Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Avantüra”nın” ən ağır nəticələri: Biz belə “gələcək” təsəvvür edirik?” başlıqlı məqaləsində yazıb.
Nəşrə görə, üstəlik bunu faktlarla əsaslandırırlar.
“Paşinyanın özü də çox yaxşı anlayır ki, “iki stulda oturmaq” mümkün deyil. Lakin o, inadla avantürist “xəttini” davam etdirir. Bu xətt kimə desən sərf edir, yalnız Ermənistana və erməni xalqına yox.
Mayın 4-5-də İrəvanda Avropa Siyasi Birliyinin sammiti və Ermənistan-Avropa İttifaqı zirvə görüşü planlaşdırılıb. Həmin gün İrəvanın mərkəzi bağlanacaq, hətta əlavə “istirahət günü” də elan olunub. Lakin bu, həmin hadisənin uzunmüddətli nəticələri ilə müqayisədə əhəmiyyətsiz təfərrüatdır.
Paşinyanın əldə etməyi gözlədiyi seçkiqabağı dividendlər həmin nəticələrin fonunda solğun görünür, xüsusilə nəzərə alaq ki, bu, Ermənistanın sürətlə Rusiya və Avrasiya İqtisadi Birliyi ilə əlaqələri qırmaq istiqamətində hərəkət etdiyinə dair son dərəcə konkret siqnal olacaq”, - deyə nəşr bildirib.
Müəllif yazıb ki, Ermənistan bundan qətiyyən heç nə qazanmayacaq.
“Müasir Avropa İttifaqını ümumiyyətlə Ermənistanın, ölkə iqtisadiyyatının və xalqının taleyinin necə olacağı maraqlandırmır. Onlar üçün əsas məsələ Rusiyanın zərər görməsidir. Yəni əgər bu bir “oyun”dursa, o zaman aydındır ki, bu bizim oyunumuz deyil. Bəs mayın 4-5-də İrəvana kimlər gələcək? Rusiya-Ukrayna müharibəsinə benzin tökən Avropa ölkələrinin nümayəndələri. Öz maliyyələri ilə, amma Ukraynanın hesabına...
Həmin Avropa ölkələri qrupu “İstəklilər koalisiyası” adını alıb və Fransa, Almaniya, Polşa, Baltik ölkələri, Skandinaviya dövlətlərini əhatə edir. Onlar faktiki olaraq Rusiyaya qarşı müharibəyə himayədarlıq edirlər.
Və həmin ölkələrin rəhbərləri və nümayəndələri Ermənistana gəlirlər ki, Paşinyanla nəyisə müzakirə etsinlər?..
Xüsusilə də mövcud geosiyasi vəziyyətdə, Ermənistan-Rusiya münasibətlərinin korlanması, Rusiya-Ukrayna münaqişəsi, ABŞ-İran müharibəsi fonunda qeyd olunan “Avropa tədbiri” qonşularımıza, İrana, Gürcüstana və ənənəvi tərəfdaşlara, ilk növbədə Rusiyaya problemli “mesaj”dır”, - deyə müəllif yazıb.
Nəşrə görə, aydındır ki, Paşinyan seçki kampaniyasına “emosional” başlanğıc vermək istəyir.
“Lakin bunun hansı xarici siyasət problemləri yaradacağı onu və “Vətəndaş Müqaviləsi”ni maraqlandırmır.
Aydındır ki, Rusiya, xüsusilə indiki vəziyyətdə, müvafiq reaksiya göstərəcək. Üstəlik çox mümkündür ki, Rusiya reaksiyası ilk növbədə ticarət-iqtisadi sahədə olacaq. Rusiya bazarı vasitəsilə çalışan təsərrüfat subyektləri və onların minlərlə işçisi nə edəcək? Bu da Paşinyanı və “Vətəndaş Müqaviləsi”ni maraqlandırmır. Onlar Ermənistanın təhlükəsizlik təminatçısı kimi Azərbaycanı və Türkiyəni görürlər. Bu isə o deməkdir ki, hakimiyyətdə qalacaqları təqdirdə Rusiya ilə, həmçinin İranla ticarət-iqtisadi və siyasi münasibətləri qıracaqlar.
Bunun hansı ən ağır, fəlakətli nəticələrə gətirib çıxaracağını müstəqil şəkildə dəyərləndirmək çətin deyil. Xüsusilə, “Avropa qiyməti” ilə qaz alacağıq ki, bunun nəticəsində ölkəmizdə demək olar hər şey bahalaşacaq, Ermənistan məhsullarının Avrasiya İqtisadi Birliyi və xüsusilə Rusiya bazarında satışı ilə bağlı ciddi çətinliklər yaranacaq və bunun müvafiq nəticələri olacaq (müəssisələrin fəaliyyətinin azalması və ya bağlanması, iş yerlərinin ixtisarı, yoxsulluğun dərinləşməsi və s.). Kənd təsərrüfatı olduqca ağır vəziyyətə düşəcək. Viza rejiminin tətbiqi də mümkündür ki, bu da xüsusilə xaricə işləməyə gedənlər üçün ciddi çətinliklər demək olacaq. Bu isə ölkədə uyğun həcmdə iş yerlərinin olmadığı şəraitdə baş verəcək. Ermənistana daxil olan pul köçürmələri əhəmiyyətli dərəcədə azalacaq. Hava daşımalarına qadağa da mümkündür və bu artıq Avropa İttifaqının tələbi olacaq. Bunlar yalnız ehtimal olunan nəticələrin kiçik bir hissəsidir və inanmaq çətindir ki, bir erməni özü və övladı üçün məhz belə bir “gələcək” təsəvvür edir...”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az