Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Hayk Sarkisyanın açıqlamalarının siyasi motivləri: Niyə o, 44 günlük müharibə ilə bağlı hesabatın açıqlanmasını tələb etmir, qardaşı müharibə günlərində nə ilə məşğul idi?” başlıqlı məqaləsində yazıb.
Nəşr qeyd edib ki, erməni deputat yenə də hərbi xidmətə çağırılanların sayının azalması faktını vurğulayıb və Ermənistan vətəndaşlığından imtina edənlərin sayının təxminən 40 faiz artdığını bildirib.
“Komissiyanın sədri Andranik Koçaryan məlumat verib ki, parlament aparatının ekspertiza və analitik idarəsi geniş rəy təqdim edib və həmin rəydə Hayk Sarkisyanın təqdim etdiyi qanunvericilik paketində yer alan bir sıra müddəaların Konstitusiyaya zidd olduğu qeyd olunub.
Müzakirədə iştirak edən müdafiə nazirinin müavini Arman Sarkisyan öz növbəsində bildirib ki, icra hakimiyyəti bu məsələnin qəbulunu məqsədəuyğun hesab etmir və bu təşəbbüsə müsbət rəy verilməsindən çəkinməyi təklif edib. Onun fikrincə, belə tənzimləmə ilə çağırışçıların sayının artırılması problemi, ümumilikdə, həll olunmayacaq.
Eyni zamanda, Müdafiə Nazirliyinin rəsmisi hakim qüvvəni təmsil edən deputatın iddialarına cavab verərək əmin edib ki, 2022-2026-cı illər dövründə hərbi xidmətə çağırılanların sayı 2022-ci ilin çağırışı ilə müqayisədə 25 faiz artıb”, - deyə məqalədə qeyd edilib.
Nəşr yazıb ki, hər halda, Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik daimi komissiyasının iclasında keçirilən səsvermənin nəticəsi olaraq Hayk Sarkisyanın qanunvericilik təşəbbüsü mənfi rəy alıb.
“Bundan sonra “Vətəndaş Müqaviləsi”nin deputatı Hayk Sarkisyan jurnalistlərə brifinq verib və bildirib ki, Ermənistanın müdafiə naziri Suren Papikyan razılaşmanı pozub. “İki il müdafiə naziri ilə işləmişəm, razılığa gəlmişik və yalnız bundan sonra layihəmi dövriyyəyə buraxmışam”, - deyə Hayk Sarkisyan vurğulayıb.
Hələ ötən il “168.am” bu mövzu çərçivəsində Suren Papikyanın həmin layihənin həyata keçirilməsində oynadığı rola toxunmuşdu. Xüsusilə, məqalələrdən birində yazmışdıq ki, Hayk Sarkisyanın müəllifi olduğu qanunvericilik paketi hökumət iclasının gündəliyində olub, hətta bəyənilib, Suren Papikyan da onu təqdim edib və rəhbərlik etdiyi qurumun adından müəyyən mövqe bildirib, dəyişikliklər edib. Yəni müəyyən mənada bu siyasi və ya Hayk Sarkisyan-Nikol Paşinyan oyununa daxil olub, onun məntiqi çərçivəsində çağırış prosesi ilə bağlı bəzi problemləri həll etməyə çalışıb”, - deyə müəllif vurğulayıb.
Müəllifin yazdığına görə, digər tərəfdən, nəşr öz mənbələrinə istinadən o zaman məlumat vermişdi ki, Suren Papikyanı daha çox məcburi hərbi xidmətdən yayınmaq məqsədilə Ermənistan vətəndaşlığından imtina təcrübəsi və statistikası ilə mübarizə maraqlandırıb.
“Buna görə də hökumətin son iclasında “Dövlət rüsumu haqqında” Ermənistan qanununda dəyişiklik etmək əvəzinə, “Müdafiə haqqında” qanunda nəzərdə tutulmasını təklif edib ki, 16 yaşı tamam olmamış kişi cinsindən olan vətəndaşlar üçün qanun qüvvəsi ilə Ermənistan qarşısında 15 milyon dram məbləğində ictimai-hüquqi pul öhdəliyi yaransın və bu öhdəlik kişi cinsindən olan vətəndaş hərbi qeydiyyata götürüldükdə və ya Ermənistan vətəndaşlığından çıxdığı halda dövlət büdcəsinin xeyrinə ödəniş edildikdə qüvvədən düşsün.
