“44 günlük müharibədə məğlubiyyətdə generalları yox, Ermənistanın siyasi rəhbərliyini günahlandırmaq lazımdır” - Ohanyan

2026/02/1770015888.jpg
Oxunub: 525     16:28     17 Aprel 2026    
“44 günlük müharibə zamanı səfərbərliyi və idarəetməni iflasa uğradan, cəbhə xəttinin cənub sahəsinin müdafiəsini təşkil edə bilməyən və bunun nəticəsində qarşı tərəfin Şuşaya çatmasına imkan verən Ermənistanın siyasi rəhbərliyi günahlandırılmalıdır, generallar yox”.

Ordu.az xəbər verir ki, bunu bu gün parlamentin iclasında Ermənistan hökumətinin 2021-2026-cı illəri əhatə edən proqramının 2025-ci il üzrə icrasının gedişi və nəticələrinin müzakirəsi zamanı “Hayatsan” müxalifət fraksiyasının rəhbəri, ölkənin sabiq müdafiə naziri Seyran Ohanyan deyib.

Ohanyan deyib ki, eyni zamanda 44 günlük müharibədən sonra Azərbaycan Silahlı Qüvvələri Zəngəzur və İstisu (Cermuk) ətrafına çıxıb.

“Və yenə də bu, Ermənistanın hərbi-siyasi rəhbərliyinin nümayiş etdirdiyi səhlənkarlığın sayəsində baş verdi”, - deyə o qeyd edib.

Ohanyan deyib ki, Azərbaycan tərəfi müdafiəni məhz hərbi əməliyyatların Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı tərəfindən birbaşa nəzarət və koordinasiya edildiyi ərazidə yarıb keçib, həmin qərarlar isə şəxsən Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən təsdiqlənib.

Sabiq erməni nazir, həmçinin bildirib ki, ilk növbədə döyüşən ordu deyil, dövlətdir və dövlət ordunu zəruri olan hər şeylə təmin etməlidir.

Ohanyan Baş Prokurorluğa sorğu göndərib ki, müharibədən sonra açılmış cinayət işlərindən neçəsinin orduya, neçəsinin isə digər strukturlara aid olduğunu aydınlaşdırsın.

O əmindir ki, Paşinyan baş verənlərdən heç bir nəticə çıxarmayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ohanyan   Ermənistan  


Bizi "telegram"da izləyin