Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Avans qəhrəmanlardan verbal qəhrəmanlara qədər, yaxud Paşinyanın Anna Hakobyandan qəbul etdiyi “ötürmə” başlıqlı məqaləsində yazıb.
Nəşrə görə, Aprel müharibəsinin 10-cu ildönümüdür və belə görünürdü ki, hökumətin iclasından sonra jurnalistlərlə brifinq zamanı Nikol Paşinyan əvvəlcə günün mahiyyətinə hörmət etməlidir.
“Xatırladaq ki, “Vətəndaş Müqaviləsi” könüllü dəstəsi mayın 14-dən etibarən Qarabağa getmişdi, halbuki apreldə başlanan döyüş əməliyyatları artıq başa çatmışdı. Onlar həmin vaxt sərhəddən uzaqda yerləşən Canyataqda səngər qazmışdılar. Bu, 44 günlük müharibədən sonra sərhədə çox yaxın əraziyə çevrilmişdi.
Həmin dövrdə müdafiə naziri Seyran Ohanyanın əmri ilə bu gün həmin vəzifəni tutan Suren Papikyan “2016-cı ilin aprel ayında dörd günlük döyüş əməliyyatlarında iştirakına görə” “Qaregin Njdeh” medalı ilə təltif edilmişdi”, - deyə məqalədə qeyd edilib.
Müəllif yazıb ki, dəstənin digər üzvləri də o vaxt fəxri fərmanlarla təltif olunmuşdular.
“Necə olur ki, may ayında Qarabağa gedərək Aprel döyüşlərində iştirak etmək mümkündür, bunu izah etməyə ehtiyac yoxdur, lakin keçmiş nazirin əmrində məhz belə yazılıb.
Bu gün isə Nikol Paşinyan 2016-cı ilin aprel döyüşlərini qısaca xatırladaraq bildirib ki, həmin vaxt silah problemi olub. Halbuki silah və sursat çatışmazlığı ilə bağlı ilkin iddialar sonradan Paşinyan hakimiyyəti dövründə yaradılmış Aprel müharibəsini araşdıran istintaq komissiyasının sədri Andranik Köçəryan tərəfindən təkzib edilmişdi.
Bu hesabat da ictimaiyyətə təqdim edilməyib, lakin onunla tanış olan müxalifət deputatları Tiqran Abrahamyan və Geğam Manukyan bildirmişdilər ki, komissiyanın hesabatında dörd günlük döyüşlərin nəticələri barədə heç nə yoxdur, təqdim olunan formul və qiymətləndirmələr isə əsaslandırılmayıb”, - deyə müəllif vurğulayıb.
Nəşrə görə, bu kontekstdə Nikol Paşinyan əmin edib ki, 2020-ci ilin 44 günlük müharibəsi zamanı heç bir bölmədə silah çatışmazlığı olmayıb və bu faktla barışmaq lazımdır: “Heç kəsin silah çatışmazlığı olmayıb”.
“Bu yerdə bir neçə məqamı xatırladaq.
Birincisi, 2023-cü ilin iyununda Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi Onik Qasparyan bildirmişdi: “Diplomatik işin zəifliyi nəticəsində blokada şəraitində qaldığımız halda, silahlı qüvvələrin lazımi miqdarda raket və sursatla fasiləsiz və sistemli təminatı qeyri-effektiv təşkil olundu. Nəticədə raket və sursat sərfiyyatını, eləcə də silah və hərbi texnika itkilərini tam şəkildə kompensasiya etmək mümkün olmadı”.
İkincisi, 44 günlük müharibə üzrə istintaq komissiyasının sədri Andranik Köçəryan da müxtəlif vaxtlarda silah və sursatın yararsız olması barədə danışaraq qeyd etmişdi: “İstintaq komissiyasının topladığı geniş həcmli məlumat paketini mən Baş prokurorluğa göndərmişəm”.
Üçüncüsü, mümkündür ki, 44 günlük müharibə zamanı hərbi rəhbərlik hesab edirdi ki, bizə başqa silahlanma lazım idi və onun olmamasını məğlubiyyətin səbəbi kimi qiymətləndirir, Paşinyan isə, əslində, belə düşünmür.
Hər halda, Paşinyan bu brifinqdə də generalların “qaçışı” mövzusuna toxunaraq, əvvəlki bəyanatlarını təkrarlayıb və bir gün əvvəl Anna Hakobyanın etdiyi “ötürməni” qəbul edib. Sadəcə, bu dəfə qeyd etməyi lazım bilib ki, bütün generallar qorxaq deyil.
“Mən deməmişəm ki, generallar qorxaqdır, demişəm ki, qorxaq generallar və fərarilər var. Və bəli, onların bir çoxu məhkəmə qarşısındadır. Bizdə talançı generallar var ki, qanunsuz əmlak işləri üzrə məsuliyyətə cəlb olunurlar. Həmçinin korrupsiya işlərində adları keçən generallar var. Mən hesab edirəm ki, “qəhrəman” sözünü çox ehtiyatla işlətməliyik, çünki bu sözü o qədər istifadə etmişik ki, nəticədə həqiqi qəhrəmanları söz qəhrəmanlarının içində itib-batırmışıq.