Əlbəttə, burada da müəyyən qeyd-şərtlər ola bilər, əgər nəzərə alsaq ki, belə addıma dövlət vəzifəlilərinin yaxın ətrafı da əl atır.
Artıq 2026-cı il yanvarında jurnalistlərlə görüşdə Suren Papikyan bəyan etmişdi ki, oğulları ordudan yayınmaq məqsədilə başqa ölkənin vətəndaşlığını alan əməkdaşları işdən azad edib. Bu mövzuya, əlbəttə, mütəxəssislər hüquqi baxımdan müəyyən ehtiyatla yanaşırlar, Suren Papikyan isə məsələni bəlkə də daha çox mənəvi müstəvidə görür, hətta orada hüquqi problemlər olsa belə”, - deyə nəşr bildirib.
Müəllif yazıb ki, hər halda, bu məsələ ayrıca müzakirə mövzusudur və konkret hallarla bağlı ona yenə qayıtmaq imkanı olacaq.
“Hayk Sarkisyan isə “Vətəndaş Müqaviləsi”, Nikol Paşinyan və Suren Papikyanla mövcud münasibətlərini nəzərə alaraq jurnalistlərə qapalı görüşlərdən bəzi epizodları danışıb.
“İki ildir müdafiə nazirindən xahiş edirəm, deyirəm ki, orduda həftədə bir dəfə əsgərlər yuyunur, şərait yaradın ki, hər gün yuyunsunlar.
Problem nədən yaranıb? 2024-cü ildə deputatlardan biri qapalı müzakirədə sual verdi, pnevmoniyadan ölüm hadisəmiz olmuşdu, ehtimal ki, soyuq su ilə yuyunmuşdu. Sonra da deyildi ki, tək bizim orduda həftədə bir dəfə yuyunmurlar, bir çox ordularda da belədir. Halbuki bir çox ölkələrdə əsgərlər hər gün yuyunurlar, Ermənistan və Afrikanın və ya zəif inkişaf etmiş ölkələrin ordularında isə həftədə bir dəfə yuyunurlar. İki il keçib, vəziyyət eynidir. Əlbəttə, yeni tikilmiş bəzi yerlər var ki, orada hər gün yuyunurlar, amma bu, kiçik faiz təşkil edir. Əksər hallarda isə bizim oğlanlar həftədə bir dəfə yuyunurlar, qoy Müdafiə Nazirliyinin rəhbər heyəti də həftədə bir dəfə yuyunsun, görüm bacarırlar?”, - deyə “Vətəndaş Müqaviləsi”nin deputatı jurnalistlərə danışıb və əlavə edib ki, ordunun sayı 44.000-dən 14.000-ə düşüb.
Hayk Sarkisyan Nikol Paşinyanın nümunəsində olduğu kimi ilk dəfə deyil ki, məxfilik elementləri daşıyan məlumatlar açıqlayır və ya ordudakı daxili problemləri ictimailəşdirir, bununla bağlı susmağı, guya rəqib sevinməsin deyə, yanlış hesab edir”, - deyə məqalədə qeyd edilib.
Nəşrin məlumatına görə, bununla belə, jurnalistlər ondan bir daha dəqiqləşdirməyə çalışıblar ki, ordunun sayını açıqlamaq, ordu daxilindəki problemləri ictimailəşdirmək doğrudurmu? Buna cavab olaraq “Vətəndaş Müqaviləsi”nin deputatı bildirib:
“2019-cu ildə mən deyəndə ki, ordumuzun sayı 44 mindən 25 minə düşüb, Baş Qərargah və Müdafiə Nazirliyi deyirdi ki, indi rəqib biləcək ki, sayımız azalıb, bu Hayk Sarkisyan nə edir? Mən də dedim ki, problemimiz var, onu qaldırmalıyıq ki, həll olunsun. Bir neçə ay sonra nə baş verdi? 2020-ci ilin fəlakətli müharibəsi baş verdi və müharibədən sonra keçmiş müdafiə naziri nə dedi? Dedi ki, bütün müharibə boyu Azərbaycan ovucunun içi kimi, 24/7 rejimində bütün hərəkəti izləyib.
