Ordu.az xəbər verir ki, bunu Tehranda cümə xütbəsi zamanı şəhərin müvəqqəti imamcüməsi Höccətülislam Məhəmməd Cavad Hac Əli Əkbəri danışıb.
Din xadimi qeyd edib ki, düşmənlər müharibəni İranın sərhədləri daxilində məhdudlaşdırmağa çalışdığı halda, İran müharibəni regiona yayaraq onu regional qarşıdurmaya çevirdi.
Hac Əli Əkbəri bildirib ki, düşmənlər İranla Hörmüz boğazının yenidən açılması üzrə danışıqlar apardığı bir vaxtda, İran Yəmənin “Ənsarullah” hərəkatı ilə əməkdaşlıq çərçivəsində Bab əl-Məndəb boğazının bağlanması planlarını hazırlayırdı.
O eyni zamanda, İsrailin Livana hərbi hücumlarını pisləyib və xəbərdar edib ki düşmən hücumlarını davam etdirərsə, İran Silahlı Qüvvələrinin güclü zərbələri ilə qarşılaşacaq.
Bab əl-Məndəb boğazı Qırmızı dənizi Hind okeanına (Ədən körfəzi vasitəsilə) birləşdirən strateji dəniz keçididir və Afrika ilə Ərəbistan yarımadası arasında yerləşir. Boğaz dünya dəniz ticarəti üçün kritik əhəmiyyət daşıyır, çünki Süveyş kanalı ilə birlikdə Avropa–Asiya marşrutu üzrə gəmiçiliyin əsas tranzit nöqtələrindən biridir. Buradan neft və digər yüklərin böyük hissəsi keçdiyi üçün istənilən məhdudiyyət və ya bağlanma qlobal enerji təchizatı və logistika zəncirlərinə birbaşa təsir göstərə bilər.
Ordu.az