Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Manevretmə həddi: Rusiya ilə münasibətlərin pozulması halında Ermənistan hansı təhlükələrlə üzləşə bilər?” başlıqlı məqaləsində yazıb.
Nəşr qeyd edib ki, təhlükəsizlik baxımından mümkün inkişaflar ən həssas məsələlərdən biri kimi qiymətləndirilir. Müzakirələr çərçivəsində tez-tez qeyd olunur ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq regionda güc balansında ciddi dəyişikliklərə səbəb ola bilər. Bunun nəticəsində Ermənistan əlavə təhlükəsizlik çağırışları ilə üzləşə bilər, xüsusilə də regionda mövcud gərginlik və qonşu ölkələrin hərbi potensialı nəzərə alınarsa.
“İqtisadi nəticələr baxımından da ekspertlər narahatedici proqnozlar səsləndirirlər. Rusiya ilə iqtisadi əlaqələrin qırılması ticarət dövriyyəsinə təsir göstərə bilər ki, bu da bazarların itirilməsinə və iqtisadi qeyri-sabitliyə gətirib çıxarar. Yeni bazarların axtarışı uzunmüddətli iş və resurslar tələb edir, bu müddətdə isə biznes ciddi çətinliklərlə üzləşə bilər. Bundan əlavə, əmək miqrasiyası amili də mühüm əhəmiyyət kəsb edir: minlərlə vətəndaş üçün Rusiya əsas iş istiqamətlərindən biri olub və bu imkanın məhdudlaşdırılması ciddi sosial nəticələrə səbəb ola bilər.
Siyasi qiymətləndirmələr çərçivəsində müxtəlif mövqelər səsləndirilir”, - deyə nəşr bildirib.
Ermənistanın “Demokratik Alternativ” partiyasının sədri Suren Surenyants yazıb: “Moskvanın mesajı aydındır: İrəvan artıq “iki stulda oturmaq” siyasəti yürüdə bilməz. Faktiki olaraq, Paşinyanın hazırkı siyasi kursu ölkəni elə bir nöqtəyə gətirib ki, “çoxvektorlu” siyasət artıq xarici tərəfdaşlar üçün etimad doğurmayan davranış kimi qəbul edilir. Məhz burada Moskvanın mesajının əsas mahiyyəti üzə çıxır: “iki stulda oturmaq” artıq qəbul edilmir. Bu isə o deməkdir ki, yaxın dövrdə Rusiyanın Ermənistana münasibətdə siyasəti daha sərt və daha hesablanmış olacaq. Nikol Paşinyan əkdiyini biçir: o, ABŞ, Avropa İttifaqı, Türkiyə və Azərbaycanın açıq dəstəyinə arxalanaraq “kənardan oyunçu gətirmək” avantürasına başladı və indi Rusiyanın əks reaksiyası ilə üzləşir”.
Nəşrin məlumatına görə, yaranmış vəziyyət göstərir ki, xarici siyasətdə atılan hər bir addımın öz qiyməti var.
“Rusiya ilə münasibətlərin mümkün pozulmasının nəticələri çoxşaxəlidir və həm təhlükəsizlik, həm iqtisadi, həm də sosial sahələri əhatə edir. Ermənistan uzun illər ərzində Rusiya sistemləri ilə sıx bağlı olub və bu əlaqələrin kəskin şəkildə qırılması ağır və uzunmüddətli nəticələrə gətirib çıxara bilər.
Belə şəraitdə ölçülüb-biçilmiş siyasətin həyata keçirilməsi xüsusilə vacibdir, çünki hər hansı kəskin addım təkcə dövlət sisteminə deyil, həm də hər bir vətəndaşın həyatına təsir göstərə bilər”, - deyə müəllif bildirib.
Alpər Mövludoğlu
Ordu.az