Ordu.az xəbər verir ki, bu barədə “Stratfor” analitik mərkəzi yazıb.
Mərkəz qeyd edib ki, qarşıdurmanın əsas predmeti rus dövlət şirkəti tərəfindən idarə olunan Ermənistan dəmir yollarına nəzarət olaraq qalır.
“Məsələ xüsusilə ABŞ tərəfindən dəstəklənən TRIPP (Zəngəzur dəhlizi-red.) tranzit dəhlizində Ermənistanın iştirak etmək istəyi fonunda daha da kəskinləşib. İrəvan artıq güzəşt hüquqlarının hər iki tərəf üçün qəbul edilən üçüncü ölkəyə verilməsini nəzərdə tutan “dostcasına satınalma” təklifi irəli sürüb. Moskva bu təklifi rədd edib və münaqişənin ikitərəfli münasibətlərə daha geniş yayılması ehtimalı barədə xəbərdarlıq edib.
Rusiyanın geniş təzyiq alətləri arsenalı var: ticarət və gömrük məhdudiyyətləri, qaz qiymətlərinin artırılması, Metsamor Atom Elektrik Stansiyası və Gümrüdəki hərbi baza vasitəsilə təsir rıçaqları, eləcə də pul köçürmələri və Ermənistan vətəndaşlarının Rusiya əmək bazarına girişinə məhdudiyyətlər. Lakin “Stratfor” xəbərdarlıq edir ki, həddindən artıq sərt tədbirlər parlament seçkiləri ərəfəsində Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsini gücləndirə və Moskvanın əngəlləməyə çalışdığı prosesləri sürətləndirə bilər”, - deyə müəlliflər bildiriblər.
“Stratfor” qeyd edib ki, Rusiyanın reaksiyasının miqyası və vaxtı mayın 4-5-də İrəvanda keçiriləcək ilk Aİ-Ermənistan sammitinin nəticələrindən çox asılı olacaq.
“Brüssel enerji, nəqliyyat əlaqələri və siyasi münasibətlər sahələrində nə qədər konkret dəstək göstərsə, Kremlin sərt reaksiyası da bir o qədər ehtimallı olacaq.
Yaxın Şərqdə qeyri-sabitlik yaxın gələcəkdə TRIPP-in həyata keçirilməsini ləngidəcək, çünki Qərb tərəfdaşları Ermənistan-İran sərhədi yaxınlığında investisiyaların məqsədəuyğunluğunu yenidən nəzərdən keçirirlər. Bununla belə, uzunmüddətli perspektivdə regiondakı müharibə paradoksal şəkildə Cənubi Qafqaz və Mərkəzi Asiya üzərindən keçən qeyri-Rusiya dəhlizlərinin strateji əsaslandırılmasını gücləndirə bilər. Əgər İranda münaqişə uzansa və bu, Azərbaycanın İran ərazisi ilə Naxçıvana çıxışını məhdudlaşdırsa, Bakı Ermənistan üzərindən alternativ marşrutlar hazırlamağa məcbur olacaq. Bu isə TRIPP-in həm ticarət, həm də siyasi məntiqini gücləndirəcək”, - deyə mərkəz bildirib.
Alpər Mövludoğlu
Ordu.az