Ordu.az xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan yazıb.
“Ötən gün Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi Türkiyənin Aİ-yə üzvlüyü ilə bağlı növbəti hesabatı təsdiqlədi. Həmin sənəd yekun formada Avropa Parlamentinin yaxın iclaslarından birində qəbul ediləcək.
Ermənistanın maraqları baxımından həmin hesabatdan nə bilmək lazımdır?
Birinci. Əvvəlki, “Serjin illəri”ndən fərqli olaraq, bu dəfə də Ermənistanla münasibətlərin normallaşdırılması zərurəti, Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı hər hansı işarə və ya ikitərəfli münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş Avropa narahatlığı və tələbi həmin hesabatda yoxdur.
İkinci. Əvvəlki, “Serjin illəri”ndən fərqli olaraq, Türkiyəyə yönəlmiş “soyqırımı”nı (qondarma-red.) tanımaq tələbi də yoxdur.
Üçüncü. Bununla belə, Avropa İttifaqının narahatlığı Kipr problemi ilə bağlı Türkiyə siyasəti məsələsində, eləcə də Türkiyə-Yunanıstan münasibətlərinin normallaşdırılması istiqamətində qalır.
Dördüncü. Türkiyənin Avropa İttifaqının ümumi xarici və müdafiə siyasətinə uyğunluğu tarixi minimuma enib: cəmi 4 faiz.
Xatırladıram ki, Ermənistanın indiki hakimiyyəti dövründə bu uyğunluq 30 faizdən çoxdur. Bu isə o deməkdir ki, Türkiyə yalnız öz maraqlarından çıxış edən xarici və müdafiə siyasəti aparıb və aparmaqda davam edəcək”, - deyə o qeyd edib.
Aşotyan bildirib ki, belə şəraitdə Ermənistan-Türkiyə münasibətlərinin normallaşması perspektivi yalnız Türkiyənin marağından asılı olacaq.
Alpər Mövludoğlu
Ordu.az