44 günlük müharibə hesabatı niyə gizlədilir? – İtkin düşmüş erməni hərbçinin ailəsindən hakimiyyətə sərt ittihamlar

2026/04/1775563480.jpg
Oxunub: 510     17:23     17 Aprel 2026    
Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri Andranik Köçəryan parlamentdə jurnalistlərlə söhbətində 44 günlük müharibə ilə bağlı hesabatdan danışarkən bildirib ki, hesabat məxfi bölmədə saxlanılır.

“Hesabatla bağlı son sənədləri, bütün məxfi sənədləri təqdim etmişik. Artıq 3 aydır, təsəvvür edin ki, nə qədər sənəd araşdırılıb. Bu, təkcə deputatlara deyil, həm də aidiyyəti qurumlara hesabatı əldə etməyə və onun əsaslandırmaları ilə tanış olmağa imkan verir. Axı hesabat sadəcə yazılmış kağız deyil. Əsas hesabat 500 səhifədən çoxdur. Valideynlər istədikləri kimi belə səlahiyyətə malik deyillər ki, bu cür yüksək məxfi sənədlə tanış olsunlar”, - deyə Andranik Köçəryan bildirib.

Ordu.az xəbər verir ki, 44 günlük müharibədə itkin düşmüş erməni hərbi qulluqçu Sarkis Qukasyanın əmisi Arsen Qukasyan Andranik Köçəryanın bu açıqlamasına münasibət bildirib.

Qukasyan qeyd edib ki, bu barədə ilk olaraq özü danışıb və bütün valideynlərə gedib hesabatın açıqlanmasını tələb etməli olduqlarını deyib.

“Yazılı müraciət göndərmişəm və artıq onun rədd cavabını da sənəd şəklində almışam. Amma onlar o qədər uzaqgörən deyillər ki, bunun belə olmadığını və belə etməyin düzgün olmadığını başa düşsünlər. Biz artıq məhkəməyə müraciət etmişik, çünki qanunla onların belə addım atmağa haqqı yoxdur. Əgər dövlət məmurlarının, yüksək vəzifəli şəxslərin hərəkətləri nəticəsində ölkə geri dönməz itkilər veribsə, belə bir sənədə məxfilik qrifi qoymağa hüquqları yoxdur.

Mən Andonun dediklərini şərh etmək istəmirəm, nə deməsindən asılı olmayaraq. Elə həmin Andranik Köçəryan gəlmişdi və bizə deyirdi ki, siz bütün bunlardan keçmisiniz, komissiyada materiallarınıza ehtiyacımız var, biz də demişdik ki, problem yoxdur, nə bilirik, verəcəyik”, - deyə Qukasyan bildirib.

O, ritorik sual qaldırıb.

“Necə olur ki, indi Andranik Köçəryan hər şeyi bilir, amma biz bilmirik? Elə deyil ki, indi hakimiyyət bu valideynlər üçün Amerikanı yenidən kəşf etməlidir ki, kim xəyanətkardır, kim fəraridir, kim panika yayan, kim türklərə məxfi məlumat ötürəndir və s.

Andranik Köçəryan, Nikol Paşinyan deyirdilər ki, minlərlə iş olacaq. O, mənə, xüsusilə də ölmüş hərbi qulluqçuların yaxınlarına hər şeyi deməlidir, çünki mən məhkəmə vasitəsilə zərərçəkmişin hüquqi varisi statusuna malikəm. Mənim qohumum 44 günlük müharibə nəticəsində zərər çəkib, mən bilməyim ki, bu itkilər kimin səhv fəaliyyəti nəticəsində baş verib? Sadəcə indi onlar hər cür yollarla vaxt uzatmağa çalışırlar, çox yaxşı anlayırlar ki, elə bir məqam gələcək ki, reallığı ictimaiyyətə açıqlamalı olacaqlar və o məqam mütləq gələcək.

Ümidimi itirmirəm ki, nəhayət cəmiyyətimizdə bu məsələ ilə bağlı ayıqlıq yaranacaq, gedib tələb edəcəklər. Ermənistanın hər bir vətəndaşının bu hüququ var, bu, ictimai maraq doğuran məsələdir.

İndi xalq ayılsa və tələb etsə, bunu tez deyəcəklər, əgər ayılmasa, yenə də gün gələcək, hər şey üzə çıxacaq. Sadəcə indi onlar başa düşürlər ki, həqiqət üzə çıxsa, bir çoxlarının “başı gedəcək”. Hazırda isə bu onlara lazımdırmı? Axı seçki dövrüdür, onların reytinqi və s. var”, - deyə Qukasyan qeyd edib.

Onun sözlərinə görə, hətta hakimiyyət ümumiyyətlə 44 günlük müharibə hesabatı barədə danışmaq belə istəmirdi, yəqin ki, xalqa deyəcək heç nəyin olmadığını düşünürdülər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qukasyan  


Bizi "telegram"da izləyin