8 ildə 10% geriləmə: Ermənistan kənd təsərrüfatı niyə çıxılmaz dövrəyə düşüb?

2026/03/1774782515.jpg
Oxunub: 626     19:23     17 Aprel 2026    
Ermənistanın kənd təsərrüfatı sektoru son illərdə mürəkkəb və ziddiyyətli mərhələdə qalmaqda davam edir. Belə ki, bəzi makroiqtisadi göstəricilər nisbi sabitlik və hətta artım təəssüratı yaratsa da, əslində ciddi sistemli böhran meyilləri mövcuddur.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Müvəqqəti böhran yox, sistemli problemlərin yığılması” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edib ki, bu problemlər həll olunmasa, uzunmüddətli perspektivdə təkcə sahənin səmərəliliyi deyil, həm də ölkənin ərzaq təhlükəsizliyi və sosial-iqtisadi sabitliyi zərər görə bilər.

“Baxmayaraq ki, 2025-ci ildə kənd təsərrüfatında təxminən 5,6 % artım qeydə alınıb və bitkiçiliklə heyvandarlığın bəzi alt sahələrində müsbət irəliləyişlər müşahidə olunub, bu artım hələ sabit inkişaf göstəricisi sayıla bilməz. Çünki o, məhsuldarlığın əhəmiyyətli yüksəlməsi və struktur islahatlarla müşayiət olunmur.

Kənd təsərrüfatının real mənzərəsi uzunmüddətli dinamikanın təhlili zamanı daha aydın görünür. Belə ki, son səkkiz il ərzində sektor təxminən 10 % azalma göstərib ki, bu da müvəqqəti böhran deyil, sistemli problemlərin yığılmasından xəbər verir. Bu enişin səbəbləri təbii resursların səmərəsiz idarə olunmasından tutmuş maliyyə, texnoloji və institusional məhdudiyyətlərə qədər çoxşaxəli və bir-biri ilə əlaqəlidir”, - deyə müəllif bildirib.

Nəşr qeyd edib ki, birinci və bəlkə də ən əsas problem su ehtiyatlarının səmərəsiz idarə olunmasıdır.

“Bu, xüsusilə Ermənistan kimi ölkə üçün vacibdir. Çünki su ehtiyatları nisbətən kifayət qədər olsa da, onların istifadəsi aşağı səmərəlilik səviyyəsində qalır. Maraqlıdır ki, kənd təsərrüfatı sahəsi vaxtaşırı suvarma suyu çatışmazlığı problemi ilə üzləşir və bu məsələ Göyçə gölündən buraxılan suyun həcmini artırmaqla həll edilməyə çalışılır. Nəticədə isə Ermənistan strateji şirin su ehtiyatını itirir. Digər tərəfdən, ölkədə belə bir vəziyyət yaranır ki, kənd təsərrüfatı torpaqlarının əhəmiyyətli hissəsi suvarılmır. Bu isə resurs çatışmazlığından yox, idarəetmə və infrastruktur problemlərindən qaynaqlanır. Bu hal xüsusilə artıq kənd təsərrüfatına təsir edən iqlim dəyişiklikləri şəraitində məhsuldarlığın azalmasına, məhsulun qeyri-sabitliyinə və risklərin artmasına gətirib çıxarır.

İkinci mühüm problem maliyyə resurslarına məhdud çıxışdır. Bu isə fermerləri zəruri investisiyalar etmək imkanından məhrum edir. Kredit sistemi çox vaxt ya bahalı, ya da çətin əlçatandır. Sığorta mexanizmləri isə hələ tam işlək deyil, baxmayaraq ki, dövlət kənd təsərrüfatı sığortasını təşviq etmək üçün sığorta haqlarını subsidiyalaşdırır. Lakin bu addımlar risklərin idarə olunması üçün kompleks sistem yaratmaq baxımından hələ kifayət deyil”, - deyə məqalədə qeyd edilib.

Nəşr yazıb ki, texnoloji gerilik də sahənin əsas problemlərindən biridir. Kənd təsərrüfatı texnikasının çatışmazlığı və ya köhnəlməsi, müasir texnologiyaların məhdud tətbiqi və bilik çatışmazlığı aşağı məhsuldarlığa və yüksək maya dəyərinə səbəb olur.

“Bu kontekstdə xüsusilə qeyd etmək lazımdır ki, kənd təsərrüfatında bilik və innovasiyanın tətbiqi hələ də məhduddur. Nəticədə sektor intensiv inkişaf modelinə keçə bilmir.

