Məxfilik qalmaqalı: Ermənistan ordusu ilə bağlı açıqlamalar niyə cavabsız qalır?

2026/04/1775811386.jpg
Oxunub: 394     12:21     20 Aprel 2026    
“Bir neçə gün əvvəl ayrıca dərc etdiyimiz “Hayk Sarkisyanın açıqlamalarının siyasi motivləri: O, niyə 44 günlük müharibə hesabatının ictimailəşdirilməsini tələb etmir, qardaşı müharibə günlərində nə ilə məşğul idi?” sərlövhəli məqalədə hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputatın Ermənistanın müdafiə naziri Suren Papikyana ünvanladığı ittihamlara toxunmuşduq”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Hayk Sarkisyan Suren Papikyandan üzr istəməlidirmi? Papikyan və Paşinyan niyə mövqelərin və komandanlığın hədəfə alınmasına toxunmadılar?” başlıqlı məqaləsində yazıb.

Nəşrə görə, Ermənistan Müdafiə Nazirliyi bu iddiaları cavabsız qoymamış və çağırışçıların sayı, eləcə də silahlı qüvvələrdəki mövcud şəraitlə bağlı Hayk Sarkisyanın bəzi iddialarını dezinformasiya adlandırmışdı.

“Eyni zamanda, Papikyanın rəhbərlik etdiyi qurum zəruri hesab etmişdi ki, çağırışın planlaşdırılması və şəxsi heyətin sayı ilə bağlı məlumatlar məxfiləşdirilməli informasiyalar sırasına daxildir, halbuki Sarkisyanın səsləndirdiklərini ehtimal xarakterli qiymətləndirmişdilər.

Məsələ ondadır ki, bu cür məlumatları hakim partiyanın nümayəndəsi ilk dəfə səsləndirmir, lakin müdafiə qurumu indiyədək onların yolverilməzliyi barədə rəsmi açıqlama verməyib. 2023-cü ildə dərc etdiyimiz məqalələrdən birində hətta belə bir sual da qoymuşduq: “Ermənistanın müdafiə naziri Suren Papikyan Hayk Sarkisyanın məxfi məlumat açıqlamalarının qarşısını almağa çalışacaqmı, özü də bu dəfə daha təsirli addımlarla? Bunu zaman göstərəcək”.

Niyə “təsirli” sözünü vurğulamışdıq? Çünki parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasında müzakirələr, Hayk Sarkisyan-Suren Papikyan sual-cavabları olmuşdu və müdafiə naziri ordudakı bəzi problemlərin qapalı formatda müzakirə olunmasını təklif etmişdi: “Problemlərin iki hissəsi olur: açıq və qapalı. Cənab Köçəryan qapalı müzakirə təşəbbüsü göstərə bilər, mən hər zaman gəlməyə və suallara cavab verməyə hazıram”, - deyə məqalədə qeyd edilib.

Nəşr vurğulayıb ki, lakin Suren Papikyanın bu qeydlərindən sonra Hayk Sarkisyan parlamentin tribunasından məxfilik elementləri daşıyan məlumatları açıqlamağa, qapalı müzakirəyə aid olan ordu ilə bağlı məsələləri ictimailəşdirməyə davam edib.

“Hayk Sarkisyan son günlər bunun əsaslandırmasını belə verib: “Ay aman, rəqib bilər” düşüncəsi 2020-ci ildə dağıldı, çünki onun sözlərinə görə, bütün müharibə boyu Azərbaycan 24/7 rejimində bütün hərəkətləri ovucunun içi kimi izləyib.

“Yəni bilib ki, “müdafiə ordusu”nun (ləğv edilmiş qanunsuz “hərbi birləşmə”-red.) komandiri haradadır, vurub, müavinlər haradadır, vurub. Yəni təkcə mütləq rəqəmləri bilməyib, həm də komandanların, ordu rəhbərliyinin, vacib bölmələrin yerini adbaad bilib və hədəfli zərbələr endirib. Həm qoşunlarımızın yerləşdiyi yerlər, həm təchizat yolları, həm mövqelər və sair, hamısı izlənib, izlənir və izlənəcək. Yəni o fikir ki, guya ordu barədə danışır, indi məxfilik üzündən vəziyyətimiz pisləşəcək... Vəziyyət artıq 2020-ci ildən kritik dərəcədə pis qeydə alınıb və biz 44 günlük müharibə ilə bağlı istintaq komissiyasında da demişik ki, rəqib hər şeyi bilib”, - deyə “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat öz məxfi məlumat açıqlamalarını əsaslandırıb.