Yəni harada “müdafiə ordusu”nun (ləğv edilmiş qanunsuz “hərbi birləşmə”-red.) komandanı olubsa, vurub, harada müavinləri olubsa, vurub. Yəni təkcə ümumi say göstəricilərini bilməyib, həm də komandirlərin, ordunun rəhbərliyinin, mühüm bölmələrin harada yerləşdiyini adbaad bilib və hədəfli zərbələr endirib. Deməli, “vah, rəqib bilər” fikri 2020-ci ildə iflasa uğrayıb.
İstər ordumuzun yerləşdiyi yerlər, istər təchizat yolları, istər mövqelər və sair, bunların hamısı izlənilib, izlənir və izlənəcək. Yəni “ordu haqqında danışır, indi məxfilik üzündən vəziyyətimiz pisləşəcək” fikri... Vəziyyət artıq 2020-ci ildən kritik dərəcədə pis vəziyyətdə qeydə alınıb və 44 günlük müharibə ilə bağlı istintaq komissiyasında da bunun haqqında danışmışıq ki, rəqib hər şeyi bilib”.
Maraqlıdır, görəsən, İstintaq komissiyasının qapalı sorğuları zamanı Hayk Sarkisyan rəqibin buna necə nail olduğunu aydınlaşdırmağa çalışıbmı? Axı 44 günlük müharibədən əvvəl mövqelərin düzülüşü başqa cür olub. Yəni biz anlamaq istəyirik: Hayk Sarkisyan xüsusən komissiyanın işində iştirak etdiyi halda dövlətə xəyanətlə bağlı məlumatlara da sahibdirmi? Üstəlik, reallığın gizlədilməsinin əleyhinə olan və problemlər barədə açıq danışmağın tərəfdarı olan Hayk Sarkisyan istəyirmi ki, 44 günlük müharibə ilə bağlı hesabat açıqlansın, bilək ki, komandanlığın olduğu yerləri kim göstərib, nə vaxt harada olacaqlarını kim deyib?”, - deyə məqalədə qeyd edilib.
Müəllif yazıb ki, yəni hər şeyi müşahidə və peyk şəkilləri ilə müəyyən etmək olmur.
“Hayk Sarkisyan isə, əlbəttə, bütün bunlar barədə susur.
Bu kontekstdə xatırladaq ki, hələ 2022-ci ildə “168.am” yazmışdı ki, 2018-ci ildə dövlətə xəyanət etmiş şəxs 2020-ci ildə müharibə meydanında yenidən peyda olub və eyni əməli təkrar edib. Söhbət 44 günlük müharibə günlərində “Hayduk” dəstəsinə rəhbərlik edən Qarun Babayandan gedir. O, “əfsanəvi” komandir Muşeğ Babayanın (Cermuklu Hamo) qardaşıdır.
Bu illər ərzində bizə Milli Təhlükəsizlik Xidmətindən öyrənmək nəsib olmayıb ki, 2018-ci ildə dövlətə xəyanət etmiş şəxsin 2020-ci ildə necə olub müharibə meydanına düşməsi mümkün olub. Yəni 2018-ci ildə törətdiyi dövlətə xəyanət nə vaxt üzə çıxıb? Yoxsa yalnız iki il sonra üzə çıxıb? Əgər müharibədən əvvəl aşkar olunmuşdusa, niyə o, Milli Təhlükəsizlik Xidmətinin diqqət mərkəzində olmayıb və 44 günlük müharibədə iştirak edib eyni xəyanətkar hərəkətləri edə bilib? Bu iş üzrə məhkəmə iclasları qapalı keçirilir, informasiya qapalıdır. Biz anlamağa çalışacağıq ki, artıq hökm varmı və hökm nədir.
