milyon ABŞ dolları təşkil edib. Bunun 5 min 398 tonu dizel yanacağı olub və gömrük dəyəri 4,3 milyon ABŞ dolları, 3 min 939 tonu isə benzin olub və gömrük dəyəri 2,9 milyon ABŞ dolları təşkil edib”, - deyə qurumlardan bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin