Ermənistanda hər bir sakinin üzərinə 2500 dollar borc qoyublar: 8 ilin ağır borc “mirası”

2026/04/1776331402.jpg
Oxunub: 411     10:31     18 Aprel 2026    
“Hakimiyyətdə olduğu 8 il ərzində Nikol Paşinyan və onun partiyası Ermənistanın hər bir vətəndaşının üzərinə 2,5 min dollar borc qoyub. Bu, həmin dövrdə dövlət borcu şəklində vətəndaşların üzərinə əlavə olunan məbləğdir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Hər bir sakinin üzərinə 2500 dollar borc qoyublar: 8 ilin ağır borc “mirası” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edib ki, əgər “Vətəndaş Müqaviləsi” partiyasının hakimiyyətə gəlməsinə qədər hər bir vətəndaşa düşən dövlət borcu hətta 2,2 min dollardan da az idisə, indi 4,7 min dollara qədər çatıb - 2,5 min dollar artıb.

“Çoxlarına elə gələ bilər ki, bu borcun onunla əlaqəsi yoxdur, o bu borcu götürməyib və bunu o ödəməyəcək. Amma belə deyil. Bu borcların vətəndaşın cibinə birbaşa aidiyyəti var. Həmin pullar vətəndaşın cibindən və vətəndaşın hesabına ödəniləcək. Vətəndaşın ağzından kəsəcəklər ki, borclar qaytarılsın.

Bu gün artıq vətəndaş həmin borcların əvəzini öz cibindən ödəyir, baxmayaraq ki, bir çox hallarda bundan xəbəri yoxdur. Həmin borclar vətəndaşın vergi və rüsum şəklində dövlət büdcəsinə ödədiyi vəsaitlər hesabına bağlanır. Bunlar vətəndaşların pullarıdır ki, müxtəlif proqramlar vasitəsilə iqtisadiyyata qayıtmalı, iqtisadi layihələrin həyata keçirilməsinə xidmət etməli, vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasına kömək etməli idi, amma hökumətin götürdüyü kreditləri bağlamağa gedir. Bu il artıq hökumət borcunun yalnız faizlərini ödəmək üçün vətəndaş öz cibindən 1,1 milyard dollardan çox ödəməyə məcbur olacaq.

Bu, vətəndaşın cibindən çıxan vətəndaş puludur və səbəb odur ki, hakimiyyətin ürəyi çox pul istəyir. Amma həmin pul olmadığı üçün gedib başqalarından borc götürüblər və bu gün vətəndaş hətta həmin pullarla nə etdiklərini bilmədən onu öz cibindən qaytarmağa məcburdur”, - deyə müəllif bildirib.

Nəşr qeyd edib ki, əvvəllər də borclar olub, bütün hakimiyyətlər bu və ya digər ölçüdə borc götürüblər, amma həmin borclar ölçülü olub.

“Buna görə də əvvəllər vətəndaş borcların xidmətinə indi ödədiyindən üç dəfə az pul ödəyirdi. Son illərdə borca xidmət yükü vətəndaşın üzərinə üç dəfə ağırlaşıb. 8 ildə Nikol Paşinyanın elan etdiyi “qürurlu” vətəndaşın borcu əvvəlki təxminən 28 ilin dövründəkindən müqayisə olunmayacaq dərəcədə çox artıb.

Ölkəni borcla saxlayıblar və saxlayırlar deyəndə məhz bunu nəzərdə tuturlar. Hər bir vətəndaşın hesabına 2,5 min dollar borc yığıblar. Həmin borclar hesabına elə xərclər ediblər ki, çox vaxt onları vətəndaşa edilən yaxşılıq kimi təqdim etməyə çalışırlar. Asfalt çəkiblər, su xətti tikiblər, işıqlandırma aparıblar, vətəndaşın cibindəki borcları artırmaq hesabına ediblər. Edilənlərin nə qədər dayandığını isə artıq görürük”, - deyə məqalədə vurğulanıb.

Nəşr yazıb ki, yaxın vaxtlara qədər asfaltla fəxr edirdilər, qar gəlib, onu da yuyub aparıb.

