THY rəhbərliyində vəzifə dəyişikliyi baş verib

2026/04/1775823799.jpg
Oxunub: 419     16:18     10 Aprel 2026    
“Türk Hava Yolları”nın (THY) İdarə Heyəti və İcra Komitəsinin sədrliyinə professor doktor Ahmet Bolatın yerinə professor doktor Murat Şeker, THY Baş direktorluğuna isə Bilal Ekşinin yerinə Ahmet Olmuştur təyin edilib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

THY-nin Kommunikasiya İdarəsinin yaydığı açıqlamaya görə, şirkətin korporativ hədəfləri doğrultusunda həyata keçirilən təyinatlarla idarə heyəti və baş direktor vəzifələrinə yeni şəxslər gətirilib.

Şirkət daxilində uzun illərdir maliyyə, xəzinədarlıq və investorlarla əlaqələr kimi kritik sahələrdə rəhbər vəzifələrdə çalışan professor doktor Murat Şeker “Türk Hava Yolları”nın İdarə Heyəti və İcra Komitəsinin sədri təyin edilib.

Həyata keçirilən bu rəhbərlik dəyişikliyi çərçivəsində Ahmet Olmuştur “Türk Hava Yolları”nın Baş direktoru (CEO) vəzifəsinə gətirilib.

THY İdarə Heyəti və İcra Komitəsinin sədri professor doktor Murat Şeker

Professor doktor Murat Şeker 2000-ci ildə Mərmərə Universitetinin Sənaye mühəndisliyi fakültəsini bitirib, Sabancı Universitetində İqtisadiyyat üzrə magistr dərəcəsi və Minnesota Universitetində iqtisadiyyat sahəsində doktorluq dərəcəsi alıb.

Karyerasını beynəlxalq müstəvidə mühüm vəzifələrlə davam etdirən professor doktor Şeker 2008-2013-cü illərdə Dünya Bankında iqtisadçı kimi çalışıb, inkişaf etməkdə olan ölkələrdə innovasiya, sahibkarlıq, beynəlxalq ticarət və inkişaf sahələrində bir çox layihələrdə iştirak edib, siyasət hesabatları və akademik araşdırmalar aparıb.

2013-2016-cı illərdə Ziraat Bankında Maliyyə qurumları və investorlarla əlaqələr şöbəsinin müdiri kimi fəaliyyət göstərən professor doktor Şeker bankın beynəlxalq maliyyələşdirmə fəaliyyətlərinə rəhbərlik edib, eyni dövrdə “Ziraat Yatırım”, “Ziraat Hayat ve Emeklilik” və “Ziraat Sigorta”da idarə heyəti üzvlüyü edib.

2016-cı ilin iyul ayında THY Baş direktorunun müavini təyin olunan professor doktor Şeker maliyyələşdirmə, xəzinədarlıq əməliyyatları, mühasibatlıq, satınalma və investorlarla əlaqələr kimi kritik sahələrin idarə olunmasını öz üzərinə götürüb. 2021-ci ilin mart ayından etibarən THY İdarə Heyəti və İcra Komitəsinin üzvü vəzifələrini də icra edən professor doktor Şeker eyni zamanda “Türk Hava Yolları Teknik A.Ş.” və “SunExpress”də İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərir.

Professor doktor Şeker 2024-cü ildən etibarən Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) tərəfindən yaradılan Maliyyə Məsləhət Şurasının üzvüdür və 2025-ci ildən bu yana ona sədrlik edir. Akademik sahədə də fəal fəaliyyət göstərən Şeker 2015-2018-ci illərdə Boğaziçi Universitetində yarımştat müəllim kimi çalışıb və 2025-ci ilin dekabr ayından etibarən professor adını alıb.

Professor doktor Şeker evlidir və üç uşaq atasıdır.

THY Baş direktoru Ahmet Olmuştur

THY Baş direktoru vəzifəsinə təyin edilən Ahmet Olmuştur 1980-ci ildə İstanbulda anadan olub.

Ali təhsilini Mərmərə Universitetinin Biznesin idarə edilməsi fakültəsində başa vuran Olmuşdur, Biznesin idarə edilməsi (MBA) üzrə magistr dərəcəsini “Long Island University” (Nyu-York), “European Business School” (London) və “Pôle Universitaire Léonard de Vinci” (Paris) tərəfindən birgə həyata keçirilən beynəlxalq proqram çərçivəsində alıb.

Olmuşturun karyera yolu 2000-ci ildə THY Çağrı mərkəzində yarımştat işlə başlayıb. Qurumun ən əsas təmas nöqtələrindən birində qazandığı sahə təcrübəsini illər ərzində daşıdığı vəzifələrlə möhkəmləndirən Olmuştur THY-nin ən yüksək idarəetmə mövqeyinə yüksələn nümunəvi uğur hekayəsinə imza atıb.

THY-də Gəlirlərin idarə edilməsi idarəsi daxilində Uçuş analitiki kimi çalışdıqdan sonra, Ümumi Dağıtım Sistemləri müdiri, Gəlirlərin idarə edilməsi və qiymət siyasəti müdiri və Gəlirlərin idarə edilməsi rəhbəri kimi kritik vəzifələr tutan Olmuştur 2014-cü ildən etibarən Marketinq və satış üzrə məsul Baş direktor müavini kimi fəaliyyət göstərib.

Olmuştur 2024-cü ildən bu yana Baş direktor müavini kimi şirkətin kommersiya fəaliyyətlərinə rəhbərlik edib.

Karyerası boyunca uçuş şəbəkəsinin planlaşdırılması, gəlirlərin idarə edilməsi və qiymət siyasəti strategiyaları, satış və marketinq fəaliyyəti, müştəri təcrübəsi tətbiqləri və “Miles&Smiles” sadiqlik proqramı başda olmaqla bir çox strateji sahəyə mühüm töhfələr verən Olmuştur “SunExpress Hava Yolları” İdarə Heyəti və Audit Komitəsinin üzvlüyü, “Türk Hava Yolları Teknik A.Ş.” İdarə Heyətinin üzvlüyü və IATA Dağıtım Məsləhət Şurasının üzvlüyü vəzifələrini də davam etdirir.

Bundan əlavə, professor doktor Fuat Sezgin İslam Elm Tarixi Araşdırmaları Fondu, Türkiyə Qolf Federasiyası, Turizmin İnkişafı və Təhsil Fondu və Türkiyə Milli Olimpiya Komitəsi kimi mühüm qurumlarda fəal vəzifələr tutan Olmuştur evlidir və üç uşaq atasıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: THY   Türkiyə  


Bizi "telegram"da izləyin