Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Erməni pulları ilə “Amerika” layihəsi: Vəd edilən investisiyalar hara yoxa çıxdı?” başlıqlı məqaləsində yazıb.
Nəşr qeyd edib ki, əvvəlcə 500 milyon dollar investisiya ilə süni zəka zavodunun tikintisindən danışılırdı. Daha sonra bu rəqəm 500 milyondan 4 milyard dollara qədər artırıldı. Elə görünürdü ki, az qalıb, ABŞ-dən investisiyalar Ermənistana axacaq. Lakin heç bir ABŞ investisiyası olmayacaq.
“Elan olunan süni zəka əsasında işləyən məlumatların emalı zavodu Ermənistan banklarından və digər maliyyə qurumlarından götürülmüş kreditlər hesabına tikiləcək.
Bu məqsədlə əvvəlcə “Ameriabank” ilə 60 milyon dollarlıq kredit müqaviləsi imzalanıb. Daha sonra layihənin həyata keçirilməsi üçün Ermənistanın digər bankları və maliyyə qurumları tərəfindən 300 milyon dollarlıq sindikatlaşdırılmış kredit təqdim edilib ki, bu da görünməmiş hadisə hesab olunub, lakin “meqalayihə”nin həyata keçirilməsi baxımından deyil.
Sadəcə olaraq, indiyə qədər Ermənistanda belə həcmdə sindikatlaşdırılmış kredit verilməmişdi. Sindikatlaşdırılmış kreditin iştirakçıları “Ardshinbank”, “Akba Bank”, “Evocabank”, “Fast Bank”, eləcə də yığım pensiya fondlarını idarə edən iki şirkət “C-Quadrat Ampega Asset Management Armenia” və “Amundi-Akba Asset Management” olub”, - deyə nəşr bildirib.
Müəllif yazıb ki, beləliklə, zavodun tikintisinə sırf Ermənistan kapitalının iştirakı bu mərhələdə 450 milyon dollarlıq investisiya proqramı çərçivəsində 360 milyon dollar təşkil edib.
“Qeyd edək ki, əvvəl elan olunan 500 milyon dollarlıq investisiya proqramı indi 450 milyon dollara düşüb. Bu 450 milyonun 360 milyonu Ermənistan maliyyə qurumlarından cəlb edilmiş kredit vəsaitləridir.
Qalan tələb olunan 90 milyon barədə hələlik danışılmır, lakin güman edilirdi ki, onun bir hissəsi də Ermənistan kapitalı şəklində olacaq. İndi sual yaranır: bu, Amerika investisiyasıdır, yoxsa Ermənistan investisiyası? Cavab çox sadədir. Heç bir Amerika investisiyasından söhbət gedə bilməz. Ən böyük istək halında belə bunu belə adlandırmaq çətindir.
500 milyondan 450 milyon dollara enmiş investisiya proqramında Amerika investisiyaları ən yaxşı halda, əgər ümumiyyətlə belə investisiyalar olsa, cəmi bir neçə on milyon dollar təşkil edə bilər.
Beləliklə, Ermənistan kapitalı ilə “Amerika” investisiya layihəsi Ermənistanda həyata keçiriləcək. Bu daha çox Ermənistanın deyil, ABŞ iqtisadiyyatına yönəlmiş investisiya olacaq. Bu vəsaitlər hesabına yüksək güclü kompüterlər, prosessorlar və ABŞ texnologiyaları alınacaq və Hrazdan şəhərində tikilən süni zəka ilə işləyən məlumatların emalı zavodunda quraşdırılacaq. Mərkəz yalnız fiziki olaraq Ermənistanda yerləşəcək. Ermənistan sadəcə xarici təşkilatlara xidmət göstərən zavodun tikintisi üçün ərazi təqdim edir”, - deyə məqalədə vurğulanıb.
Nəşrin məlumatına görə, bu o demək deyil ki, Ermənistan bundan faydalana bilməz, müəyyən fayda mümkündür, lakin Ermənistan şirkətlərinin imkanları bu cür xidmətlərdən istifadə etmək üçün çox məhduddur.
“Buna görə də “erməni” məlumatların emalı zavodu ən azı bu mərhələdə əsasən başqalarına xidmət edəcək. Bundan Ermənistanın əldə edəcəyi faydalar praktik olaraq böyük olmayacaq. Ola bilsin ki, zavodun istifadəyə verilməsindən sonra Ermənistan süni zəka ilə işləyən məlumatların emalı üzrə ən böyük regional mərkəz hesab olunsun, lakin bu, iqtisadi faydaların artmasına səbəb olmayacaq.
Zavodun ən böyük faydası böyük həcmdə elektrik enerjisi istifadə etməsi olacaq. Söhbət təxminən 100 meqavatdan gedir ki, bu da ölkənin enerji istehlakında kifayət qədər böyük həcmdir. Məlumdur ki, Ermənistan əlavə enerji istehsal güclərinə malikdir və bu tələbatı rahatlıqla ödəyə bilər.
Belə böyük əlavə istehlak enerji sisteminə, bəlkə də tariflərə müsbət təsir göstərə bilər. Lakin hələ də böyük sual olaraq qalır ki, məlumatların emalı mərkəzi mövcud enerji güclərinin istehsal etdiyi elektrikdən nə dərəcədə istifadə edəcək və ya öz elektrik mənbələrini, məsələn, günəş elektrik stansiyaları tikməklə formalaşdıracaq.
Bu halda enerji sisteminin faydaları da demək olar ki, olmayacaq. Baxmayaraq ki, söhbət kifayət qədər böyük məbləğdə investisiya layihəsindən gedir, onun məşğulluq təmin etmək komponenti son dərəcə məhduddur. Bu mərkəzdə çox az sayda işçi ola bilər, ehtimal ki, bir neçə on nəfərdən çox deyil. Yəni bu layihə Ermənistan vətəndaşları üçün məşğulluq problemini də həll etməyəcək.
Bunun əvəzində isə illik olaraq ixracı bəlkə də bir neçə yüz milyon dollar artıra bilər. Lakin bu da praktik olaraq əhəmiyyətli heç nə verməyəcək, yalnız ixrac göstəricilərinin artmasına səbəb olacaq. Məlum olduğu kimi, ixracdan vergi tutulmur və bundan büdcə heç nə əldə etməyəcək”, - deyə müəllif yazıb.
Məqalədə bildirilib ki, büdcə, əlbəttə, müəyyən gəlirlər əldə edəcək.
“Bunlar gəlir vergisi, xidmət haqları, gələcəkdə isə bəlkə də mənfəət vergisi şəklində olacaq. Lakin buradan da böyük məbləğlər gözlənilmir. Budur, regional “erməni meqalayihə”nin mahiyyəti belə olacaq.
Göründüyü kimi, onun üstünlükləri və əhəmiyyəti barədə daha çox danışılır, Ermənistan kapitalı, özü də kredit kapitalı hesabına tikilən Ermənistan-ABŞ məlumatların emalı zavodunun istifadəyə verilməsindən sonra Ermənistanın əldə edə biləcəyi real faydalar barədə isə danışılmır”, - deyə nəşr qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az