Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Ermənistanda inflyasiyanın səbəbləri və nəticələri: istehlakçını nə gözləyir?” başlıqlı məqaləsində yazıb.
Məqalədə xatırladılıb ki, əvvəlki ilin eyni dövründə inflyasiya 3,3 faiz təşkil edib. Bu, inflyasiyanın əhəmiyyətli dərəcədə sürətlənməsindən xəbər verir və iqtisadi sistemin müəyyən təzyiq altında qaldığını göstərir.
“Bu təzyiqin əsas təzahürü ərzaq məhsullarının qiymətlərinin perspektivsiz bahalaşmasıdır. Ərzaq məhsullarının qiymət artım tempinin 5,4 faizdən 7,8 faizə yüksəlməsi xüsusilə ona görə narahatedicidir ki, ərzaq malları erməni ailələrinin istehlak səbətinin əhəmiyyətli hissəsini təşkil edir və bu kateqoriyadakı bahalaşma dərhal vətəndaşların alıcılıq qabiliyyətinin azalması şəklində hiss olunur”, - deyə nəşr yazıb.
Məqalədə bildirilir ki, ərzaq qiymətlərinin artımının əsas səbəblərindən biri daha geniş geosiyasi kontekstdə nəzərdən keçirilməlidir və bu, İranın Ermənistanın mühüm ticarət tərəfdaşı kimi son addımları, xüsusən də İran mənşəli ərzaq və kənd təsərrüfatı məhsullarının ixracına qoyduğu qadağa ilə bağlıdır.
“Bir aydan çox əvvəl tətbiq edilmiş bu məhdudiyyət regionda müharibə vəziyyətinin kəskinləşməsi və Tehranın daxili bazarın artan tələbatını ödəmək planı ilə əlaqədar idi. Bu addım Ermənistanın istehlak bazarı üçün ciddi nəticələr doğurub.
Rəsmi statistik məlumatlar hələ tam dərc olunmasa da, iqtisadi sahəyə cavabdeh qurumların proqnozları artıq xəbərdarlıq edir ki, İran ərzaq məhsullarının ixracına qoyulan qadağa ümumi inflyasiya göstəricisinə bir yarım, hətta iki faizə yaxın təsir göstərəcək. Bu isə əlavə iqtisadi təzyiq yaradır”, - deyə qəzet vurğulayıb.
“Past” hesab edir ki, 2026-cı ilin ilk rübünün inflyasiya dinamikasına baxarkən aydın olur ki, problem yalnız ayrı-ayrı ayların dəyişməsi ilə bağlı deyil, daha sistemli xarakter daşıyan bir hadisədir.
“Rüblük əsasda inflyasiya 2 faizdən 3,2 faizə yüksəlib. Bu, inflyasiya təzyiqinin əhəmiyyətli dərəcədə gücləndiyini və iqtisadi mühitin qeyri-sabitləşdiyini göstərir.
Bu artımın əsasında yenidən ərzaq məhsullarının 3,7 faizdən 6,8 faizə qiymət artımının sürətlənməsi dayanır. Bu, əvvəlki dövrün inflyasiya tempini demək olar ki, iki dəfə üstələyir və göstərir ki, ərzaq bazarı ciddi disbalans vəziyyətindədir”, - deyə məqalədə qeyd olunub.
Qəzet vurğulayıb ki, ərzaq qiymətlərinin intensiv artımı Ermənistan əhalisinin geniş kütlələri üçün ciddi problemlər yaradır. Bu xüsusilə ona görə həssasdır ki, cəmiyyətin böyük hissəsinin gəlirləri inflyasiya ilə uyğun templə artmır.
“Ərzağa çəkilən xərclər aşağı və orta gəlirli ailələrin aylıq büdcəsinin böyük hissəsini təşkil edir. Bu məhsulların qiymətləri 7-8 faiz artanda bu, birbaşa və ağır şəkildə həyat səviyyəsinə təsir edir.
İnsanlar ərzaq istehlakını azaltmağa, daha ucuz, lakin çox vaxt daha keyfiyyətsiz məhsullara keçməyə, digər zəruri xərcləri ixtisar etməyə məcbur olurlar. Onlar səhiyyədən, təhsildən, mədəni proqramlardan imtina edirlər.
Bu isə sosial bərabərsizliyin dərinləşməsinə, yoxsulluğun artmasına, sosial gərginliyin yüksəlməsinə gətirib çıxarır ki, bu da uzunmüddətli perspektivdə ictimai sabitlik üçün ciddi təhdidlər yarada bilər”, - deyə nəşr bildirib.
“Past” bazardakı davranışlarla bağlı başqa bir problemə də xüsusi diqqət çəkib.
Məqalədə qeyd olunub ki, bayramqabağı dövrlərdə və ya ümumi inflyasiya fonunda bəzi satıcılar və vasitəçilər vəziyyətdən istifadə edərək qiymətləri əsassız şəkildə daha da artırırlar və istehlakçılar hesabına əlavə gəlir əldə etməyə çalışırlar.
“Bu praktika vicdansız sahibkarlıq və istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilir və təəssüf ki, ölkədə geniş yayılıb. Bu da bazar nəzarəti mexanizmlərinin yetərincə işləməməsi ilə bağlıdır.
Ədalətli rəqabəti və istehlakçıların müdafiəsini təmin etməli olan dövlət nəzarət orqanları çox vaxt qiymətlərin əsassız artımına reaksiya verməyə, sistemli və effektiv yoxlamalar aparmağa, pozuntu edənlərə qarşı sanksiyalar tətbiq etməyə qadir olmurlar.
Nəzarətin səmərəsizliyi elə bir mühit yaradır ki, bu, vicdansız sahibkarları öz davranışlarını davam etdirməyə həvəsləndirir və nəticədə bazarın sağlam inkişafı təhlükə altına düşür.
Lazımi nəzarətin olmaması həm də o deməkdir ki, istehlakçılar müdafiəsiz qalırlar və hüquqlarını qorumaq üçün effektiv mexanizmlərə malik olmurlar. Beləliklə, onlar qarşısında mübarizə aparmaq imkanı olmayan vəziyyətlərlə üz-üzə qalırlar”, - deyə qəzet yazıb.
Alpər Mövludoğlu
Ordu.az