Hələlik isə qeyd edək ki, Milli Təhlükəsizlik Xidməti Qarun Babayan barədə məlumat yaymışdı. Həmin məlumata görə, o, “2020-ci il sentyabrın 27-də başlanan müharibə əməliyyatları zamanı Azərbaycan xüsusi xidmət orqanları əməkdaşlarının verdiyi yeni tapşırıqları yerinə yetirmək məqsədilə könüllü dəstənin komandiri kimi döyüş əməliyyatlarında iştirak bəhanəsi ilə döyüş meydanına, Hadrut özünümüdafiə zonasına gedib və həmin ilin oktyabr ayının sonunadək məlumat toplamaq və onları rəqib dövlətin xüsusi xidmət orqanlarına ötürmək kimi xəyanətkar fəaliyyətini davam etdirib”. Yəni Q. Babayan, Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, özündə olan mobil telefonlarla foto və video çəkiliş aparıb və “Qarabağda və Ermənistanda yerləşən hava hücumundan müdafiə vasitələri, raket sistemləri, zirehli texnika, döyüş mövqeləri, özləri və müharibədə iştirak etmiş digər bölmələr, hərbi hissələr, onların yerləşdiyi yerlər və sairə ilə bağlı məlumatları rəqib dövlətə ötürüb”, - deyə nəşr bildirib.
Müəllif yazıb ki, kim bilir, bəlkə də 44 günlük müharibə zamanı ölən erməni komandirlər bu şəxsin və ya qrupun xəyanətkar hərəkətləri nəticəsində hədəfə çevriliblər?
“Yeri gəlmişkən, hələ illər əvvəl Milli Təhlükəsizlik Xidmətindən aydınlaşdırmağa çalışmışdıq ki, Hadrutda ən yaxşı komandirlərin, yaxud 2020-ci il oktyabrında Xocavənd komanda məntəqəsində “müdafiə ordusu” komandanının müavini Artur Sarkisyanın və Sergey Şakaryanın öldürülməsi xəyanətin nəticəsi olubmu? Buna cavab olaraq Milli Təhlükəsizlik Xidmətindən bildirmişdilər ki, həmin anda belə məlumatlar onlarda yoxdur.
Hayk Sarkisyana qayıdaq və 2020-ci ilin 44 günlük müharibəsi kontekstində bir epizodu xatırladaq. Müharibə dövründə belə məlumatlar və faktlar dolaşırdı ki, müharibə zamanı Nikol Paşinyan Hayk Sarkisyanın (“Şüşə tutan”) qardaşı Nairi Sarkisyana dövlət büdcəsindən nağd pulla 5 milyon ABŞ dolları dəyərində zirehli gödəkçələr, pilotsuz uçuş aparatları, termal nişangahlar almaq səlahiyyəti verib”, - deyə müəllif vurğulayıb.
Nəşr qeyd edib ki, xüsusilə, Nairi Sarkisyan Ermənistan adından nağd ödəniş üsulu ilə hər biri 240 ABŞ dolları dəyərində 3000 ədəd zirehli gödəkçə alıb.
“Yəni bu məqsədlə dövlət büdcəsindən Sarkisyana nağd şəkildə 720.000 ABŞ dolları verilib. Buna bənzər başqa epizodlar da var.
Maraqlıdır ki, 2023-cü il avqustun 1-də İstintaq komissiyasında Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanın dindirilməsi zamanı Hayk Sarkisyanın suallarından biri zirehli gödəkçələr və dəbilqələrlə bağlı olub. Xüsusən də o, müharibə vaxtı ovçu gödəkçəsindən istifadə olunmasını normal hesab edib və bildirib ki, çoxları idman geyimində müharibəyə gedib. Bu isə artıq Paşinyan hakimiyyətinin idarəetmə sistemindən və iflasa uğramış səfərbərlikdən xəbər verir. Görəsən, Hayk Sarkisyan bunun barədə ardıcıl danışırdımı, yoxsa o zaman Paşinyanla hələ dostluq münasibətində idi?
Yəni sual yaranır: əgər onun layihəsi qəbul olunsaydı, Papikyan “sözünü tutsaydı”, görəsən Hayk Sarkisyan bu qədər ifşaedici açıqlamalar verərdimi?
Məxfi məlumatların yayılmasına gəlincə, Azərbaycan onsuz da hər şeyi görür deyə bunu əsaslandırmaq qətiyyən yolverilməzdir. Amma bu, hakim qüvvə, Paşinyan və onun nazirləri üçün qəbul olunmuş qaydadır. Yəni mövcud hakimiyyət üçün normal olan şey hələ o demək deyil ki, bu, həqiqətən normal və qəbulolunandır”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az