Döyüş tapşırığını yerinə yetirməkdən imtina edən insanlar varsa, başa düşmək istəyirəm, biz bunu kimdən gizlədirik? İnsanlar öz qaçışlarını, fərariliyini mənim əmrlərimlə əlaqələndirməsinlər, mən belə əmrlər verməmişəm. Bəzi insanlar belə əmrlər almaq istəyiblər, amma mən heç vaxt belə əmrlər verməmişəm. Kim belə şey deyirsə, o, qaçanlar ordusundandır. Bəzən elə təsəvvür yaranır ki, hər şey bir-birinə qarışdırılır, mən isə heç vaxt qarışdırmıram və hər şeyi öz adı ilə çağırıram. Bəli, bizdə qorxaq generallar olub, korrupsiya nəticəsində general olan adam nə olmalıdır ki? Mövqelərdə konserv bankası asıblar, amma İrəvanın mərkəzində özlərinə saraylar tikiblər”, - deyə Paşinyan bildirib və davam edib:
“Qarabağdan gəlib burada “kişilik” nümayiş etdirirlər. Amma 44 günlük müharibə zamanı onların tarixçələrini araşdıranda görürük ki, biri fərari olub, biri panika yayıb, biri oğlunu mövqelərdən qaçırıb. Hamısının adlarını açıqlayacağıq və həmin şəxslər mühakimə olunacaq. Ümid edirəm ki, Ermənistanın məhkəmə sistemi onlarla layiq olduqları kimi davranacaq, yəni sıravi səviyyəsinə endiriləcəklər. Onlar rütbələrindən məhrum edilməlidirlər, çünki həmin paqonları daşımağa haqları yoxdur”.
Bu iddialar kontekstində digər faktları da xatırladaq”, - deyə məqalədə bildirilib.
Məqalə müəllifinin sözlərinə görə, Nikol Paşinyan bildirir ki, geri çəkilmə və ya qaçışla bağlı heç bir əmr verməyib.
“Bəs hərbi vəziyyət şəraitində onun ali baş komandan səlahiyyətlərini üzərinə götürərək Baş Qərargah rəisinə birbaşa əmrlər vermək hüququ var idimi? Daha da önəmlisi, Şuşanı əks-hücumla “geri almaq” (işğal etmək-red.) əmri hansı statusla verilib?
Yaxud, oktyabrın 7-də və 8-də Rusiya prezidenti Putinlə telefon danışığı zamanı ona Bakının tələbi barədə məlumat verilib: yəni döyüşsüz Füzulinin təhvil verilməsi və erməni qüvvələrinin Araz çayı boyunca Xudafərin su anbarına qədər geri çəkilməsi. Belə ki, su anbarı Azərbaycanın nəzarətində olsun və oradan suvarma üçün istifadə edə bilsinlər. Paşinyanın istintaq komissiyasında bəhs etdiyi “müəyyən çeviklik” nə demək idi? Bu, əslində geri çəkilmə ilə bağlı siyasi göstəriş deyilmi? Bu, birinci məsələdir.
İkincisi, Paşinyan generalların və yüksək rütbəli hərbçilərin qaçışından danışır, lakin 44 günlük müharibə ilə bağlı yüksək rütbəli hərbçilərə qarşı açılmış cinayət işləri əsasən xidməti səhlənkarlıq ittihamları ilə bağlıdır.
Mövcud hakimiyyətə yaxın hesab olunan, müdafiə naziri Suren Papikyanın yaxın çevrəsinə aid Vahan Yayloyana qarşı açılmış cinayət işi isə ayrıca, alay komandiri vəzifələrindən imtina və faktiki olaraq onların icrasının dayandırılması, həmçinin “xidmətə səhlənkar münasibət” göstərilməsi ittihamı ilə bağlı idi.
Lakin bir müddət sonra o, bəraət aldı və hazırda Müdafiə Nazirliyinin mühüm idarələrindən birində vəzifə tutur. Hətta bəraət almadan əvvəl də hərbi xidmətdə idi və Arazdəyən istiqamətində komandanlıq edirdi”, - deyə nəşr bildirib.
Müəllifin sözlərinə görə, maraqlıdır ki, oktyabrın 9-da və ya ondan əvvəl Yayloyan əməliyyat planı hazırlayırdı, lakin oktyabrın 10-da “müdafiə ordusu”nun (ləğv edilmiş qanunsuz “hərbi birləşmə”-red.) müvafiq müdafiə rayonunun komandiri alay komandiri vəzifəsindən imtina edir.
“Polkovnik cənub istiqamətinin, Hadrutun ərazisini tanımırdımı? Halbuki o, xidmətə İrəvandan Qarabağa göndərilmişdi və bundan əvvəl Mehridə xidmət etmişdi. Fakt isə odur ki, o, öz vəzifələrini yerinə yetirməkdən imtina edib, Paşinyanın ifadəsi ilə desək, “qaçıb”.
Bu faktlar sırasını müharibə günlərində həm xəyanətkarlar, həm panika yayanlar, həm də silah-sursat anbarlarını açmayanlar barədə digər məlumatlarla da genişləndirmək olar, lakin hələlik bununla kifayətlənək.
Əgər Paşinyan öz günahsızlığına və məsuliyyətin əsas hissəsinin hərbi rəhbərliyin üzərinə düşdüyünə əmindirsə, o zaman istintaq komissiyasının hesabatını açıqlasın, xüsusilə də reallığı gizlətməməkdən danışdığı bir vaxtda.
44 günlük müharibə dövrünün hərbi rəhbərliyi isə susmağa, Paşinyanın ittihamlarını qəbul etməyə davam edə və danışmaya bilər: məsələn, onun oğlunun necə xilas edildiyini, hansısa məmurun oğlunun necə çıxarıldığını və s.
Paşinyan isə sona qədər gedəcək və əgər kimlərsə düşünürsə ki, susmaq və ya 2020-ci il noyabrın 9-da Müdafiə Nazirliyində sığınacaq tapmaq onları həbsdən xilas edəcək, yanılırlar, hələ hər şey qarşıdadır.
Amma bu artıq onların seçimidir…”, - deyə məqalədə qeyd edilib.
Alpər Mövludoğlu
Ordu.az