Erməni hərbçilərin valideynləri 1,5 illik xidmət müddətinin digərlərinə də tətbiq olunmasını tələb edir - VİDEO
Oxunub: 361
15:21
19 Mart 2026
Erməni hərbi qulluqçuların valideynləri bu gün Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçirib və 2025-ci ildə orduya çağırılanların xidmət müddətinin də azaldılmasını tələb ediblər.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Onlar iki il əvəzinə 1,5 il xidmət etmələrini istəyirlər. Yəni 2025-ci ilin qış çağırışından etibarən hərbi xidmət müddətinin 18 aya endirilməsi barədə qərarın geriyə qüvvəsi olsun və həmin çağırış zamanı xidmətə başlayan hərbçilərə də şamil edilsin.
“Xidmət müddətini iki ildən 1,5 ilə endirdilər, lakin qanuna geriyə qüvvə vermədilər ki, bu, 2025-ci ilin yay çağırışına da təsir etsin. Məktublar və müraciətlər yazmışıq, hamımız eyni cavabı almışıq ki, qanunun geriyə qüvvəsi yoxdur. Eyni zamanda bu yaxınlarda yeni qanunun dərc olunduğunu gördük. Şanxay reytinqində ilk 50 universitetə qəbul olunanlar vətənə qayıdıb üç il işləsələr, ümumiyyətlə hərbi xidmətdən azad olunurlar. Bu qanuna geriyə qüvvə verildi, lakin hərbi xidmət müddətinin azaldılması barədə qanuna heç cür təsir etmək mümkün olmur”, - deyə erməni valideynlərdən biri bildirib.
Erməni valideynlərin sözlərinə görə, əgər qanuna geriyə qüvvə vermək mümkün deyilsə, heç olmasa məzuniyyətləri artırmaqla xidmət müddətini 1,5 ilə bərabərləşdirsinlər.
Onlar bildiriblər ki, oğulları hazırda mövqelərdədir və valideynlərinin burada olduqlarından xəbərsizdirlər: “Bizim oğlanlarımız nə şikayət edir, nə də narazılıq bildirir. Biz isə valideyn kimi düşünürük ki, bu, ədalətsizlikdir və bərabərsizlikdir”.
Başqa bir erməni valideyn isə deyib: “Mənim oğlum 2025-ci il iyulun 14-də xidmətə gedib. 2026-cı il yanvarın 7-də xidmətə gedən uşaq ondan daha tez tərxis olunacaq, avqustun 15-də gedən isə bir ay artıq hərbi hissədə qalacaq və özündən sonra gedənlərin tərxis olunmasına baxacaq”.