“Keyfiyyətsiz asfaltın nəticələrini sonradan aradan qaldırmaları, yenə də təkrar-təkrar asfalt çəkmələri də xalqın cibinin pulları və ya borcları artırılmaqla edilir.

Səkkiz ildə 8 milyard dollardan çox borc götürüblər. Etdikləri də bəzən bir neçə ay dayanmayan asfalt olub. Heç olmasa həmin pulları istehsalın inkişafına, iqtisadiyyatın imkan və güclərinin artırılmasına yönəltsəydilər, yenə bir şey idi. Amma həmin milyardların nəticələri iqtisadiyyatda heç yerdə görünmür. Buna əmin olmaq üçün iqtisadiyyatın strukturunu açmaq kifayətdir.

Deyirlər ki, iri məbləğlər çərçivəsində biznesə texniki dəstək göstərmişik. Təsərrüfat subyektləri yeni texnika, avadanlıq alıblar, texnoloji yenilənmə aparıblar ki, istehsal proseslərini genişləndirsinlər, gücləri artırsınlar, məhsuldarlığı yüksəltsinlər. Amma bu, heç cür iqtisadiyyatda görünmür. İqtisadiyyatın strukturunda keyfiyyət dəyişiklikləri yoxdur. İqtisadiyyatın strukturu bundan heç nə ilə yaxşılaşmayıb, əksinə daha da pisləşib”, - deyə müəllif yazıb.

Nəşr bildirib ki, əgər bir vaxtlar ÜDM-də lider emal sənayesi və kənd təsərrüfatı idisə, indi topdansatış və pərakəndə ticarətdir.

“Emal sənayesinin və kənd təsərrüfatının payı azalıb, əvəzində ticarətin payı artıb. Tikintinin, maliyyə sektorunun, qumar biznesinin payı da artıb, amma iqtisadiyyatın əsas sütunu olan istehsal sahəsinin yox.

Real iqtisadiyyat geri çəkilib, təsadüfi amillərə əsaslanan sahələr önə çıxıb. Burada da suallar yaranır ki, borc şəklində götürülən həmin nəhəng məbləğlərlə nə ediblər ki, iqtisadiyyatın real sektoru bundan böyük hesabla heç nə qazanmayıb. Heç olmasa yeni istehsallar yaratsaydılar, mövcud olanları genişləndirsəydilər, bunu da etməyiblər. Kim xatırlaya bilər ki, son 8 ildə Ermənistanda neçə yeni istehsal açılıb və ya neçə yeni zavod tikilib istifadəyə verilib, neçə yeni məhsul buraxılıb. Əgər olubsa belə, onları barmaqla saymaq olar. Amma söhbət 8 ildən gedir. Və həmin 8 ildə 8 milyard dollardan çox borc artırıblar.

Pulları inkişaf proqramları həyata keçirmədən xərcləyiblər. Əgər real sektorun iqtisadiyyatda rolu getdikcə azalırsa, borclar isə artırsa, sabah bu borclar necə bağlanacaq?

Düşünürlər ki, yalnız asfalt çəkmək və yol tikmək kifayətdir ki, investisiya gəlsin, iqtisadi layihələr həyata keçirilsin, inkişaf olsun. Səkkiz ildə anlamadılar ki, yalnız asfalt çəkməklə və yarımçıq infrastruktur yaratmaqla iqtisadiyyat inkişaf etməz.

Təəccüblü deyil ki, bu qədər il hakimiyyətdə olduqları halda özləri etiraf edirlər ki, eyni sinifdə qalıblar, heç nə öyrənməyiblər. Buna görə də borclar artır, iqtisadiyyat isə bundan fayda görmür. Ola bilsin onlar qazanırlar, ciblərinin içi dolur, amma vətəndaşa bundan nə xeyir var? Vətəndaşın cibinin yalnız borc yükü və borca xidmət ağırlığı artır, bu, artıq milyardlarla ölçülür”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Borc  


Bizi "telegram"da izləyin