“Babayanın həbs edilməsini çoxları “könüllü təslim olma” kimi qəbul edib, amma əslində heç də belə deyildi” - Abrahamyan

2026/04/1775554216.jpg
Oxunub: 455     16:29     17 Aprel 2026    
“Bilirsiniz, kimsə Respublikaçılar Partiyasını qorxaq olmaqda ittiham etməyə çalışanda, mən belə düşünənlərə xatırlatmaq istəyirəm ki, 2018-ci ildən sonrakı dövrdə, çoxları və ya böyük əksəriyyət Nikol Paşinyana hər hansı formada qarşı çıxmaqdan çəkinəndə, 2018-ci ilin məlum hadisələrindən sonra ona yaltaqlananda, şəkillərlə meydanlarda olduqlarını və Respublikaçılar Partiyasının istefasını tələb etdiklərini xatırlatmağa çalışanda, müxalifətdə olan yeganə qüvvə Respublikaçılar Partiyası idi”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim Var” fraksiyasının katibi, Ermənistan Respublikaçılar Partiyası İdarə Heyətinin üzvü Tiqran Abrahamyan deyib.

“Yadımdadır, 2018-ci ilin avqustunda cəbhə xəttində Azərbaycan xüsusi təyinatlı bölmələrinin kifayət qədər böyük cəmləşməsi var idi. Mən o vaxt “Qarabağ”ın (ləğv edilmiş qondarma qurum-red.) rəhbərinin müşaviri idim” və bu barədə danışmalı idik. Müzakirə edirdik ki, mövzunu hansı formatda təqdim edək ki, azərbaycanlılar üçün də aydın olsun ki, qəfil hücum amili işləməyəcək.

Bako Sahakyan təklif etdi ki, bu mövzuda mən ictimaiyyət qarşısında danışım. Təsəvvür edin, eyforik vəziyyət, 2018-ci ilin avqustu, hamı deyir ki, artıq hər şey bitdi, Nikol gəldi, sülh gəldi və sair. Mən isə müsahibə verib deyirəm ki, Azərbaycan tərəfdən cəmləşmə var, gözlənilməz hərəkətlər üçün kifayət qədər böyük təhlükə mövcuddur. Həmin gün paylaşdığım müsahibənin altına necə adamların şəxsi mesaj yazdığını, necə adamların şərh etdiyini yaxşı xatırlayıram: bəsdir, yetər, bizi şantaj etməyin, müharibə ilə qorxutmayın və sair.

Onların arasında bu günün oyunçuları da var idi, ad çəkmək istəmirəm. Mən onları bağışlamışam, xristian adamam, Erməni Apostol Kilsəsinin davamçısıyam və imkan olduqca insanları bağışlayıram”, - deyə Abrahamyan qeyd edib.

O bildirib ki, Ermənistan Respublikaçılar Partiyasının qərarı dar partiyaçılığı, dar komanda maraqlarını bir kənara qoymaq, onları daha böyük məqsəd naminə ikinci plana keçirmək qərarı idi.

“Düşünürəm ki, Respublikaçılar Partiyası bu mərhələdə nümunəvi addım atıb. Bu, çox vacibdir ki, cəmiyyətimiz və xüsusən də bizə inanan vətəndaşlar bunu fasilə, mübarizədən imtina kimi qəbul etməsinlər. Respublikaçılar Partiyası daxili partiya islahatlarından başlayaraq, real müxalifət düşərgəsinə təklif etdiyimiz dəstək paketinə qədər öz qərarı ilə yanaşı, hansı istiqamətdə hərəkət edəcəyini də təqdim etdi.

Məndə belə bir əminlik var ki, küçəyə sahib çıxmadan, daxili siyasi gündəmə nəzarət etmədən seçkilər yolu ilə dəyişikliklərə getmək mümkün deyil. Biz vətəndaşlarımızın seçkiyə getməsi üçün hər şeyi edəcəyik, təbliğat səviyyəsində də edəcəyik, amma eyni zamanda müxalif qüvvələrə tövsiyəmiz və çağırışımız budur ki, seçki prosesləri ilə paralel olaraq həmin iki ən vacib məsələyə bütün diqqətlə yanaşsınlar”, - deyə o bildirib.

Abrahamyan deyib ki, David Babayanın həbs edilməsini çoxları “könüllü təslim olma” kimi qəbul edib, amma əslində heç də belə deyildi.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Abrahamyan  


Bizi "telegram"da izləyin