Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Vpoanalytics.com” nəşri “Pekin Yaxın Şərqdə müharibə həddində balans saxlayır” başlıqlı məqaləsində yazıb.
Nəşr qeyd edib ki, Pekin region ölkələri ilə sıx iqtisadi və ticarət əlaqələri saxlayır və 2023-cü ildə Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin normallaşdırılmasında vasitəçi kimi çıxış edərək müəyyən diplomatik uğurlar əldə edib, eyni zamanda münaqişə tərəfləri arasında balans qoruyub.
“Çin-İran münasibətləri Tehran və Pekin arasında uzunmüddətli iqtisadi və siyasi əlaqələrə əsaslanır. İran üçün Çin ABŞ-nin ölkəni iqtisadi və diplomatik təcrid etmək cəhdlərinə qarşı mühüm tərəfdaşdır. Pekin üçün isə İran təkcə həyati əhəmiyyətli enerji mənbəyi deyil, həm də Çin Prezidenti Si Cinpinin “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsində mühüm rol oynayan strateji tərəfdaşdır.
Lakin hazırkı müharibə sürətlə daha geniş regional qarşıdurmaya çevrilib və Pekin artan geosiyasi qeyri-sabitlik şəraitində iqtisadi maraqlar, strateji ambisiyalar və diplomatiya arasında balans qurmağa məcbur qalıb.
Martın 2-də Çinin xarici işlər naziri Van İ İranın XİN rəhbəri Abbas Əraqçi ilə telefon danışığında bildirib ki, Pekin İranla uzunmüddətli münasibətlərini yüksək qiymətləndirir və Tehranın suverenliyini, təhlükəsizliyini, ərazi bütövlüyünü və milli ləyaqətini qorumaq səylərini dəstəkləyir. O, eyni zamanda bütün tərəfləri təmkinli olmağa çağırıb”, - deyə məqalədə qeyd edilib.
KİV-in yazdığına görə, Van İ ABŞ və İsraili hərbi əməliyyatları dərhal dayandırmağa çağıraraq xəbərdarlıq edib ki, eskalasiya Yaxın Şərqdə münaqişənin genişlənməsinə səbəb ola bilər. O, həmçinin İranın daxili sabitliyi qoruyacağına ümid etdiyini bildirib və İranın qonşularının “qanuni maraqlarının” nəzərə alınmasının vacibliyini vurğulayıb.
“Buna baxmayaraq, İranla strateji və iqtisadi maraqlara rəğmən, Pekin ehtiyatlı və diplomatik mövqe saxlayır. 2025-ci ildəki 12 günlük müharibə zamanı da Çin açıq siyasi dəstəkdən çox vasitəçilik və regional əməkdaşlığa üstünlük verib.
Van İ region ölkələrinin nümayəndələri ilə bir sıra telefon danışıqları apararaq gərginliyi azaltmağa çalışıb. Oman XİN rəhbəri ilə görüşündə o qeyd edib ki, münaqişənin genişlənməsi Körfəz ölkələrinin maraqlarına uyğun deyil və region ölkələri “xarici müdaxiləyə qarşı çıxmalı” və “öz talelərini öz əllərinə almalıdırlar”.
Martın 3-də İsrailin xarici işlər naziri Gideon Saar ilə telefon danışığında Van İ bildirib: “Çin İsrail və ABŞ-nin İrana qarşı hərbi zərbələrinə qarşıdır. Güc tətbiqi problemi həll etmir, əksinə yeni problemlər yaradır və ağır nəticələrə gətirib çıxarır”.
Çin üçün İran qlobal infrastruktur strategiyasında xüsusi yer tutur. O, “Bir kəmər, bir yol” layihəsinin əsas halqası olmaqla yanaşı, Şərqi Asiyanı Avropa ilə birləşdirən mühüm quru və enerji marşrutlarının mərkəzindədir. Bu layihənin effektiv fəaliyyəti İran üzərindən sabit keçid olmadan mümkün deyil”, - deyə müəllif bildirib.
Nəşr yazıb ki, hazırkı münaqişə faktiki olaraq Hörmüz boğazını bağlayıb və bu, Çinin enerji idxalının təxminən 50%-nin keçdiyi əsas arteriyadır.
“İran həm Avropaya quru çıxışı təmin edir, həm də zəngin neft və qaz ehtiyatlarına malikdir ki, bu da Çinin iqtisadi inkişafı üçün vacibdir. Bu marşrutun pozulması Çinin tədarük zəncirlərinə ciddi zərbə vura bilər. Üstəlik, Pekinin İran qədər effektiv alternativ quru marşrutu yoxdur.
Çinlə İran arasında hərbi əməkdaşlıq məhduddur və əsasən simvolik xarakter daşıyır. 2019-cu ildən bəri Çin, İran və Rusiya “Dəniz təhlükəsizliyi zonası” adlı illik hərbi-dəniz təlimləri keçirirlər, lakin bu daha çox siyasi siqnal xarakteri daşıyır.
Bundan başqa, beynəlxalq sanksiyalar səbəbindən İrana silah ixracı məhduddur. Pakistanla müqayisədə İran Çin silah bazarı üçün böyük əhəmiyyət daşımır və son illərdə satışlar azalıb.
Bununla belə, “Reuters” yaxın zamanda bildirib ki, Tehran Çinlə zenit-raket sistemləri, tank əleyhinə raketlər, ballistik silahlar və digər hərbi texnika alışı üzrə razılaşmaya yaxındır. Pekin isə bunu təkzib edir”, - deyə nəşr qeyd edib.
Nəşrə görə, son hadisələr göstərir ki, Çin tərəfdaşlarına verdiyi dəstəyi məhdud saxlayır və iqtisadi maraqlarını qorumaq üçün Qərblə münasibətlərin gərginləşməsindən qaçır.
“Bu yanaşma Çinin xarici siyasətində əsas ziddiyyəti ortaya qoyur: bir tərəfdən ABŞ-nin qlobal təsirinə qarşı çıxmaq, digər tərəfdən isə bahalı və riskli qarşıdurmalardan yayınmaq.
Bu ikili siyasət xüsusilə Qlobal Cənub ölkələri tərəfindən tənqid olunur. Onlar hesab edir ki, Çin riskli vəziyyətlərdə qəti addımlar atmağa hazır deyil.
2023-cü ildə İran Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv olub, lakin təşkilat hələlik yalnız narahatlıq ifadə edən bəyanatlarla kifayətlənir.
Əgər müharibə uzanarsa, Çin ABŞ-nin diqqətinin Yaxın Şərqə yönəlməsindən faydalana bilər. Lakin enerji təchizatında uzunmüddətli fasilə Çin iqtisadiyyatı üçün ciddi risklər yaradacaq.
Beləliklə, qlobal nizamın parçalandığı şəraitdə Pekin Yaxın Şərqdə ehtiyatlı siyasət yürüdərək iqtisadi rolunu qorumağa və təhlükəsizlik öhdəliklərini minimumda saxlamağa çalışır”, - deyə müəllif yazıb.
Alpər Mövludoğlu
Ordu.az