“Past”: Paşinyan ədliyyə sisteminə qarşı yeni sui-qəsd hazırlayır

2026/04/1776412340.jpg
Oxunub: 638     21:19     17 Aprel 2026    
“Nikol Paşinyan ötən gün bəyan edib ki, Ermənistanda məhkəmə, ədliyyə və ədalət sistemləri əsasən hakimiyyətin ali mənbəyi olan xalqla üzvi əlaqəyə malik deyil”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Paşinyan ədliyyə sisteminə qarşı yeni sui-qəsd hazırlayır” başlıqlı məqaləsində yazıb.

“Onun sözlərinə görə, “2018-ci il inqilabından sonra Ermənistan hökuməti və siyasi çoxluğun ünvanına yönələn ən böyük tənqid ondan ibarətdir ki, onlar ədalət gözləntisini inqilabın gündəmlərindən biri kimi irəli sürsələr də, hələ də Ermənistanda ədalət sahəsində yaxşı və ya qənaətbəxş qiymətləndiriləcək uğurlara nail ola bilməyiblər”.

Paşinyan bildirib: “Bugünkü sistem şəraitində biz heç vaxt ədalət və ədliyyə hissinə sahib olmayacağıq, çünki mən tərəfdaşlarımıza demişəm ki, Ermənistanda məhkəmə, ədliyyə və ədalət sistemləri əsasən hakimiyyətin ali mənbəyi olan xalqla üzvi əlaqəyə malik deyil. Və bu, yaxın vaxtlarda yeni Konstitusiya qəbul etməklə həll etməli olduğumuz ən vacib problemlərdən biridir. Çünki Ermənistanda ədliyyə və ədalət əsasən elə institutlar tərəfindən idarə olunur ki, onlar adalaşıb, təcrid olunub, xalqla üzvi əlaqələri yoxdur, hakimiyyətin ali daşıyıcısı olan xalq qarşısında kifayət qədər hesabatlılıq və məsuliyyət səviyyəsinə malik deyillər”.

2018-ci ildə hakimiyyət dəyişikliyindən sonra Paşinyan nəyin bahasına olursa-olsun ədliyyə sistemini təhrif etmək, onu öz kuklasına çevirmək istəyib ki, məhkəmələr onun bütün göstərişlərini yerinə yetirsin”, - deyə nəşr qeyd edib.

Müəllifin sözlərinə görə, böyük mənada bu cəhd qismən uğurlu olub, çünki bir çox müstəqil hakimlər sadəcə uzaqlaşdırılıb, Konstitusiya Məhkəməsi artıq üsyan və müqavimət ocaqlarının olmadığı kukla quruma çevrilib, lakin məhkəmə sistemində hələ də hakimiyyətin tələblərini yerinə yetirməkdən imtina edən hakimlər var.

“Paşinyanın parlamentdə etdiyi bəyanatdan belə nəticə çıxarmaq olar ki, yeni Konstitusiyada elə dəyişikliklər hazırlanır ki, ümumiyyətlə ədliyyə sistemi hakimiyyətin itaətkar icraçısına çevrilsin, üsyankar hakimləri isə icra hakimiyyəti rəhbərinin bir kaprizi ilə uzaqlaşdırmaq mümkün olsun. Məhz bu məsələ ilk növbədə həm erməni cəmiyyətini və müxalifəti, həm də Paşinyanın beynəlxalq tərəfdaşlarını narahat etməlidir”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin