Ermənistanda “uğur hesabatı” böhranı: Rəqəmlər nəyi gizlədir?

2026/03/1774672613.jpg
Oxunub: 447     15:12     17 Aprel 2026    
“Parlament komissiyalarında hökumətin 2025-ci il üzrə fəaliyyət proqramının icra hesabatının müzakirələrinə başlanıb. Bu, hazırkı hakimiyyətin beşillik proqramı üzrə seçkilər öncəsi təqdim olunan son hesabatdır”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Niyə hakimiyyət 7 illik geriləmələri hesabatda diqqətlə gizlədir? 300 məktəb və 500 uşaq bağçası mifı” başlıqlı məqaləsində yazıb.

Nəşrə görə, hakimiyyəti itirmək təhlükəsi getdikcə daha real olur və buna görə də iqtidar hər vasitə ilə “misilsiz nailiyyətlər” görüntüsü yaratmağa çalışır ki, aşağı reytinqini xilas etsin.

“Elə bir təmtəraqlı hesabat təqdim ediblər ki, oxuyan elə bilər dünya səviyyəli uğurlar əldə olunub: nə bir çatışmazlıq, nə bir uğursuzluq, nə də yerinə yetirilməmiş vəd var. Bütün problemlər və yerinə yetirilməmiş öhdəliklər diqqətlə gizlədilib.

Hesabatın məntiqi aşağıdakı tezisdə ümumiləşir:

“2025-ci il Ermənistanın müstəqilliyindən bəri ilk təqvim ilidir ki, Ermənistan və Azərbaycan arasında atışmalar nəticəsində ölən və yaralanan olmayıb. 2025-ci il avqustun 8-də Ermənistan və Azərbaycan arasında sülh bərqərar olub. 2025-ci il müstəqillikdən bəri ilk ildir ki, Ermənistandan miqrasiya immiqrasiya ilə əvəz olunub. Yüksək iqtisadi artım (7,2%) qeydə alınıb və nəticədə 2021-2025-ci illərdə ÜDM-in orta illik artımı 7,9% təşkil edib”.

Bu yanaşma hökumətin bütün hesabatının ruhunu göstərir. Demək istəyirlər ki, onların gətirdiyi “sülh” artıq reallıqdır, sərhəddə itkilər yoxdur, iqtisadiyyat çiçəklənir və miqrantlar geri qayıdır”, - deyə nəşr qeyd edib.

KİV vurğulayıb ki, hesabatda Qarabağla bağlı proqram bəndlərinin yerinə yetirilməsi isə tənqid olunur və bunun Azərbaycan tərəfinin xeyrinə baş verdiyi qeyd edilir.

“Bildirilir ki, uzun müddətli proses nəticəsində Qarabağ məsələsi həll edilib və bu, sülh kimi təqdim olunur.

Bununla belə, qeyd olunur ki, regionda real sülhün olmadığı barədə tez-tez açıqlamalar səslənir.

İqtisadi göstəricilərə gəlincə, hökumət bildirir ki, vəd edilən 7% orta illik artım yerinə yetirilib və hətta 7,9%-ə çatdırılıb. Lakin proqram sənədində göstərilən hədəfə görə, əlverişli xarici şəraitdə bu göstərici 9% olmalı idi.

Son illərdə iqtisadi artımın əsasən xarici faktorların təsiri ilə baş verdiyi vurğulanır və qeyd olunur ki, hökumət əsas hədəflərə tam nail olmayıb.

Eyni zamanda, iqtisadiyyatın strukturu daha həssas hala gəlib. Ən böyük pay ticarət və avtomobil təmiri sektoruna məxsusdur. Halbuki emal sənayesinin payı 15%-ə çatdırılmalı idi, amma 2025-ci ildə bu göstərici cəmi 11% olub (2021-ci ildə 11,3%)”, - deyə müəllif yazıb.

Nəşr bildirib ki, bu, iqtisadi inkişafın keyfiyyəti ilə bağlı problemlər yaradır və gələcək üçün risklər formalaşdırır.

“Hesabatda kənd təsərrüfatı sahəsində uzunmüddətli azalma tendensiyalarına da yer verilmədiyi qeyd olunur. Yalnız son ildəki cüzi artım vurğulanıb, əvvəlki illərin geriləməsi isə nəzərə alınmayıb.

Vergi daxilolmaları ilə bağlı isə 0,3%-lik artım xüsusi qeyd edilsə də, ÜDM-də vergi payının faktiki olaraq dəyişmədiyi (2023-cü ildə 24%, 2025-ci ildə 24,07%) diqqətdən kənarda qalıb. Bu isə kölgə iqtisadiyyatı ilə mübarizədə irəliləyiş olmadığını göstərir.

Hökumətin proqramına görə, 2026-cı ilə qədər 300 məktəb və 500 uşaq bağçası tikilməli və ya əsaslı təmir olunmalı idi. Lakin ötən ilin sonuna qədər məktəblərin yalnız üçdə biri, bağçaların isə yarısı həyata keçirilib. Avadanlıq təminatı barədə isə ümumiyyətlə məlumat yoxdur.

Sosial sahədə isə yoxsulluğun yarıya qədər azaldılması və ifrat yoxsulluğun aradan qaldırılması nəzərdə tutulmuşdu. Lakin hazırda yoxsulluq səviyyəsi təxminən 22% təşkil edir, ifrat yoxsulluq isə 0,6% səviyyəsində qalır.

Qeyd olunur ki, yüz minlərlə insan hələ də yoxsulluq şəraitində yaşayır. Bunun fonunda isə dövlət məmurlarının həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşdığı, yüksək maaş və mükafatlar aldıqları bildirilir. Bu səbəbdən də hakimiyyətin mövqelərindən əl çəkmək niyyətində olmadığı vurğulanır”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hakimiyyət  


Bizi "telegram"da izləyin