Ermənistanda investisiya imitasiyası: əslində isə xarici borc

2020/03/22532-1585468687.jpg
Oxunub: 475     16:40     20 Aprel 2026    
“Bu məqalədə hökumətin 2021-2026-cı illər fəaliyyət proqramının 2025-ci il üzrə icra gedişi və nəticələri haqqında hesabatda yer alan daha bir diqqətçəkən və eyni zamanda problemli qeydə toxunacağıq. Söhbət hesabatın 8-ci səhifəsində yer alan aşağıdakı ifadədən gedir: “İqtisadi və investisiya planı çərçivəsində 2021-2025-ci illərdə faktiki icra olunan, həmçinin imzalanmış, təsdiqlənmiş və yaxın zamanda başlanacaq proqramların ümumi həcmi təxminən 900 milyon avro təşkil edib”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “İnvestisiya imitasiyası: əslində isə xarici borc” başlıqlı məqaləsində yazıb.

Nəşrə görə, ilk baxışdan bu, ciddi investisiya uğuru kimi qəbul oluna bilər.

“Lakin bir qədər dərinə getsək, mənzərə tamamilə fərqli olacaq. Söhbət Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində formalaşmış “İqtisadi və investisiya planı”ndan gedir. Hələ 2021-ci ildə hökumət Ermənistan üzrə təxminən 2,6 milyard avroluq investisiya həyata keçiriləcəyini bəyan etmişdi. İndi isə həmin hesabata görə, bu məbləğin 900 milyon avrosu artıq ya imzalanmış, ya təsdiqlənmiş, ya da başlanma mərhələsində olan proqram şəklində “hərəkətdədir”. Amma burada mühüm bir incəlik var ki, hesabatda mümkün qədər gizlədilməyə çalışılıb.

Həmin 900 milyon avronun əhəmiyyətli hissəsi əslində investisiya deyil. Söhbət sadəcə Ermənistan hökumətinə verilən kredit vəsaitlərindən gedir. Başqa sözlə, bunlar Ermənistanın Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində cəlb etdiyi və sonradan geri qaytarmalı olduğu xarici maliyyə resurslarıdır. Yəni “investisiya paketi” kimi təqdim olunan şeyin böyük hissəsi dövlət borcudur”, - deyə müəllif qeyd edib.

Nəşr bildirib ki, bu, sadəcə ifadə məsələsi deyil, məzmun məsələsidir.

“Kredit investisiya kimi təqdim ediləndə süni “uğur” təəssüratı yaradılır. Halbuki real investisiya risk faktorlarını üzərinə götürən kapitalı, özəl sektor fəallığını və ölkəyə uzunmüddətli etimadı nəzərdə tutur. Kredit isə əksinə, gec-tez qaytarılmalı olan öhdəlikdir və bunun yükü Ermənistan vətəndaşlarının, “qürurlu” vergiödəyicilərinin üzərinə düşəcək.

Üstəlik, investisiya mühiti barədə danışsaq, burada mənzərə olduqca narahatedicidir. Guya Ermənistanın investorlar üçün cəlbedici istiqamət olaraq qaldığı ilə bağlı rəsmi təminatlara baxmayaraq, əslində müxtəlif beynəlxalq qurumlardan və ekspertlərdən getdikcə daha çox əks qiymətləndirmələr səslənir: yüksək risklər, proqnozlaşdırılması çətin mühit, zəif institutlar, hakim qüvvənin özbaşınalığı.

İnvestor ilk növbədə sabitlik, proqnozlaşdırıla bilənlik, hüquqların qorunması və oyunun aydın qaydalarını axtarır. Lakin Ermənistanda mülkiyyət hüququnun qorunması ilə bağlı problemlər, siyasi və ya özbaşına müdaxilələr, qərarların şəffaf olmaması bu etimadı ciddi şəkildə sarsıdıb”, - deyə məqalədə qeyd edilib.

Müəllif yazıb ki, Ermənistanda investisiya mühitinin keyfiyyətindən danışarkən son illərdə baş vermiş bir sıra səs-küylü hadisələri xatırlatmamaq mümkün deyil.

“Bunlar investorlar arasında əlavə şübhələr yaradıb. Məsələn, “Ermənistan Elektrik Şəbəkələri” ətrafında gedən proseslər yüksək siyasi gərginlik və ictimai ziddiyyətli qiymətləndirmələrlə müşayiət olunurdu ki, bu da özəl mülkiyyət ətrafında nə qədər tez qeyri-sabit vəziyyət yarana biləcəyini göstərir.

Eyni şəkildə, ANİF fondunun fəaliyyəti ətrafında yaranmış suallar və kifayət qədər olmayan şəffaflıq dövlət-özəl əməkdaşlığına inamı sarsıtdı. “Zəngəzur Mis-Molibden Kombinatı”nın beynəlxalq arbitraja müraciət etməsi faktını da nəzərdən qaçırmaq olmaz. Bu nümunələr elə bir mühit formalaşdırır ki, investor yalnız iqtisadi gəlirliliyi deyil, həm də Ermənistanda hələ də yüksək olaraq qalan siyasi riskləri hesablayır.

Ümumi mənzərə birmənalıdır: dövlətin ən vacib sənədində borc investisiya kimi təqdim olunursa, real nəticələr isə öz proqram hədəfləri ilə müqayisə edilmirsə, bu artıq sadəcə səhv deyil, bu, şüurlu manipulyasiyadır. Bu, hesabat deyil, “yaxşı rəqəmlər” dili ilə yazılmış siyasi mətndir.

Reallığı nə qədər qablaşdırmağa çalışsalar da, aydındır ki, söhbət nailiyyətlərdən yox, uğursuz idarəetmədən, əldən verilmiş imkanlardan və növbəti reallaşmamış vədlərdən gedir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İnvestisiya   Borc  


Bizi "telegram"da izləyin