Digər ciddi problem məhsulun realizasiyası və bazarlara çıxış imkanlarının məhdudluğudur. Fermerlər tez-tez məhsulun tədarükü ilə bağlı çətinliklərlə üzləşirlər, yəni istehsalçı ilə son istehlakçı arasında əlaqə zəif və qeyri-sabitdir. Bu, yalnız fermerlərin gəlirlərini azaltmır, eyni zamanda məhsuldarlığın düşməsinə də səbəb olur. Eyni zamanda, Ermənistanda kənd təsərrüfatı məhsullarının idxalı yüksək olaraq qalır: illik təxminən 1,4 milyard dollar. Halbuki bunun əhəmiyyətli hissəsini ölkə daxilində istehsal etmək mümkündür. Bu isə daxili istehsal potensialının reallaşdırılmadığını göstərir.

İqlim dəyişiklikləri və onların kənd təsərrüfatına təsiri də getdikcə əsas amilə çevrilir. Temperatur dəyişiklikləri, yağıntıların qeyri-sabitliyi və ekstremal hava hadisələrinin artması riskləri yüksəldir və iqlimə davamlı kənd təsərrüfatı yanaşmalarının tətbiqini tələb edir. Lakin bu sahədə bilik və texnologiya çatışmazlığı adaptasiya imkanlarını məhdudlaşdırır”, - deyə nəşr bildirib.

Müəllif qeyd edib ki, bütün bu problemlər bir-biri ilə bağlıdır və qapalı bir dövrə yaradır.

“Aşağı məhsuldarlıq, məhdud investisiyalar və bazar problemləri bir-birini gücləndirərək sektoru zəiflədir. Nəticədə kənd təsərrüfatı çox vaxt gəlirli iqtisadi fəaliyyət yox, sadəcə dolanışıq vasitəsinə çevrilir ki, bu da onun strateji sahə kimi inkişafına mane olur.

Həll yolları isə sistemli və uzunmüddətli olmalıdır. İlk növbədə su ehtiyatlarının idarə olunması köklü şəkildə dəyişdirilməlidir, müasir suvarma sistemləri, xüsusilə damcı suvarma tətbiq edilməli və suyun səmərəli istifadəsi təmin olunmalıdır. Bu, həm məhsuldarlığı artıracaq, həm də riskləri azaldacaq.

Bununla yanaşı, maliyyə alətləri inkişaf etdirilməli, əlçatan kreditləşmə və effektiv sığorta sistemləri təmin olunmalıdır. Dövlət subsidiyaları mühüm rol oynaya bilər, lakin əsas məsələ özəl sektorun cəlb olunması və maliyyə bazarlarının inkişafıdır.

Texnoloji modernləşmə prioritetə çevrilməlidir. Bu, həm müasir texnikanın tətbiqini, həm də rəqəmsal texnologiyaların istifadəsini, məlumat əsaslı kənd təsərrüfatı, monitorinq sistemləri və avtomatlaşdırmanı əhatə edir”, - deyə məqalədə vurğulanıb.

Müəllif qeyd edib ki, eyni zamanda bazarlara çıxış və logistika infrastrukturu yaxşılaşdırılmalıdır. Buraya tədarük sistemlərinin islahatı, kooperativlərin inkişafı və ixracın təşviqi daxildir. Ənənəvi ixrac bazarlarına yenilərinin əlavə olunması Ermənistan üçün geniş imkanlar aça bilər, lakin bunun üçün konkret addımlar atılmalıdır.

“Çox vacibdir ki, təhsil və bilik ötürülməsi sahənin inkişafının əsasına çevrilsin. Həvəskar yanaşma uzunmüddətli irəliləyiş təmin edə bilməz. Kənd təsərrüfatı artıq elmi yanaşma və innovasiya olmadan inkişaf edə bilməz.

Nəhayət, kənd təsərrüfatını ölkənin ümumi iqtisadi inkişafı ilə əlaqələndirən aydın strateji baxış formalaşdırılmalıdır. Bu baxımdan kənd təsərrüfatı yalnız ənənəvi sahə kimi deyil, iqtisadi artımın və sosial sabitliyin əsas amillərindən biri kimi qiymətləndirilməlidir”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Kənd-təsərrüfatı  


Bizi "telegram"da izləyin