Erməni politoloq: “Kallasın Ermənistana “hibrid çevik reaksiya qrupu” göndərmək haqqında bəyanatı tamamilə anti-Rusiya xarakterli bir çıxış idi”

2026/03/1773943853.jpg
Oxunub: 423     22:10     19 Mart 2026    
“Aİ-nin diplomatiya rəhbəri Kaya Kallasın Ermənistana “hibrid çevik reaksiya qrupu” göndərmək haqqında bəyanatı tamamilə anti-Rusiya xarakterli bir çıxış idi”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyası Şurasının üzvü, erməni politoloq Armen Hovasapyan deyib.

Onun sözlərinə görə, Nikol Paşinyan və hakimiyyəti son bir il ərzində “hibrid müharibə” mövzusunu “ağız saqqızı”na çeviriblər.

Hovasapyan hesab edir ki, halbuki əslində elə onların özü erməni xalqına və erməniçiliyə qarşı “hibrid müharibə” aparırlar.

“Mənim qiymətləndirməmə görə, Kallasın dili ilə haradasa həm də Türkiyə danışır. Türkiyənin xarici işlər naziri Hakan Fidanın bəyanatını xatırlayırsınızmı? O bildirmişdi ki, onlar Nikol Paşinyanı hər vəchlə dəstəkləyirlər və onun yenidən seçilməsini, Ermənistan-Türkiyə, Ermənistan-Azərbaycan proseslərində öz siyasətini davam etdirməsini alqışlayarlar. Diplomatik dildən tərcümə etdikdə bu, o deməkdir ki, onlar Nikol Paşinyan hakimiyyətinin Ermənistanda yenidən bərqərar olmasını istəyirlər. Unutmayaq ki, Hakan Fidan uzun müddət Türkiyə kəşfiyyatının rəhbəri olub. Ərdoğanın onu xarici işlər naziri təyin etməsi təsadüfi addım deyildi. Kəşfiyyat rəhbərinin xarici işlər naziri olması qarşıdakı dövrdə xarici siyasətin hansı taktika və strategiya ilə aparılacağını göstərir. Fidanın həmin mətni ötən gün Kallasın dili ilə ifadə olundu, çünki regionda Qərbin maraqlarının təmsilçisi Türkiyədir”, - deyə Hovasapyan qeyd edib.

Erməni politoloqun fikrincə, Avropa İttifaqının “hibrid reaksiya” missiyası mahiyyət etibarilə Ermənistanın daxili işlərinə, xüsusən də parlament seçkilərinə açıq müdaxilədir.

Hovasapyanın sözlərinə görə, Kaya Kallas Nikol Paşinyana bir “dəstək qrupu” göndərir: “Kaya Kallas faktiki olaraq bəyan edir ki, biz Nikol Paşinyanın səsini eşitdik, onun Avropa Parlamentindəki yalvarışlarına qulaq asdıq və Ermənistanda seçkilər zamanı hibrid müharibənin qarşısını almaq üçün “dəstək qrupu” göndərəcəyik. Bu o deməkdir ki, Ermənistanda siyasi qüvvənin mandat alacağı, parlament və hökumətin formalaşacağı prosesə xarici qüvvə cəlb olunacaq. Bu, Ermənistanın daxili işlərinə birbaşa Qərb müdaxiləsidir ki, onlar da seçkilər haqqında öz ürəklərinə yatan hesabatlar, rəylər və qiymətləndirmələr təqdim etməyə çalışacaqlar”.

Qonşu İrana qarşı İsrail-ABŞ koalisiyasının davam edən hərbi əməliyyatlarından və Ermənistan üçün yaranan təhlükələrdən danışan erməni politoloq qeyd edib ki, İrana qarşı müharibə TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsini vaxtı keçmiş və əhəmiyyətsiz edir.

“İran öz sərhədləri yaxınlığında Trampın adı ilə bağlı olan heç bir layihəyə dözməyəcək. TRIPP öldü və müharibənin necə nizamlanmasından asılı olmayaraq, layihə işləməyəcək. Əgər İranda hazırkı rejim qorunub saxlanılsa, İran hakimiyyəti bu genişmiqyaslı müharibəni davam etdirə bilsə və öz sivilizasiya modelini, teokratik sistemini qorusa, TRIPP adlanan qovşaq fəaliyyət göstərməyəcək”, - deyə Hovasapyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hovasapyan  


Bizi "telegram"da izləyin