Monopoliya, təzyiq, kredit yükü: Ermənistan iqtisadiyyatında təhlükəli siqnallar

2023/12/1702445706.jpg
Oxunub: 573     10:25     21 Aprel 2026    
“Hakim “Vətəndaş Müqaviləsi” partiyasından deputat, tanınmış oliqarx, Nikol Paşinyan hakimiyyətinin əsas benefisiarlarından biri olan və biznes imperiyası Ermənistanda hakimiyyət dəyişikliyindən sonra başqa formada genişlənən, yeni bazarlar və iqtisadi sahələr ələ keçirən Xaçatur Sukiasyan İctimai Televiziyaya müsahibə verir və bir çoxlarını təəccübləndirərək bildirir ki, hakimiyyət bu gün biznesə qarışmır, bəzən dövlətin balans yaratmaq üçün müdaxiləsi lazım olur, amma bunu da etmir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Hakimiyyətin ələ keçirilməsindən biznesin ələ keçirilməsinə qədər: hökumət iqtisadiyyata necə “qarışır?” başlıqlı məqaləsində yazıb.

Nəşrə görə, belə bir təəssürat yaranır ki, hamı kor olub və Ermənistanda baş verənləri görmür.

“Hakimiyyətin biznesə nə dərəcədə qarışdığını populist bəyanatlar deyil, konkret faktlar göstərir və bu faktları Xaçatur Sukiasyanın bilməməsi çətin görünür.

Hökumət məlum və naməlum üsullarla biznesi, xüsusilə iri biznesi öz mülkiyyətinin bir hissəsini “könüllü şəkildə bağışlamağa” məcbur edəndə, bu biznesə müdaxilə sayılır, ya yox? Yoxsa Xaçatur Sukiasyan bu barədə məlumatlı deyil və ya düşünür ki, həmin səhmlər sahibləri tərəfindən hökumətin “gözəlliyi” xatirinə bağışlanıb?

Son illərdə hakimiyyətin bizneslə etdiklərini “müdaxilə” adlandırmaq belə çox yumşaq ifadədir. “Zəngəzur mis-molibden kombinatı”, “Lidian Armenia”, “Viva Armenia” nümunələri biznesə hakimiyyət müdaxiləsinin mahiyyətini anlamaq üçün kifayətdir. Əgər Xaçatur Sukiasyanın biznesləri müəyyən səbəblərdən toxunulmaz qalıbsa, bu o demək deyil ki, hakimiyyət biznesə müdaxilə etməyib və etmir, guya azad iqtisadi münasibətlər mövcuddur və monopoliyalar yoxdur. Monopoliya təkcə bir şirkətin bazarda fəaliyyət göstərməsi demək deyil. Klassik mənada olmasa da, “azad iqtisadi” mühitdə birinin imtiyazlı şərtlər əldə edib başqalarının hesabına sürətlə mövqelərini genişləndirməsi də monopoliyaya çox yaxın anlayışdır. Anlayırsınız, söhbət nədən gedir”, - deyə məqalədə qeyd edilib.

Məqalə müəllifinin sözlərinə görə, bu günə qədər heç kim əsaslandırılmış şəkildə izah edə bilmir ki, iri biznes necə olur ki, öz səhmlərinin bir hissəsini “könüllü” şəkildə dövlətə verir?

“Bəs niyə Xaçatur Sukiasyan özü də bizneslərindən payı dövlətə vermir? Bəlkə səbəb ondadır ki, hakimiyyət onu buna məcbur etmir və o da öz mülkiyyətindən könüllü imtina etmək istəmir.

Çox “təsadüfi” olaraq, məlum bəyanatdan sonra hökumətin Samvel Karapetyanın əlində olan “Ermənistan Elektrik Şəbəkələri”nin ölkə üçün təhlükəsizlik təhdidi olduğunu “kəşf etməsi” və onu ondan almaq lazım olduğunu deməsi yəqin ki, Xaçatur Sukiasyana məlum deyil. Bu artıq sadəcə biznesə müdaxilə deyil. Bu, siyasi təzyiq və hakimiyyət rıçaqlarından istifadə etməklə biznesin ələ keçirilməsinin klassik nümunəsidir.

Məlumdur ki, bundan əvvəl də hakimiyyət digər bizneslərdə olduğu kimi “könüllülük” prinsipi ilə “Ermənistan Elektrik Şəbəkələri”ndən pay almağa çalışırdı. Bu mümkün olmadıqda isə uyğun məqamda uyğun variant seçildi.

“Ermənistan Elektrik Şəbəkələri” hadisəsi biznesə və sahibinə qarşı siyasi hesablaşmanın açıq təzahürüdür.

