Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Avropa illüziyası və erməni reallığı” başlıqlı məqaləsində yazıb.
“Hazırkı hakimiyyət Aİ istiqamətində atılan addımları nə qədər uzunmüddətli və strateji seçim kimi təqdim etməyə çalışsa da, reallıq başqadır. Bu perspektiv əsasən siyasi qablaşdırma olaraq qalır və real əsaslara söykənmir”, - deyə müəllif vurğulayıb.
Nəşr qeyd edib ki, bu qiymətləndirmə bir neçə mühüm amillə bağlıdır.
“Bunlardan birincisi ölkə daxilində gedən proseslərdir. Siyasi meydanda müşahidə olunan gərginlik, müxalifətə qarşı tətbiq olunan tədbirlər və mediaya təzyiq Avropa institutlarının bəyan etdiyi dəyərlərlə ziddiyyət təşkil edir. Belə şəraitdə Ermənistanın bu cür inteqrasiya üçün tələb olunan meyarlara cavab verəcəyini təsəvvür etmək çətindir.
Eyni zamanda aydındır ki, Avropa İttifaqı hazırda müəyyən məsələlərdə Ermənistanda mövcud olan problemlərə göz yumur və bunu daha geniş geosiyasi maraqlarla izah edir. Ermənistanın Rusiyanın təsirindən uzaqlaşması məqsədəuyğun istiqamət kimi görünür, lakin bu, həmin yanaşmanın tam inteqrasiya və ya üzvlük üçün real imkan yaratdığı anlamına gəlmir”, - deyə məqalədə bildirilib.
Müəllifin fikrincə, ekspertlərin bir hissəsi hesab edir ki, Ermənistan ənənəvi əlaqələrini kəskin şəkildə yenidən nəzərdən keçirib tam şəkildə Avropaya yönələrsə, bunun iqtisadi nəticələri dərhal cəmiyyətin geniş təbəqələri tərəfindən hiss olunacaq.
“İlk növbədə bu, insanların sosial vəziyyətinə təsir edəcək və qiymətlərdə, iş yerlərində, ümumi iqtisadi sabitlikdə özünü göstərəcək. Bu kontekstdə onu da anlamaq vacibdir ki, mümkün böhran vəziyyətlərində Avropa İttifaqının reaksiyası məhdud olacaq. Tarixi təcrübə göstərir ki, belə hallarda Avropa institutları əsasən siyasi bəyanatlarla və humanitar yardımla kifayətlənir, daha dərin müdaxilədən yayınırlar”, - deyə təhlildə qeyd olunub.
Məqalədə vurğulanır ki, Ermənistan çətin seçim qarşısındadır.
“Ölkənin qarşısında duran imkan və riskləri ayıq şəkildə qiymətləndirmək, Avropa İttifaqının həqiqətən nə təklif edə biləcəyini və bu təklifin ölkənin uzunmüddətli maraqlarına uyğun olub-olmadığını anlamaq lazımdır. Əks halda nəticələri tam dərk etmədən atılan addımlar ölkəni yeni çağırışlarla üz-üzə qoya bilər və o, bunları aradan qaldırmaq üçün kifayət qədər dəstəyə malik olmaz”, - deyə müəllif sözlərini yekunlaşdırıb.
Alpər Mövludoğlu
Ordu.az