Müdafiə Nazirliyi Hayk Sarkisyanın bu hissədəki iddialarına, ən azı Suren Papikyanın nazir olduğu dövrlə bağlı hissəyə toxunmayıb. Axı o iddia edir ki, bu gün də qoşunlarımızın yerləşdiyi yerlər, təchizat yolları, mövqelər izlənir”, - deyə müəllif bildirib.

Müəllifin sözlərinə görə, Ermənistan Müdafiə Nazirliyinin bu susqunluğu da müəyyən mənada anlaşılandır.

“Lakin nəzərə alsaq ki, Ermənistan silahlı qüvvələrinin yerləşdiyi yerlər, təchizat yolları izlənir və çətin ki, yaxın gələcəkdə bu məsələdə müsbət nəsə dəyişsin, Ermənistan Müdafiə Nazirliyinin bu susqunluğu da müəyyən mənada anlaşılandır.

Bundan başqa, son 8 ildə Nikol Paşinyan elə özü dövlət sirri sayılan məlumatları 44 günlük müharibədən əvvəl, onun gedişində və ondan sonra ictimailəşdirib, üstəlik, bəzi hallarda açıq şəkildə etiraf edib ki, qanunu pozur və məxfilik elementi daşıyan məlumatları açıqlayır.

Əlbəttə, bundan Suren Papikyan da kənarda qalmayıb. Məsələn, 2022-ci il martın 31-də Ermənistanda akkreditə olunmuş Aİ və NATO üzvü dövlətlərin hərbi attaşeləri Ermənistan Müdafiə Nazirliyinin “N” saylı aviabazasına aparılanda… Daha sonra da bununla bağlı məlumat və əlavə olunan fotolar yayımlanmışdı ki, ekspertlərin fikrincə, həmin şəkillər vasitəsilə hətta mütəxəssis olmayanlar belə göstərilən hərbi anqarın geolokasiyasını asanlıqla müəyyən edə bilərdilər, belə anqarlar isə Ermənistanda çox deyil”, - deyə məqalədə bildirilib.

Nəşrə görə, bu ilin fevralında da möhkəmləndirilmiş rayonlarla bağlı video yayımlanmışdı, halbuki Ermənistanın “Dövlət sirri haqqında” qanunu müəyyən edir ki, dövlət sirri sırasına “Ermənistan ərazisində müttəfiq dövlətlərin və Ermənistan silahlı qüvvələrinin, Müdafiə Nazirliyinin struktur bölmələrinin təşkilati quruluşu, silahlanması və sayı haqqında” məlumatlar daxildir.

“Əlbəttə, müdafiə naziri uyğun qurumlardan təsdiq aldığını deməyə çalışmışdı ki, möhkəmləndirilmiş rayonlarda yaradılmış şəraitin göstərilən həcmdə nümayişi bizim üçün heç bir təhlükə yaratmır, lakin biz öz mövqeyimizdə qalırıq və qanunun tələbinə hörmət edilməsinin tərəfdarıyıq.

Bu gün jurnalistlərlə keçirdiyi brifinqdə Nikol Paşinyan da Hayk Sarkisyanın Suren Papikyan və ordu ilə bağlı iddialarına toxunub.

“Mən qeyd etməliyəm ki, Ermənistan ordusu həm qida təminatı, həm geyim, həm silahlanma, həm mənəvi-psixoloji vəziyyət, həm də müdafiə qabiliyyəti baxımından heç vaxt indiki qədər yaxşı vəziyyətdə olmayıb. Qalanları, kimin hansı siyasi məqsədlə nə deyəcəyi vacib deyil, mənim üçün vacib olan əsgərlərdir, onların valideynləridir və valideynlərin reaksiyasıdır. Amma bu o demək deyil ki, orduda problemlər yoxdur, dünyada elə ordu yoxdur ki, orada problem olmasın”, - deyə o vurğulayıb və ordunun transformasiya konsepsiyasını xatırladıb. Halbuki bir dəfə yazmışdıq ki, Paşinyan onda da “təhlükələr” görmüşdü.

“Qalan bəyanatlara isə mən münasibət bildirməyə ehtiyac görmürəm, çünki onları dəqiqləşdirməyə çalışanda məlum olur ki, həmin bəyanatlar səslənib və nəsə səhv başa düşülüb, sonra məlum olub ki, nəsə elə olmayıb, yaxud da məlum olub ki, deyilənlər belə deyil. Başqa məsələ budur ki, bəyanat verən insanlar sonradan məlum olanda ki, bu bəyanat səhv faktlara əsaslanıb, eyni dərəcədə siyasi iradə göstərməli, ayağa qalxıb deməlidirlər ki, əziz xalq, mənim danışdığım faktın o qədər də elə olmadığı aydınlaşdı. Əgər elədirsə, etiraf edək ki, elədir, yox əgər elə deyilsə, etiraf edək ki, elə deyil”, - deyə Paşinyan mövzunu davam etdirib.

