Rus KİV-i: Sazişin bir hissəsi: Ermənistanın ÜDM-i Rusiya sayəsində 3 milyard dollar artıb

2026/04/1775489688.jpg
Oxunub: 549     10:57     18 Aprel 2026    
2022-ci ildə Moskvaya qarşı Qərb sanksiyalarının tətbiqindən sonra Ermənistan ÜDM şəklində təxminən 3 milyard dollar əldə edib.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın “İz.ru” nəşri “Sazişin bir hissəsi: Ermənistanın ÜDM-i Rusiya sayəsində 3 milyard dollar artıb” başlıqlı məqaləsində yazıb.

“Əgər vəziyyətə ÜDM dinamikası vasitəsilə baxsaq, onda 2022-2025-ci illərdə Ermənistan iqtisadiyyatı maksimal ÜDM əldə edib, bu, trenddən təxminən 14% çoxdur. Pul ifadəsində bu, təxminən 3,5-3,7 milyard dollar əlavə ÜDM-ə uyğundur”, - deyə “Atomic Capital” şirkətinin icraçı direktoru Aleksandr Zaytsev qeyd edib.

Nəşr yazıb ki, bu işdə yenidən ixrac və paralel idxal əsas rol oynayıb.

“Sadə desək, Rusiya biznesləri erməni tərəfdaşlardan başqa ölkələrdən birbaşa ala bilmədikləri malları satın alıblar. Relokasiya və Rusiya investisiyalarının artması da Ermənistan iqtisadiyyatına ciddi töhfə verib. Köçən rusiyalılar arasında Ermənistanda öz bizneslərini açmağa qərar verən sahibkarlar da olub”, - deyə müəllif bildirib.

Rusiya iqtisadi inkişaf naziri Maksim Reşetnikovun sözlərinə görə, 2024-cü ilin sonunda Rusiya investisiyalarının Ermənistan iqtisadiyyatına axını 4 milyard dollar təşkil edib.

“Ölkədə iri Rusiya müəssisələri yalnız iş yerlərinin sayını artırmayıb, həm də iri vergiödəyicilərinə çevriliblər. Ermənistanın sürətli iqtisadi artımının bir hissəsi, əlbəttə, daxili hərəkətverici qüvvələrlə, pandemiyadan sonrakı bərpa, xidmət sektorunun artımı və ölkənin fiskal siyasəti ilə də bağlı olub.

Nəticədə Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 2022-ci ildən etibarən təxminən 5 dəfə artaraq 2024-cü ildə 11,7 milyard dollara çatıb. Halbuki sanksiyalardan əvvəl bu göstərici cəmi 2,6 milyard dollar idi. Bununla belə, 2025-ci ilin sonunda qarşılıqlı ticarət həcmi ciddi şəkildə azalaraq 6,4 milyard dollara düşüb və bu da ölkənin Avropa İttifaqı ilə “flört” etməsi səbəbindən baş verib.

İrəvan və Brüssel arasında əməkdaşlıq həmişə olub, lakin hər şey 2024-cü ilin martında dəyişib. Həmin vaxt Avropa Parlamenti Ermənistanın Aİ namizəd statusunun müzakirə olunmasını təklif edən qətnamə qəbul edib. Bir il sonra ölkə parlamenti avrointeqrasiya prosesinin başlanması haqqında qanun qəbul edib. Bu ilin mayında isə Ermənistan-Aİ ilk birgə zirvə görüşü gözlənilir. Ermənistan Aİ-yə yaxınlaşır və İrəvan rəsmiləri getdikcə iki əsas blokdan, Avrasiya İqtisadi Birliyindən və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından ölkənin mümkün çıxışı barədə daha çox danışırlar”, - deyə nəşr vurğulayıb.

Məqalə müəllifinin sözlərinə görə, İrəvanın başqa bir Avrasiya blokunda, MDB-də iştirakı da problemli sayılır.

“Ermənistan hələlik iştirakını istisna etmək, dondurmaq və ya azaltmaq niyyətini bildirməyib. Bunu “İz.ru”ya MDB baş katibi Sergey Lebedev deyib. MDB üzvlüyü üzv ölkələr, o cümlədən Ermənistan üçün bir sıra praktiki üstünlüklərə malikdir. Bunlara vizasız səyahət, işə qəbulun sadələşdirilmiş prosedurları və orta, ali təhsil diplomlarının qarşılıqlı tanınması daxildir”, - deyə nəşr qeyd edib.