Əgər iri biznesmen və onun mülkiyyəti ilə belə rəftar edilə bilirsə, təsəvvür edin ki, kiçik və orta biznesə qarşı nə edilə bilər”, - deyə nəşr bildirib.

Müəllif sual ünvanlayıb ki, Nikol Paşinyanın birbaşa göstərişi ilə bir neçə saat ərzində bizneslər bağlananda, bizneslərə qarşı siyasi motivli cinayət işləri açılarkən hansı azad rəqabətdən və hakimiyyətin biznesə müdaxilə etməməsindən danışmaq olar?

“Şübhəsiz ki, Xaçatur Sukiasyan belə risklərdən sığortalanıb, onun mövqeyi rahatdır, buna görə də biznes mühiti, hakimiyyətin biznesə müdaxilə etməməsi, Ermənistan iqtisadiyyatının “fantastik” artımı və inkişafı barədə yüksəkdən danışır. Halbuki bu artımların hansı amillərlə bağlı olduğu məlumdur və həmin amillərdən biri də rus qızılının reeksportudur. Bu isə məhz Xaçatur Sukiasyanın adı ilə əlaqələndirilir.

Əsasən bu amillər son illərdə Ermənistan iqtisadi artımının “köpük” xarakterli formalaşmasına səbəb olub. Lakin bu artımların iqtisadi inkişafla heç bir əlaqəsi yoxdur. Bunu iqtisadiyyatın strukturunda da görürük. Ticarət iqtisadiyyatın ən böyük sahəsinə çevrilib. ÜDM-də ticarətin payı artıb, halbuki iqtisadiyyatın əsas sahələri olan emal sənayesi və kənd təsərrüfatının payı azalıb.

Ermənistan iqtisadiyyatının “fantastik” artımının nəticəsi məhz budur.

Təəccüblü deyil ki, belə “fantastik” artım və inkişaf fonunda illərdir Ermənistanın real iqtisadiyyatına demək olar ki, birbaşa xarici investisiyalar qoyulmayıb. İnvestisiya olmadığına görə, üstəlik mövcud investisiyalar da ölkədən çıxıb, Xaçatur Sukiasyan isə insanların diqqətini kreditlərin artımına yönəltməyə çalışır. “Vətəndaş Müqaviləsi” hakimiyyəti dövründə Ermənistan əsl kredit qızdırması yaşayıb. Kreditlər həqiqətən yüksək templə artaraq 20 milyard dollara çatıb. Amma bu artımla fəxr etmək əvəzinə, Sukiasyan deməlidir ki, bu vəsaitlər hara yönəlib və nəyə xidmət edib”, - deyə məqalədə vurğulanıb.

Nəşrin məlumatına görə, məsələ ondadır ki, bu pullar iqtisadiyyata yox, ev təsərrüfatlarının, yəni vətəndaşların üzərinə yüklənib.

“Əgər Xaçatur Sukiasyan bunu bilmirsə və ya bilərəkdən gizlədirsə, qeyd edək ki, onların hakimiyyətdə olduğu 8 il ərzində iqtisadiyyatın real sektorunda, xüsusilə sənayedə bankların kredit portfeli cəmi 242 milyard dram artıb.

8 il üçün bu, sənaye üçün çox cüzi rəqəmdir. Əgər 2017-ci ildə bankların 2,6 trilyon dramlıq kredit portfelində sənayenin payı 18 faiz idisə, 2026-cı ildə 7,9 trilyon dramlıq portfeldə bu göstərici cəmi 8,8 faiz olub. İndi deyin, bu kredit qızdırmasından sənaye nə qədər faydalanıb?

Səkkiz ildə sənayeyə yönələn kreditlər cəmi 52 faiz artdığı halda, vətəndaşların kredit yükü, yalnız istehlak və ipoteka kreditləri üzrə, təxminən 5 dəfə artaraq 739 milyard dramdan 3 trilyon 533 milyard drama, yəni 9,3 milyard dollara çatıb. Təkcə bu iki istiqamət üzrə vətəndaşların kredit yükü 7,3 milyard dollar artıb ki, bu da sənayenin kredit portfelindəki artımdan 11,5 dəfə çoxdur.

Heç təsəvvür edirsinizmi, nə etmisiniz: vətəndaşların üzərinə yalnız böyük maliyyə yükü qoymamısınız, həm də bütün bank sistemini ciddi risk altına salmısınız. Fəxr edilən kreditlər əslində bank sisteminin altına qoyulmuş bir bombadır. İstənilən sarsıntı, hətta böhran demirik, bank sistemi və təkcə bank sistemi üçün deyil, ümumilikdə dağıdıcı ola bilər”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İqtisadiyyat   Sukiasyan  


Bizi "telegram"da izləyin