Yəni Paşinyan eyham vurur ki, Hayk Sarkisyan ya Müdafiə Nazirliyinin təkzibindən sonra özünün haqlı olduğunu sübut etməli, ya da Suren Papikyandan üzr istəməlidir”, - deyə müəllif yazıb.

Nəşr qeyd edib ki, məqalə yazılan anda “Vətəndaş Müqaviləsi” partiyasından olan deputatdan məzmunlu heç bir reaksiya yox idi.

“Əvəzində onun “Facebook” səhifəsində istifadəçilərdən biri yazılardan birinin altında belə bir şərh buraxmışdı: “Vətəndaş Müqaviləsi” partiyasından çıxan kimi vurmağa başlayırlar”. Buna onun qardaşı Nairi Sarkisyan dərhal cavab vermişdi: “Hayk “Vətəndaş Müqaviləsi” partiyasından çıxmayıb və başa düşdüyüm qədərilə belə planı da yoxdur”.

Qeyd edək ki, bir neçə gün əvvəl jurnalistlərlə brifinqdə Hayk Sarkisyan Paşinyanı öz böyük qardaşı hesab etdiyini, lakin indi artıq dostluqlarının davam etmədiyini demişdi.

Amma özünü və qardaşını seçki siyahısından kənarda qoyduqdan sonra da Sarkisyan “Vətəndaş Müqaviləsi” partiyasının ideologiyasını bölüşür. Məsələn, o hesab edir ki, ordu təhlükəsizlik məsələsində ehtiyat alət və ya oyunçu olmalıdır, halbuki sülh şəraitində ordunun öz aydın müdafiə missiyası var.

Yeri gəlmişkən, Hayk Sarkisyan təbii olaraq bu günlərdə aksiyalar planlaşdıran əsgər analarını da alqışlayır. Onlar oğullarına məcburi hərbi xidmət müddətinin azaldılması tətbiq edilmədiyinə etiraz edirlər”, - deyə məqalədə vurğulanıb.

Müəllif yazıb ki, son aksiyada kifayət qədər hakimiyyətpərəst vətəndaş var idi, amma siyasi olmayanlar da var idi və hər halda anlamaq lazımdır ki, bunun arxasında kim dayanır, yaxud hakimiyyət bundan necə yararlanacaq.

“Bunadək isə qeyd edək ki, həm Suren Papikyan, həm də xüsusilə Nikol Paşinyan Hayk Sarkisyanın 44 günlük müharibə zamanı Azərbaycanın ordu rəhbərliyinin, komandanların, vacib bölmələrin yerini bildiyi və hədəfli zərbələr endirdiyi barədə açıqladığı məlumatlara münasibət bildirməlidir.

Unutmayaq ki, Hayk Sarkisyan parlamentin müdafiə və təhlükəsizlik məsələləri komissiyasının üzvüdür və bu da ona 44 günlük müharibə hadisələrini araşdıran istintaq komissiyasının işində iştirak etmək imkanı verib. Məgər başa düşmək lazım deyilmi ki, Azərbaycan bu məlumatları necə əldə edib, bu, müharibənin nəticəsinə nə dərəcədə təsir göstərib? Başqa vaxt Paşinyan dövlətə xəyanət və casuslar barədə danışmaq fürsətini əldən vermir.

Bu halda sərfəli deyilmi?.. Məsələn, indi mayın 28-də Respublika meydanında keçiriləcək silah nümayişi sərfəli və aktualdır, Paşinyan da, hökumət üzvləri də harada otururlarsa, ondan danışırlar. Yəni seçkilər ərəfəsində səs toplayan siyasi hesabat vermək zərurəti var. Vurğulayaq ki, Bakıda mayın 28-də keçiriləcək tədbir məhz belə qəbul olunur. Hesabat kimi və xəbərdarlıq edilir ki, Ermənistanın hərbiləşdirilməsinə heç vaxt imkan verilməyəcək.

Bütün bunları ümumiləşdirərək qeyd etməliyik ki, orduya aid hakim partiya üzvlərinin istənilən açıq fikir ayrılığı, sual-cavabı, gözlənilən silah nümayişi sırf “təmiz” siyasi hesab və planlı fəaliyyətdir, hətta müəyyən mənada bilərəkdən ictimaiyyətə çıxarılan “daxili münaqişə” də ola bilər və bunun üçün ordudan “istifadə olunur”.

Qarşıda seçkilərin qızğın mərhələsi var və bu baxımdan biz həm hakim, həm də qeyri-hakim siyasi dairələrdən hələ çox şey görəcəyik. Onların təhlükəsizlik proqramları haqqında isə hələ danışmaq imkanımız olacaq”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sarkisyan   Papikyan   Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin