Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, polislər sakinləri həbs etməyə başlayıblar.
Ermənistan KİV-ləri qeyd edir ki, bu gün Samvel Karapetyanın işi üzrə aprelin 15-də yarımçıq qalmış məhkəmə prosesi davam edir.
Məhkəmənin həyətinə Samvel Karapetyanın çoxsaylı tərəfdarları toplaşıblar. Burada həmçinin çoxlu sayda polis qüvvəsi də var. Tərəfdarların böyük bir qrupu isə Arzu parkından yürüş edərək məhkəməyə gəlib.
Ermənistan KİV-ləri xatırladır ki, on ay davam edən istintaqdan sonra aprelin 15-də Samvel Karapetyanın cinayət mənşəli vəsaitlərin leqallaşdırılmasından tutmuş hakimiyyətin ələ keçirilməsinə yönəlmiş açıq çağırışlara qədər bir neçə maddə ilə ittiham olunduğu məhkəmə prosesi başlanıb.
İlk iclas ərəfəsində Karapetyanların vəkilləri məhkəməyə vəsatət təqdim ediblər ki, hakim ilk növbədə Samvel Karapetyanın ev dustaqlığından azad edilməsi məsələsinə baxsın.
Erməni vəkil Aram Vardevanyan bir gün əvvəl bildirib: “Aprelin 21-də “Güclü Ermənistan” partiyası qurultay çağırıb və vacibdir ki, həmin qurultaya qədər Samvel Karapetyanın siyasi prosesdə tam iştirak etmək imkanı olsun. Rəqabət, bərabərlik və seçki prosesinin təminatları baxımından bu, açıq zərurətdir, ümid edirik ki, bu təmin olunacaq və təəssüf edirik ki, bu yük məhkəmə hakimiyyətinin üzərinə düşüb”.
Erməni vəkil xatırladıb ki, Mərkəzi Seçki Komissiyası artıq siyasi qüvvələrin ərizələrini qəbul edir, siyahıları tərtib edir və bu proses aprelin 23-dək davam edəcək.
Aprelin 15-dəki iclas 2 gün təxirə salınmışdı və bu gün davam etdiriləcək.
Alpər Mövludoğlu
Ordu.az