“Su-30” dosyesi və gizli əlavələr: Ermənistanın 44 günlük müharibə hesabatında nələr var?

2026/04/1776520555.jpg
Oxunub: 1201     17:23     18 Aprel 2026    
Ötən gün 168.am “44 günlük müharibə” hesabatı indi 200-dən çox səhifədir, yoxsa 400-dən çoxdur? Andranik Köçəryan nəyi qarışdırır və hansı vacib məqamları xatırlamır?” başlıqlı məqalə dərc edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “44 günlük müharibə” hesabatına hansı materiallar əlavə edilib ki, onun əvvəlcədən elan olunmuş səhifə həcmini artırıb?” başlıqlı məqaləsində yazıb.

Nəşrə görə, həmin yazıda qeyd olunub ki, Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının sədri Andranik Köçəryan daim bildirib ki, “44 günlük müharibə” hesabatı təxminən 200 və ya 215 səhifədir. Hətta bu, hesabat artıq parlamentin sədri Alen Simonyana təqdim olunandan sonra da belə qeyd olunub.

“Lakin martın 17-də “Armenia” televiziya kanalının efirində Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının sədri belə deyib: “İstintaq komissiyasının hesabatı videoları, mətn hissəsi və protokolları ilə birlikdə 400 səhifədən çox olub”.

Razılaşaq ki, fərq böyükdür.

Qeyd edək ki, Andranik Köçəryan 200 səhifə barədə danışanda da səs yazıları, video materiallar və 16 000 sənədlik materiallar xatırlanıb.

Məqalənin dərcindən sonra bəzi məqamları dəqiqləşdirmək mümkün olub. Məsələn, Andranik Köçəryan istintaq komissiyasının hesabatına əlavə kimi Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi Onik Qasparyanın 70-80 səhifə həcmində yazılı təhlilini daxil edib”, - deyə nəşr vurğlayıb.

KİV qeyd edib ki, bundan başqa, “44 günlük müharibə” hesabatına “Su-30” təyyarələri ilə bağlı Andranik Köçəryanın bir neçə səhifəlik məktub-təhlili də əlavə olunub.

“O, bu sənədi Paşinyana təqdim edib və bu barədə istintaq komissiyasında Paşinyanın dindirilməsi zamanı da bəhs edilib.

“Bu qədər müzakirə olunan “Su-30” məsələsi. Mən siyasi hakimiyyət olaraq ordu qarşısında sadə vəzifə qoymuşam: deyin nə lazımdır, siz onu əldə edəcəksiniz. Deyiblər ki, “Su-30” lazımdır. Təsəvvür edirsinizmi, bu, ən müasir təyyarədir. Əgər səhv etmirəmsə, cənab Köçəryan, siz bu mövzuda mənə məktub yazmısınız, təhlil təqdim etmisiniz. Mən həmin məktubu götürüb Müdafiə Nazirliyinə yönəltmişəm ki, bu təyyarələrin alınması nə dərəcədə məqsədəuyğundur. Məktubu nazirliyə göndərmişəm, demişəm ki, belə bir yanaşma var, müzakirə edin və rəy verin. Cavab almışam ki, müzakirə etmişik və nəticəmiz budur ki, bu bizə lazımdır”, - deyə Paşinyan 2023-cü il iyunun 27-si istintaq komissiyasında bildirib.

Qeyd edək ki, 2024-cü ilin fevralında “Factor”a verdiyi müsahibədə Andranik Köçəryan deyib: “Bizim texnika əvvəlcə uçmurdu, sonra yarımçıq uçurdu, daha sonra aşkar olunaraq vurulurdu. İndi isə döyüş tapşırığının yerinə yetirilməsi üçün Baş Qərargah tam mərhələyə keçidə razılıq verib və bir çoxları artıq tam mərhələyə keçib”.

Daha sonra o əlavə edib: “Bizdə silahlanma sahəsində yanlış satınalmalar olub. Yeri gəlmişkən, istintaq komissiyasının topladığı çox böyük həcmli məlumat paketini mən Ermənistanın baş prokuroruna göndərmişəm”.

Həmin vaxt biz Andranik Köçəryana, o cümlədən “Su-30”larla bağlı yazılı sorğular göndərmişdik və o, belə cavab verib: “Silahlanma və digər məsələlərlə bağlı sualların cavabları yuxarıda qeyd olunan hesabatda yer alacaq”.

“İstintaq komissiyasının hesabatının subyektiv tərəfi: Faktların izi ilə” başlıqlı məqaləmizdə isə bildirmişdik ki, “44 günlük müharibə” hesabatının hazırlanmasında istintaq komissiyasında ekspert kimi çalışmış Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının radioelektron mübarizə qoşunları bölməsinin keçmiş rəisi, polkovnik Vahan Avetisyanın əhəmiyyətli rolu olub”, - deyə müəllif bildirib.

KİV qeyd edib ki, Avetisyan 42 milyonluq silah işi, “metal qırıntıları” işi üzrə tanınırdı, lakin illər sonra ona qarşı cinayət təqibi dayandırılıb.

“Lakin 2020-ci ilin aprelində o, hələ “Yerevan-Kentron” cəzaçəkmə müəssisəsində olduğu vaxt Nikol Paşinyana açıq məktub ünvanlayaraq bildirib ki, “Baş Qərargah rəisi Artak Davtyan və onun müavini Stepan Qalstyan tərəfindən təqiblərə məruz qalır”.

Məktubda “Su-30”larla bağlı məsələyə də toxunulub:

“2018-ci il məxməri inqilabdan sonra mən peşəkar əsaslandırılmış fikir bildirməyə və “Su-30” təyyarələrinin Ermənistan Silahlı Qüvvələri üçün alınmasının məqsədəuyğunluğunu şübhə altına almağa cəsarət etmişəm.

Bundan dərhal sonra Silahlı Qüvvələrin Baş Qərargah rəisi Artak Davtyan və onun müavini Stepan Qalstyan tərəfindən təqiblərə məruz qalmışam...”, - deyə məktubda qeyd olunub.

Qeyd edək ki, “Su-30” təyyarələri 44 günlük müharibə zamanı tətbiq olunub və müəyyən döyüş tapşırıqlarını yerinə yetirib”, - deyə müəllif yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Müharibə   Hesabat  


Bizi "telegram"da izləyin