Brifinq zamanı jurnalistlər hökuməti 2021-ci il proqramını yerinə yetirməməkdə və nəticədə Qarabağı təhvil verməkdə ittiham etdikdə, Paşinyan cavab olaraq bildirib ki, onların proqramının giriş hissəsində əsas prioritet regionda sülh olub.
Jurnalistlər həmçinin Paşinyanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığı barədə açıqlamasını da xatırladıblar.
Paşinyan cavabında əvvəlcə qeyd edib: “Heç bir hökumət “Qarabağ” (ləğv edilmiş qondarma qurum-red.) üçün bizim hökumət qədər iş görməyib”. O, daha sonra əlavə edib ki, Qarabağ hər zaman Azərbaycanın tərkibində olub və Ermənistan bunu daim tanıyıb, sadəcə bu fakt Ermənistanın müstəqil dövlət olmasına imkan verməmək üçün gizlədilib.
Paşinyan həmçinin bildirib ki, bu prosesi Levon Ter-Petrosyan, Robert Köçəryan, Serj Sarkisyan idarə edib, indi isə onların yerinə rusiyalı-belaruslu oliqarxlar gətirilib, çünki onların kartının artıq bitdiyini anlayıblar.
Ordu.az xəbər verir ki, Ermənistanın sabiq Baş naziri Hrant Baqratyan Paşinyanın bu fikirlərinə münasibət bildirib.
“Qarabağı Azərbaycana təhvil verən Nikol Paşinyandır, bu, gözlərimiz qarşısında baş verib”, - deyə o qeyd edib.
Baqratyan bildirib ki, qalan bütün açıqlamalar, prezidentlər və müxtəlif oliqarxlarla bağlı deyilənlər isə seçiciləri çaşdırmaq üçün istifadə olunan növbəti seçki manipulyasiyalarıdır.
Alpər Mövludoğlu
Ordu.az