Paşinyan: “Ter-Petrosyan, Köçəryan və Sarkisyan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb, sadəcə bu gizlədilib”

2026/03/1773688082.jpg
Oxunub: 527     14:58     19 Mart 2026    
Martın 19-da keçirilən brifinq zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan sələflərini həqiqəti xalqdan gizlətməkdə ittiham edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Əvvəlcə jurnalistlər hökuməti 2021-ci il proqramını yerinə yetirməməkdə və nəticədə Qarabağı təhvil verməkdə ittiham ediblər. Paşinyan cavabında bildirib ki, proqramın ön sözündə regionda sülhün prioritet olduğu qeyd edilib. “Biz prosesə bir proqramla daxil olduq, lakin başqa proqramla çıxdıq, çünki bu müddətdə vətəndaşlar bizdən sülhü prioritet etməyi tələb etdilər”, - deyə Paşinyan bildirib.

Onun fikrincə, heç bir hökumət “Qarabağ” (ləğv edilmiş qondarma qurum-red.) üçün hazırda iqtidarda olan hökumət qədər çox iş görməyib.

Paşinyan, həmçinin Azərbaycanın nəzarətinə keçməzdən dərhal əvvəl Qarabağda “hakimiyyətə gələn qüvvələr”i baş verənlərin səbəbi olmaqda ittiham edib. “İndi həmin qüvvələr eyni şeyi Ermənistanla etmək istəyirlər”, - deyə o bəyan edib.

Jurnalistlər xatırladıblar ki, bundan əvvəl Paşinyan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını bəyan etmişdi.

Ermənistan Baş naziri tərəddüd etmədən bildirib ki, onun bütün sələfləri də bunu tanıyıb, lakin həqiqəti xalqdan gizlədiblər. O iddia edib ki, ya 2002-ci ilə (Köçəryanın prezidentliyi dövrü), ya da 2011-ci ilə (Sarkisyanın prezidentliyi dövrü) aid sənədlər var və həmin sənədlərdə Ermənistan sərhədindən şərqdə yerləşən ərazi böyük hərflərlə Azərbaycan kimi göstərilib. O əlavə edib ki, Lissabon sammiti ilə bağlı həqiqət də gizlədilib, lakin indi bütün sənədlər dərc olunub və xalq həqiqəti bilir.

“Bizim problemimiz nədir? Erməni xalqından reallıq gizlədilib. Niyə reallıq gizlədilib? Niyə 1996-cı il Lissabon sammitinin reallığı gizlədilib? İndi isə sənədlər tam şəkildə dərc olunub. Niyə bu sənədlərlə bağlı səs-küy yoxdur?

Yoxdur, çünki hər şey dərc olunub və bütün həqiqət xalqın qarşısına qoyulub. Lakin bu həqiqətin davamı da var və bu hekayə əslində Ermənistanın müstəqil dövlət olmasına imkan verməmək cəhdi olub. Bu prosesi Levon Ter-Petrosyan, sonra Robert Köçəryan, daha sonra Serj Sarkisyan idarə edib. İndi isə onların kartının artıq oynanıldığını başa düşərək, özlərinə yaxın rus-belarus oliqarxlarını gətiriblər”, - deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, Ermənistanın müstəqilliyə çatmaması üçün hər şey edilib və proses ardıcıl olaraq Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyan tərəfindən idarə olunub, indi isə onlara rus-belarus oliqarxları qoşulub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin