Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” “44 günlük müharibə ilə bağlı hesabat indi 200 səhifədən çoxdur, yoxsa 400 səhifədən çoxdur? Andranik Köçəryan nəyi qarışdırır və hansı vacib məqamları xatırlamır?” başlıqlı məqaləsində nəşri yazıb.
Nəşrə görə, Köçəryan əmindir ki, 44 günlük müharibə hesabatı öz yolunu tapacaq, lakin bunun nə vaxt baş verəcəyi məlum deyil.
“Aydın olan budur ki, seçkilərdən əvvəl Nikol Paşinyan hakimiyyəti hətta açıqlanmasına icazə verilən hissələri belə ictimaiyyətə təqdim etməyəcək, o cümlədən Köçəryanın iddiasına görə təkzibedilməz faktlara əsaslanan yekun hissəni də açıqlamayacaq. O bildirib ki, həmin hissənin həmkarları ilə müzakirədən sonra müəyyən mərhələdə dərc olunmasını istərdi.
Yəni, bir çox əsas fiqurların dindirilmədiyi, mühüm epizodların nəzərə alınmadığı və əslində 2020-ci il müharibəsində məğlubiyyətə görə siyasi rəhbərliyin məsuliyyətindən yayındırılması cəhdlərinin olduğu şəraitdə belə, hesabatın subyektiv tərəfləri də mövcuddur. Bu barədə daha əvvəl də yazılıb, lakin buna baxmayaraq, mövcud hakimiyyət müəyyən narahatlıqlar yaşayır”, - deyə KİV bildirib.
Müəllif qeyd edib ki, istintaq komissiyasının hesabatı parlament sədrinə 2025-ci il sentyabrın 3-də təqdim edilib.
“Bir ay sonra Andranik Köçəryan İctimai Televiziyanın efirində bildirib ki, hesabat 215 səhifədən ibarətdir, yekun hissə isə təxminən 20 səhifədir. Lakin 2026-cı il martın 17-də “Armenia” televiziya şirkətinin efirində o, belə deyib:
“İstintaq komissiyasının hesabatı videoları, mətn hissəsi və protokolları ilə birlikdə 400 səhifədən çox oldu. Bu, dövlət qurumlarının araşdıraraq 44 günlük müharibədə məğlubiyyətin səbəblərini anlaması baxımından qalıcı əhəmiyyətə malikdir. Səbəbləri gördükdə isə, nəticə çıxarıb əvvəl qeyd etdiyimiz problemləri, silahlanma, kadr hazırlığı, qanunvericilik dəyişiklikləri və hökumət proqramının icrası ilə bağlı məsələləri həll etmək mümkündür”.
Qeyd edək ki, hesabatın təxminən 200 səhifə olması barədə Köçəryan təkcə İctimai Televiziyada deyil, digər brifinqlər və müsahibələr zamanı da danışıb.
Hesabatın həcminin indi necə olub ki, təxminən 200 səhifə artdığı aydın deyil, bu, dil sürüşməsi olub, yoxsa başqa səbəb var? Ümumiyyətlə, Andranik Köçəryan üçün bu ilk belə hal deyil. 2025-ci il noyabrın 27-də parlament sədri Alen Simonyan 2020-ci il müharibəsində həlak olanların sayını 3833 olaraq açıqlamışdı və bu rəqəmi Ermənistanın İstintaq Komitəsi də təsdiqləmişdi. Lakin 2025-ci il noyabrın 19-da Factor TV-yə müsahibəsində Köçəryan demişdi: “Mən bir rəqəm deyim, sizi qane edərmi: 3987”, - deyə məqalədə bildirilib.
KİV-ə görə, 2026-cı il martın 17-də “Armenia” televiziya şirkətinə müsahibəsində Köçəryan 44 günlük müharibə və ABŞ ilə İsrailin İrana qarşı hərbi əməliyyatları kontekstində bildirib: “Bu gün biz 44 günlük müharibədən əvvəlkindən və hətta dördgünlük müharibədən sonrakından daha yaxşı qorunuruq”.
“O, müharibədən nəticə çıxarıldığını, müasir silahlar əldə edildiyini, keyfiyyətli kadrlar hazırlandığını qeyd edib:
“Bu gün biz 2020-ci ildəkindən daha hazırlıqlıyıq. Əgər dördgünlük və 44 günlük müharibə zamanı indiki istehkamlarımız, sistemimiz olsaydı, tam fərqli mənzərə olardı. Güc tətbiqi zamanı ən vacib məsələ ilk zərbəni necə qəbul etdiyin, onu necə dayandırdığın və əks-zərbə endirdiyindir. Bu gün bu istehkamlar bizə Azərbaycanla sərhəd boyunca həm havadan, həm qurudan ilk zərbəni dayandırmaq üçün böyük imkanlara malik mühəndis sistemləri qurmağa şərait yaradır”.
Köçəryan düzgün olaraq qeyd edir ki, müharibə və hərbi əməliyyatlar zamanı ilk zərbənin necə qarşılandığı mühüm əhəmiyyət daşıyır. 2020-ci il müharibəsi ilə bağlı əsas problemlərdən biri də məhz budur: niyə “müdafiə ordusu” (ləğv edilmiş qanunsuz “hərbi birləşmə”-red.) və silahlı qüvvələr tam şəkildə müdafiəyə keçməyib?”, - deyə nəşr yazıb.
Müəllifin sözlərinə görə, bu barədə açıq faktlar mövcuddur və məhz buna görə müharibənin ilk saatlarında çoxlu sayda itki və maddi zərər qeydə alınıb.
“Bu barədə ehtimal ki, istintaq komissiyasında Samvel Babayan da danışıb, çünki o, müharibə günlərində bu məsələni ilk qaldıranlardan biri olub və bildirmişdi ki, sentyabrın 27-si səhər saatlarında Qarabağdakı qüvvələr 15 dəqiqə ərzində hava hücumundan müdafiə vasitələrinin 50 faizini, artilleriyanın isə 40 faizini itirib.
Bu baxımdan əsas sual budur: “bir nömrəli hazırlıq” əmri nə vaxt verilib? Məlumdur ki, müəyyən göstərişlər 2020-ci il sentyabrın 23-dən etibarən o dövrdə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan tərəfindən verilib. Bu məsələ komissiyada müzakirə olunubmu, keçmiş hərbi rəhbərlik dindirilmə zamanı niyə ilk zərbənin bu şəkildə qəbul edildiyini izah edibmi, bu suallar açıq qalır.
Əgər bu məsələlər müzakirə olunmayıbsa, bu pisdir. Əgər müzakirə olunubsa, lakin açıqlanmırsa və Köçəryanın və ya hakimiyyətin mövqeyinə uyğun tezislərin yayılmasına imkan verilirsə, bu da mənfi haldır.
Digər tərəfdən, keçmiş müdafiə naziri Davit Tonoyan və Baş Qərargahın keçmiş rəisi Onik Qasparyan müəyyən açıqlamalar veriblər, lakin bu kifayət deyil. Bəzi hallarda hakimiyyətin ortaya atdığı suallara aydınlıq gətirilməsi vacibdir. Köçəryan isə yaxşı bilməlidir ki, 44 günlük müharibədə ilk növbədə idarəetmə sistemi uğursuzluğa düçar olub”, - deyə KİV vurğulayıb.
Nəşr yazıb ki, onun müsahibəsində qanunvericilikdən də bəhs etməsi fonunda sual yaranır: müharibə dövründə Ermənistanda hərbi vəziyyət elan edildiyi halda, Baş Qərargah rəisi faktiki olaraq niyə müdafiə nazirinə yox, özünü ali baş komandan elan etmiş Nikol Paşinyana tabe olub? Halbuki qanunvericilik bunu tələb edir.
“Eyni zamanda, vaxtilə “İskəndər” raketinin tətbiq planını tənqid edən Köçəryan bu gün cavab verə bilərmi ki, niyə müharibənin ikinci günü həmin sistemdən istifadə olunmayıb?
2020-ci il sentyabrın 28-də jurnalistlərin “Niyə “İskəndər” istifadə edilmir?” sualına cavab olaraq Köçəryan belə demişdi:
“Biz düzgün edirik, lazım olanda istifadə edəcəyik. Bunu hərbi mütəxəssislərə buraxın. Düşünürəm ki, bu iki gün ərzində hərbi əməliyyatların məntiqsiz və xaotik qərarlarla aparıldığını görmürsünüz, əksinə addımların məntiqi var”.
Bu gün isə sual olunur: “İskəndər”in nə vaxt, necə və hansı istiqamətdə tətbiq olunmasında həqiqətən məntiq varmı və niyə belə qərarlar verilib?
Əslində bu sualların və xatırlatmaların siyahısını davam etdirmək olar, lakin buna ehtiyac yoxdur.
Köçəryanın qeyd etdiyi istehkamlara gəldikdə isə, onlar pis deyil, lakin hələ “döyüş sınağından” keçməyib. Üstəlik, qeyd edildiyi kimi, əgər idarəetmə sistemi faktiki olaraq mövcud deyilsə və dövlət strukturları müharibəyə hazır deyilsə, o zaman silahlanma və istehkamlar qələbəni təmin edə bilməz.
Bu baxımdan sual yaranır: bu sahədə nəsə dəyişibmi, Ermənistanda hələ də müharibədə məğlub olmuş hakimiyyət qalırmı, qanunvericilikdəki boşluqlar aradan qaldırılıbmı? Cavab, görünür, aydındır”, - deyə müəllif bildirib.
Alpər Mövludoğlu
Ordu.az