“Biz münaqişə riskini azaltmağa kömək edə bilərik” - Kos

2026/02/1771081973.jpg
Oxunub: 351     17:16     19 Mart 2026    
Bu gün İrəvanda Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan ilə birgə bəyanat zamanı Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos bildirib ki, onlar Avropa ilə Asiya arasında nəqliyyat vaxtını və xərcləri azaltmaq üçün infrastrukturun hansı sahələrində təkmilləşdirmələr aparıla biləcəyini müzakirə ediblər.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

“Bu marşrut üzrə hərəkət 2022-ci ildən bəri dörd dəfə artıb. Təsəvvür edə bilərsinizmi? 2004-cü ildən bəri bu göstərici dörd dəfə yüksəlib. Deməli, düzgün investisiyalar olduğu halda, 2030-cu ilə qədər bu göstərici üç dəfə də arta bilər və bu, həm Ermənistana, həm də, əlbəttə, Avropaya fayda verəcək.

Lakin bizim fəaliyyətimiz yalnız ticarət və iqtisadiyyatla məhdudlaşmır. Mən bunu həm də sülhə töhfə verən investisiya kimi görürəm. Ermənistan və Azərbaycan sülh və sabitlik istiqamətində mühüm addımlar atıblar və mən bu səyləri yüksək qiymətləndirirəm.

Avropa kömək etmək istəyir, biz regional əlaqəliliyə sərmayə qoymağa hazırıq ki, davamlı sülhü, sabitliyi və rifahı təşviq edək. Avropa İttifaqı da məhz sülh, sabitlik və rifah üzərində qurulub”, - deyə Kos qeyd edib.

O bildirib ki, sərhəd keçid məntəqələrinin açılması, körpülərin və müasir yolların tikintisi həm insanları, həm də bazarları birləşdirə bilər.

“Daha güclü iqtisadi əlaqələr qurmaqla biz münaqişə riskini azaltmağa da kömək edə bilərik. Avropa öz tarixindən bunun nə qədər vacib olduğunu yaxşı bilir.

Eyni zamanda biz Ermənistanın iqtisadi inkişafına da dəstək veririk. Aprelin 24-də artım və dayanıqlılıq proqramı elan edildikdən sonra Aİ dəstəyi artıq 7000 biznesə kömək edib və 20 mindən çox iş yerinin yaradılmasına töhfə verib.

Biz məktəblər tikirik, mənzil və sosial xidmətlərə investisiya qoyuruq və Qarabağdan köç etmiş (könüllü-red.) ermənilərin inteqrasiyasını 70 milyon avrodan çox vəsaitlə dəstəkləyirik.

Aİ həmçinin Ermənistanın təhsil sisteminin modernləşdirilməsini maliyyələşdirir, o cümlədən ölkədə yeddi məktəbin yenidən qurulmasını həyata keçirir və biz bu dəstəyi davam etdirməkdə qətiyyətliyik.

Məhz buna görə bu gün əlavə olaraq Ermənistana 140 milyon avro ayrılmasını nəzərdə tutan maliyyə sazişini imzaladıq. Bu vəsait, digər məsələlərlə yanaşı, viza rejiminin tam liberallaşdırılması istiqamətində zəruri islahatlara dəstək verəcək. Bu, mühüm əhəmiyyət daşıyır”, - deyə Kos vurğulayıb.

O qeyd edib ki, Ermənistan dünyada Aİ ilə viza liberallaşdırılması üzrə fəal dialoq aparan yeganə ölkədir, bu da münasibətlərin dərinliyini əks etdirir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kos   Ermənistan  


Bizi "telegram"da izləyin