1919-cu ildə İrəvanda azərbaycanlı agentlər necə sərbəst fəaliyyət göstərirdilər? - FOTOLAR

2026/03/1774689009.jpg
Oxunub: 756     13:23     20 Aprel 2026    
1919-cu il Ermənistanın tarixində həm mühüm, həm də çətin dövr olub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “1919-cu ildə İrəvanda azərbaycanlı agentlər necə sərbəst fəaliyyət göstərirdilər?” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edib ki, ölkə yeni müstəqilliyini elan etmişdi, lakin həm xarici siyasi çağırışlarla, həm də daxili sosial-iqtisadi problemlərlə üz-üzə idi.

“Bu şəraitdə respublika rəhbərliyi beynəlxalq dəstək qazanmağa, dövlət institutlarını möhkəmləndirməyə və ərazi bütövlüyünü qorumağa çalışırdı.

Eyni dövrdə ölkə daxilində vəziyyət son dərəcə ağır olaraq qalırdı. Müharibələr, qaçqın axını, aclıq və ağır iqtisadi şərait ölkənin daxili durumunu daha da mürəkkəbləşdirirdi. Dövrün mətbuatı və ziyalıların xatirələri göstərir ki, xüsusilə İrəvanda xaotik vəziyyət hökm sürürdü, hər yerdə yetimlər və qaçqınlar var idi, digər tərəfdən isə müxtəlif epidemiyalar geniş yayılmışdı.

Belə mürəkkəb şəraitdə dövrün mətbuatı ölkə rəhbərliyini də tənqid edir, onları bir sıra sahələrdə ciddi nöqsanlara yol verməkdə ittiham edirdi”, - deyə nəşr qeyd edib.

KİV vurğulayıb ki, 1919-cu ildə İrəvanda yaşayan və müxtəlif qəzetlərlə əməkdaşlıq edən erməni yazıçı Aksel Bakunts həmin dövrün hadisələrini işıqlandırırdı.


“O, 1919-cu ilin sentyabrına qədər İrəvanda qalaraq mətbuatda fəaliyyət göstərib. Onun yazılarında şəhərdəki vəziyyətlə bağlı məqalələr də yer alır. Bakunts məqalələrindən birində qeyd edir ki, həmin dövrdə İrəvanda gürcü və azərbaycanlı agentlər sərbəst şəkildə fəaliyyət göstərirdilər. Aşağıda onun məqaləsi təqdim olunur:


“QONAQLAR

İrəvan şübhəli “qonaqlar”la doludur. Buraya Gürcüstandan qovulmuş müxtəlif şübhəli elementlər gəlir, onlarla birlikdə isə Gürcüstan və Azərbaycanın agentləri də paytaxtın küçələrində sərbəst dolaşırlar.

Bu günə qədər onların heç biri ərazimizdən çıxarılmayıb, halbuki onların təxribat fəaliyyəti açıq-aşkardır. Ötən il “erməni xalqına qarşı qırğın və deportasiyalar təşkil edən” bütün xanlar və bəylər sakit şəkildə burada yaşayırlar.

Şübhəsizdir ki, “tatar üsyanı”nın son cəhdlərinə də məhz İrəvandan bu tip şəxslər rəhbərlik edirlər.


Daxili İşlər Nazirliyi isə indiyədək üsyan ocağını zərərsizləşdirmək üçün heç bir tədbir görməyib.

Bu cinayətkar laqeydliyi nə ilə izah etmək olar? Zəifliklə, yoxsa respublika quruluşunun həddindən artıq dözümlülüyü ilə?

Rəqiblərlə əhatə olunmuş və daxildə üsyan alovlanan yeni dövlət öz sərhədləri daxilində xarici dövlətlərin agentlərinə dözə bilməz.

Üstəlik, bizim işimizə və tələblərimizə düşmən münasibət bəsləyən bütün elementlər bu ölkəni tərk etməli və özlərinə yaxın olan başqa yerlərə getməlidirlər. Mümkündürmü ki, hansısa “sosialist” K. uzun məqalələrlə sübut etməyə çalışsın ki, “erməni Qarabağı” Azərbaycanın ayrılmaz hissəsidir, yaxud digər bir “internasionalist-sosialist” A., Ermənistan parlamentinin üzvü olaraq bəyan etsin ki, gürcülər Loriyə sahib olmalıdır? Bu cür şəxslər, Denikinin və Ramişvilinin agentləri türklərin agentlərindən nə ilə fərqlənirlər? Onların bu qədər nifrət edilən ölkəmizdə sərbəst “fəaliyyət göstərməsi” və hətta vəzifə tutması necə mümkündür? B. 31 iyul” (“Nork”, 1989, №5).


1919-cu ilin hadisələri dövlətin nə qədər mürəkkəb şəraitdə olduğunu göstərir”, - deyə “168.am” yazıb.

Müəllif bildirib ki, Aksel Bakuntsun yazıları həmin dövrün mühüm tarixi mənbələrindən biridir.

“Bu məqalədə cəmiyyətdə geniş yayılmış narahatlıqlar, ölkənin təhlükəsizliyi, daxili sabitsizlik və xarici təsirlər aydın şəkildə əks olunur.

Bu tip materiallar yalnız siyasi hadisələri deyil, həm də həmin dövrdə insanların düşüncələrini, narahatlıqlarını və yeni yaranmış dövlətin üzləşdiyi təhlükələri daha yaxşı anlamağa imkan verir”, - deyə KİV qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   1919  


Bizi "telegram"da izləyin