“Yüzlərlə və ya minlərlə hərbçini əhatə edə bilər” – Trampın İranın uran ehtiyatını ələ keçirmək üzrə yüksək riskli planının detalları

2026/04/1775129773.jpg
Oxunub: 896     15:27     02 Aprel 2026    
ABŞ ordusu Donald Trampın tapşırığı ilə İranın yüksək zənginləşdirilmiş uran ehtiyatını ələ keçirməyə yönəlmiş yüksək riskli əməliyyatı nəzərdə tutan fövqəladə müharibə planı hazırlayıb. “Washington Post” qəzetinin məsələ ilə tanış olan iki mənbəyə istinadən yaydığı məlumata görə, bu addım müasir tarixdə ən iddialı və presedentsiz hərbi missiyalardan biri ola bilər.

Təklifə əsasən, İran ərazisində yerləşən təxminən 1000 funt radioaktiv materialın təhlükəsiz şəkildə ələ keçirilməsi planlaşdırılır. Bildirilir ki, bu, adi zərbə əməliyyatı deyil, düşmən ərazisinin dərinliklərində genişmiqyaslı və quru qoşunlarına əsaslanan əməliyyat tələb edəcək.

Hərbi planlaşdırıcılar mürəkkəb logistik ardıcıllıq hazırlayıblar. ABŞ qüvvələri İrana daxil olmalı, qazıntı avadanlıqları daşımalı və ağır yük təyyarələrinin eniş edə biləcəyi müvəqqəti uçuş-enmə zolağı inşa etməlidir. Daha sonra bu təyyarələr vasitəsilə uran həmin ərazidən çıxarılacaq. Əməliyyat yüzlərlə, hətta minlərlə hərbçinin iştirakını tələb edə və bir neçə həftə davam edə bilər ki, bu da İranın müdafiə sistemləri qarşısında riskləri əhəmiyyətli dərəcədə artırır.

Bu məlumat Trampın İranla bağlı son çıxışında müharibənin çox tezliklə başa çatacağını deməsi və ABŞ-nin əməliyyatları növbəti iki-üç həftə ərzində davam etdirəcəyini bildirməsi fonunda yayılıb.

ABŞ rəsmiləri münaqişəni dayandırmaq məqsədilə İrana 15 bənddən ibarət çərçivə təklif ediblər. Məlumata görə, bu təklifə Tehranın yüksək zənginləşdirilmiş uran ehtiyatını təhvil verməsi tələbi də daxil edilib. Donald Tramp bu materialı “nüvə tozu” adlandırıb.

İran bu təklifi rədd edib, lakin müharibə başlamazdan qısa müddət əvvəl keçirilən danışıqlarda uranın zənginləşdirilmə səviyyəsini azaltmağa hazır olduğunu, lakin ondan tam imtina etməyəcəyini bildirmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   İran  


Bizi "telegram"da izləyin