Ordu.az xəbər verir ki, bunu bu gün jurnalistlərlə brifinq zamanı Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.
Ondan hibrid təhdidlər, onların mənbələri və hakim partiyanın iddia etdiyi kimi əhalinin 65 faizi “Vətəndaş Müqaviləsi”ni dəstəkləyirsə, nədən qorxmaq və niyə Avropa İttifaqından kömək istəmək lazım olduğu barədə soruşulduqda, Paşinyan belə cavab verib: “Hibrid müharibə odur ki, ayrı-ayrı şəxslər süni zəka vasitəsilə, xaricdən pul ödəyərək, Paşinyanın ailəsinin Dubayda, Fransada və Los-Ancelesdə evlərinin olduğu, Ermənistanda, Rusiyada və xaricdə bizneslərinin olduğu, İsveçrə bank hesablarında milyonlarla dollar saxladığı, orqan alveri və azyaşlıların cinsi istismarı ilə məşğul olduğu barədə yalan məlumatlar yayırlar”.
Onun sözlərinə görə, seçkilərdə “Vətəndaş Müqaviləsi” partiyasının qarşıdan gələn qələbəsi başlanmış sülh prosesinin geri dönməzliyini təmin edir. “Müharibə partiyasına gəlincə, mənim üçün getdikcə daha aydın olur ki, bu partiyalar və dairələr sülhə qarşı olmadıqlarını desələr də, hakimiyyətə gəlsələr sülhə yenidən baxacaqlarını dərhal bildirirlər. Açıq demək istəyirəm: bu, müharibəyə səbəb olacaq və bu, təkcə ərazi itkiləri ilə deyil, həm də suverenliyin itirilməsi ilə nəticələnəcək. Bu fiqurların əksəriyyəti nə dediyini anlamır və sadəcə başqa yerlərdə yazılanları təkrarlayır”, - deyə Paşinyan bildirib və qeyd edib ki, belə dar düşüncəli insanların erməni siyasətində yeri yoxdur.
Ermənistan Baş naziri bu mövzuya yeni “Facebook” canlı yayımını həsr etməyi planlaşdırdığını bildirib. “Bu qüvvələr sülhə yenidən baxılmasını müdafiə edir ki, bu da seçkilərdən sonra, ən gec payızda çox yaxın gələcəkdə qaçılmaz müharibə deməkdir. Onlar ağır nəticələri olacaq yeni sentyabr müharibəsinə hazırlaşırlar”, - deyə Paşinyan bildirib.
O qeyd edib ki, buna görə hakimiyyət hibrid təhdidlər və dezinformasiya ilə mübarizə aparmaq üçün alətləri olan bütün tərəfdaşlarla əməkdaşlıq edir.
Bu qüvvələrin kim olduğu və məqsədlərinin nə olduğu barədə suala cavab olaraq Paşinyan bildirib ki, məqsəd aydındır: Ermənistanı vilayət kimi saxlamaq. “Onların hamısı Ermənistanın müstəqilləşməsinin qarşısını almaq üçün emissarlardır.
Dünən sosial şəbəkənin xəbər lentində “Güclü sülh”, “Bizi bağışla, “artsax”...” və digər başlıqlı şəkillər gördüm. Bütün bunlar sülhə yenidən baxmaq cəhdidir. Sülhə yenidən baxmaq cəhdi müharibədir. Dərhal. Ya da deyirlər ki, Ağrı bizimdir, Xudavəng bizimdir, bu, müharibədir”, - deyə o bildirib.
Müxalifətin müharibədən nə qazanacağı barədə suala Paşinyan belə cavab verib: “Müharibədən qazanacaqları odur ki, dövlətin deyil, forpostun idarəçiləri olacaqlar, çünki zaman göstərib ki, bu onlar üçün maliyyə baxımından sərfəlidir.
Yeri gəlmişkən, onlar bəzi ölkələrdə sahib olduqları milyardlarını da qoruyacaqlar, çünki onları bura göndərib deyiblər ki, əgər məsələni həll etməsəniz, formal olaraq adınıza yazılanlar artıq olmayacaq.
Həmin mövqedən çıxış edən əsas qüvvələrin üçü də Rusiyada və Belarusda milyardlarla dəyərində əmlaka malikdir. İndi onlara deyilib ki, o əmlakı saxlamaq istəyirsinizsə, işləyin, zəhmət çəkin, qaçın, uzanın, yerə dayanaraq 30 dəfə təkan verin. Bacarmayacaqlar. Mən nə 30 dəfə təkan verə biləcək, nə də 100 km velosiped sürə biləcək adam görmürəm”.
Jurnalistlərdən birinin onun 44 günlük müharibəni təhrik etdiyi barədə iradına Paşinyan belə cavab verib: “Xalq öz cavabını 2021-ci il seçkilərində verib. Xatırladım ki, mən 2018 və 2021-ci illərdə iki dəfə istefa vermişəm, növbədənkənar seçkilər keçirilib və xalq öz qərarını verib”.
Ermənistan Baş naziri qondarma “soyqırımı muzeyi-institutu”nun direktoru Edita Qzoyanın işdən çıxarılması barədə əmrin qanuniliyinə dair qiymətləndirməsini bir daha təsdiqləyib. Qzoyan ABŞ-nin vitse-prezidenti Vensə Qarabağ haqqında kitab hədiyyə etdiyinə görə işdən çıxarılıb. “Bütün hörmətimlə deyirəm ki, ayrıca fond və ya dövlət qeyri-kommersiya təşkilatı dövlət siyasətindən fərqli öz siyasətini apara bilməz. ABŞ-nin vitse-prezidenti Ermənistana səfər edəndə, bu isə avqustun 8-də Vaşinqtonda imzalanmış və sülhü təsdiqləmiş razılaşmalar sayəsində mümkün olmuş tarixi səfər idi və ona “Qarabağ məsələsi” adlı kitab verilir, bu isə münaqişə haqqında kitabdır. Bu o deməkdir ki, münaqişə mövcuddur”, - deyə Paşinyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az