Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Xarici Kəşfiyyat Xidməti Milli Təhlükəsizlik Xidmətinin “himayəsindən” çıxmaq və dinləmələri müstəqil həyata keçirmək istəyir” başlıqlı məqaləsində yazıb.
Nəşr qeyd edib ki, təklif olunan dəyişikliklər çərçivəsində Xidmət rəhbəri “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunda dəyişikliklərin zəruriliyini qeyd edib. Bildirilib ki, mövcud qanuna əsasən operativ-axtarış fəaliyyəti həyata keçirmək hüququ Xidmətə də verilib.
“Qeyd olunub ki, bir sıra operativ-axtarış tədbirləri ilə yanaşı, Xidmət rəqəmsal, o cümlədən telefon rabitəsinin nəzarətdə saxlanılması tədbirini də həyata keçirmək hüququna malikdir.
Layihəyə əsasən, qanunvericiliyə Xidmətin rəqəmsal, o cümlədən telefon rabitəsinə nəzarəti öz operativ-texniki infrastrukturundan istifadə etməklə müstəqil şəkildə həyata keçirməsinə icazə verilməsi təklif olunur. Bu isə tədbirlərin daha operativ və xidmətin daha effektiv həyata keçirilməsinə imkan yaradacaq”, - deyə nəşr yazıb.
Müəllif bildirib ki, məqsəd, qeyd olunduğu kimi, rəqəmsal, o cümlədən telefon rabitəsinə nəzarətlə bağlı əməliyyat-axtarış tədbirlərinin Xidmət tərəfindən müstəqil icrasını qanunla dəqiq tənzimləməkdir.
“Layihənin qəbulu faktiki olaraq Milli Təhlükəsizlik Xidmətinə müraciət etmək, texniki dəstək almaq və digər təşkilati məsələlərin həlli üçün sərf olunan vaxta qənaət etməyə imkan verəcək, əməliyyat-axtarış xarakterli gizli tədbirlərin daha səmərəli və qısa müddətdə həyata keçirilməsini təmin edəcək”, - deyə layihənin əsaslandırmasında qeyd olunub.
KİV vurğulayıb ki, digər bir dəyişikliklə Xidmətdə vəzifə tutan şəxslərə hərbi rütbələr əvəzinə sinif dərəcələrinin verilməsi təklif olunur. Bu yanaşma hərbi xidmətlə eyniləşdirməni və bundan irəli gələn qeyri-müəyyənlikləri aradan qaldırmağa yönəlib.
“Ümumilikdə, bu paket vasitəsilə Xarici Kəşfiyyat Xidməti qanunvericilikdə mövcud boşluqları aradan qaldırmağı, aşkarlanmış problemləri hüquqi baxımdan tənzimləməyi, praktikada yaranan və ya yarana biləcək çətinlikləri minimuma endirməyi və öz funksiyalarını daha effektiv icra etməyi hədəfləyir.
Bildirilib ki, layihə dövlət büdcəsi xərclərinin artmasına səbəb olacaq və bu xərclər Xidmətə ayrılan illik büdcə çərçivəsində planlaşdırılacaq.
Layihədə vurğulanır ki, bu dəyişikliklər Ermənistanın 2050-ci ilə qədər inkişaf strategiyasına uyğundur və məqsədlərdən biri dünyada ən effektiv 10 kəşfiyyat xidmətindən birinə sahib olmaqdır”, - deyə nəşr qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az