“Rusiyada 2 milyondan çox erməni yaşayır və MDB üzvlüyünün qorunması İrəvana ciddi öhdəliklər götürmədən bir sıra üstünlüklərdən yararlanmağa imkan verir”, - deyə “İz.ru”ya müsahibəsində Rusiya Federasiyası hökuməti yanında Maliyyə Universitetinin professoru Nadejda Kapustina bildirib.

O qeyd edib ki, MDB üzv dövlətlərində böyük diasporu olan ölkə üçün belə mexanizmlər yalnız abstrakt deyil, həm də yüz minlərlə insanın gündəlik həyatına çox real təsir göstərir.

“Hazırda Ermənistan hakimiyyəti MDB-dən çıxmaq məsələsini müzakirə etmir”, - deyə Strateji Araşdırmalar və Təşəbbüslər Analitik Mərkəzinin (ACSIS) rəhbəri Hayk Xalatyan qeyd edib.

Nəşr yazıb ki, lakin nəzəri olaraq İrəvan rəsmi şəkildə Avrasiya İqtisadi Birliyindən və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq qərarı versə, onda MDB məsələsi də bu və ya digər şəkildə qaldırılacaq.

“Necə ki, vaxtilə Gürcüstan, Ukrayna və Moldova məsələsində olmuşdu. Hələ də aydın deyil ki, Aİ Ermənistanın bütün itkilərini kompensasiya edəcəkmi? Bu gün nisbətən yeni üzvlərdən bir neçəsi çətin günlər yaşayır. 2007-ci ildə Aİ-yə qoşulan Bolqarıstan və Rumıniya yüksək inflyasiya səbəbindən bu günə qədər avrozonaya qoşula bilməyiblər. Aİ-nin Rusiya neftindən və qazından imtina etməsi səbəbindən Macarıstan və Slovakiyanın enerji təhlükəsizliyi üçün ciddi təhdid yaranıb.

Hətta təsisçi üzvlər də ciddi problemlərlə üzləşirlər. Məsələn, Almaniya yanacaq böhranı və durğunluq yaşayır. Bundan əlavə, Aİ üzvlüyünə namizədlər arasında iqtisadi baxımdan daha cəlbedici ölkələr də var. Məsələn, Serbiya. Buna baxmayaraq, Brüssel Belqradı qəbul etməyə tələsmir. Danışıqlar hələ 2014-cü ildən aparılır”, - deyə müəllif yazıb.

“İz.ru”ya açıqlamasında Dövlət Dumasının MDB məsələləri üzrə komitəsinin sədri Leonid Kalaşnikov deyib: “Ermənistan, çox güman ki, Avrasiya İqtisadi Birliyindən çıxmaq qərarı verməyəcək, çünki əks halda Ermənistan iqtisadiyyatı ciddi itkilərə məruz qalacaq”.

Onun sözlərinə görə, çıxışdan ilk zərəri erməni sahibkarlar çəkəcəklər.

“İrəvan üçün Avrasiya İqtisadi Birliyi əmək bazarıdır, pul köçürmələri mənbəyidir, mədəni və ailə bağlarıdır”, - deyə “Poliloq” məsləhət qrupunun layihə rəhbəri və siyasi məsləhətçi Ruslan Andreyev izah edib. O əlavə edib ki, Aİ ilə inteqrasiya hazırda praktiki olaraq mümkün deyil və çoxsaylı problemlər yaradacaq.

“Ermənistan mürəkkəb logistikaya malik ölkə olaraq qalır, Gürcüstandan keçən dəhlizdən və Avropaya malların daşınmasının yüksək xərclərindən asılıdır. Buna görə də hətta Aİ-yə yaxınlaşmaq barədə siyasi qərar iqtisadi axınların sürətlə yenidən istiqamətləndirilməsinə imkan verməyəcək, daha da önəmlisi, Avrasiya İqtisadi Birliyi bazarının imkanlarını kompensasiya etməyəcək”, - deyə o izah edib.

Buna görə ekspert nəticə çıxarıb ki, Ermənistanın Aİ-yə üzvlüyü yaxın və orta müddətli perspektivdə mümkün deyil.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin