Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Hüquq harada bitir və məsuliyyət harada başlayır? Müharibə və məğlubiyyətin siyasi qiyməti” başlıqlı məqaləsində yazıb.
Nəşrə görə, bu günlərdə isə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərlə brifinqdə bildirib ki, sentyabr ayı şərti olaraq qeyd olunub, yəni seçkilərdən qısa müddət sonrakı dövr nəzərdə tutulub və belə bir perspektivin mümkünlüyü ilə o, siyasi lideri ilə tam razıdır.
“Bizi ittiham edirlər ki, biz özümüzü sülh partiyası adlandırırıq, digərlərinin dedikləri isə o qədər perspektivsiz və təhlükəlidir ki, müharibəyə gətirib çıxaracaq. Bu o qədər doğru və təkzibedilməzdir ki, bizə deyirlər: yaxşı, bunu deməyin, çünki seçki mübarizəsində o qədər də uğurlu olmaya bilərik”.
“Niyə qarşı tərəfi müharibə tərəfdarı hesab edirsiniz?” sualına Mirzoyan qısa cavab verib: “Bu bizim siyasi hüququmuzdur. Mən burada şantaj elementi görürəmmi? Xeyr, görmürəm. Niyə bunu edirik? Yaxşı edirik, bu bizim siyasi təklifimizdir və biz qanunu pozmuruq”.
KİV qeyd edib ki, bu halda məsələ qanunu pozub-pozmamaq deyil.
“Tutaq ki, bu, siyasi rəqabət və seçki taktikasıdır. Sual ondan ibarətdir ki, Ararat Mirzoyan qəbul edirmi ki, müxalifətin və ya iqtidarın bəyanatları müharibəyə səbəb ola bilər? Əgər belədirsə, o zaman demək olarmı ki, 44 günlük müharibədən əvvəl Nikol Paşinyanın məlum bəyanatları da müharibəni təhrik edib və ya ən azı yaxınlaşdırıb?
Əlbəttə, burada Ararat Mirzoyan deyə bilər ki, həmin müharibənin kökləri daha dərindir, necə ki, sonradan bunu da bildirib.
“Bizim hakimiyyət müharibə gətirməyib, müharibə nəticə olub. Ən sadə və sadəlövh yanaşma olardı demək ki, filankəs müharibə gətirdi. Müharibə nəticə idi, 30 ildən artıq müddətdə formalaşmış yanlış siyasi düşüncənin, məsələnin başqa cür həll olunmalı olduğunu anlamamağın nəticəsi idi. Bəli, bizim dövrümüzdə baş verib, amma “Siz müharibə gətirmisiniz” demək absurddur”, - deyə xarici işlər naziri bildirib.
Lakin bu iddia da tənqidə tab gətirməyə bilər. Çünki bir tərəfdən Paşinyan danışıqlara sıfır nöqtəsindən başlamaq qərarı vermişdi, digər tərəfdən isə sonradan etiraf etmişdi ki, onun üçün əvvəldən aydın idi ki, Qarabağ Azərbaycanın tərkibində olacaq və danışıqlar da məhz bunun ətrafında aparılıb”, - deyə nəşr bildirib.
KİV-ə görə, buna baxmayaraq, Paşinyan “Qarabağ”ın (ləğv edilmiş qondarma qurum-red.) “statusu” məsələsində “təkamül yolu” keçib və ictimaiyyəti inandırmağa çalışıb ki, müəyyən dövrlərdə irəli sürdüyü mövqelər doğrudur və bunlar Qarabağın Azərbaycanın tərkibində tanınmasını nəzərdə tutmurdu.
“Əgər 44 günlük müharibə 30 illik danışıqların nəticəsi idisə və fərz etsək ki, Paşinyan sıfır nöqtəsindən başlamayıb, o halda onun hakimiyyətinin diplomatiyası nədə uğursuz oldu ki, iki il ərzində atəşkəs nisbətən qorunduğu halda müharibə baş verdi?
Demək olarmı ki, Paşinyan hansısa razılaşmanı pozub və ya ən azı ictimaiyyəti aldadıb?”, - deyə məqalədə qeyd edilib.
Müəllif yazıb ki, bununla bağlı müharibədən sonrakı iki epizodu xatırlatmaq olar.
“Birincisi, 2020-ci il noyabrın 29-da Paşinyan sosial şəbəkədə yazmışdı: “Hər hansı mərhələdə, o cümlədən Türkiyə-Azərbaycan hərbi təlimləri zamanı Türkiyəyə desəydim ki, gəlin müharibəsiz həll edək, deyəcəkdilər ki, konkret vaxt cədvəli ver, nə vaxt əraziləri təhvil verirsən. İmzalasaydım “Nikol xain” deyəcəkdilər, imzalamasaydım, müharibə başlayacaqdı”. Halbuki müharibədən bir gün əvvəl o, Türkiyənin birbaşa iştirakını inkar etmişdi.
İkincisi, 2022-ci ilin aprelində Paşinyan demişdi ki, “müharibənin qarşısını ala bilərdi və eyni vəziyyət olardı, sadəcə itki olmayacaqdı”. Burada hansı vəziyyətin nəzərdə tutulduğu isə açıq qalır.
Bütün bunların fonunda sual yaranır: Ararat Mirzoyan hakimiyyətin məsuliyyəti barədə danışmamaqla nə dərəcədə haqlıdır? Xüsusilə də 44 günlük müharibə kontekstində, hakimiyyət dəyişdikdən sonra bir neçə xarici işlər nazirinin dəyişdiyi şəraitdə. Axı müharibəni dövlət aparır, niyə ordudan başqa digər strukturlar məsuliyyət daşımır?”, - deyə müəllif qeyd edib.
Nəşr vurğulayıb ki, digər sual da budur: Mirzoyan parlamentin müdafiə və təhlükəsizlik komitəsinin sədri Andranik Köçəryanın fikri ilə razıdırmı ki, iyul döyüşləri danışıqlar prosesinə zərbə vurub?
“Axı həmin dövrdə Paşinyanın bəyanatları və addımları da kifayət qədər təxribat xarakterli idi. Digər tərəfdən isə ola bilər Mirzoyan hesab edir ki, əksinə, həmin günlərdə Azərbaycan tərəfinin ciddi planı Ermənistan ordusu tərəfindən pozulub.
Unutmayaq ki, Tavus istiqamətində 2019-cu ildə müəyyən mövqe üstünlükləri əldə olunmuşdu və 2020-ci ilin iyul döyüşləri də bunun davamı kimi qiymətləndirilə bilər. Həmin dövrdə Mirzoyan özü də sosial şəbəkələrdə ruh yüksəkliyi ilə paylaşım edirdi.
Məsələn, 2019-cu ilin avqustunda o yazmışdı ki, “Ermənistana daxil olan qaz kəmərinin təhlükəsizliyi təmin olunub, Çinari atəşə tutula bilməz”. Sonra isə qeydini bir qədər dəyişərək bildirmişdi ki, “Çinari istiqamətində rəqib əvvəlki mövqe üstünlüyünü itirib”.
Hazırda Tavus istiqamətində davam edən sərhədin delimitasiyası prosesində bu üstünlüklər itirilə bilərmi?
Əgər xarici işlər naziri müharibəni nəticə adlandırırsa, o halda 2021-2022-ci illərdə Azərbaycanın irəliləyişləri, sentyabr döyüşləri və 2023-cü ildə Qarabağın tamamilə itirilməsi nəyin nəticəsi idi?
2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat nə idi, sadəcə atəşkəs, yoxsa problemlərin müvəqqəti həlli?”, - deyə məqalədə vurğulanıb.
Müəllif qeyd edib ki, eyni zamanda Zəngəzur dəhlizi ilə bağlı tələblər və buna istinad kimi həmin sənədin göstərilməsi də diqqət çəkir.
“Paşinyan isə ötən gün seçki kampaniyası zamanı bildirib: “Məni xəyanətdə ittiham edirdilər, amma bir qadın mənə təşəkkür etdi ki, 10 noyabr sənədini imzalamışıq”.
Bununla belə, qeyd olunur ki, həmin sənədin ilk pozucusu elə Paşinyanın özü olub, imzadan bir ay sonra qoşunların Zəngəzurdan geri çəkilməsi barədə göstəriş verib. Daha sonra Laçın yolunun bağlanması və Qarabağın tam itirilməsi baş verib.
Buna əlavə olaraq, keçmiş müdafiə naziri David Tonoyan bildirmişdi ki, “10 noyabr sənədi daha çox Rusiya sülhməramlılarının yerləşdirilməsinə aid idi”.
Nəhayət, yeni müharibə ehtimalı ilə bağlı qeyd olunur ki, 2026-cı il üzrə xarici risklər hesabatında Azərbaycanın Qərbi Azərbaycan məsələsinin regional sabitlik üçün ciddi risk yaratdığı vurğulanır.
Hesabatda həmçinin bildirilir ki, regional iqtisadi layihələr bir tərəfdən müharibənin qiymətini artırır, digər tərəfdən isə ölkələrə iqtisadi güclənmə imkanı verir.
Yəni həm sülhün, həm də eskalasiyanın öz qiyməti var. Sual isə budur: bu qiyməti kim ödəyir və hakimiyyət bu prosesdə hansı məsuliyyəti daşıyır?”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az