Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Respublikaçılar Partiyasının nümayəndəsi Armen Aşotyan “Facebook” səhifəsində yazıb.
O bildirib ki, “V-Dem” institutunun dünyada demokratiya ilə bağlı illik hesabatı yenidən Ermənistanda demokratiyanın gerilədiyini təsdiqləyib.
“Bir vaxtlar bu cür hesabatlar Nikol üçün o qədər vacib idi ki, o, hətta açıq şəkildə onlara istinad edir və özünə sərf edən hissələri qabardırdı.
İndi isə susur, çünki hətta əlverişli geosiyasi şəraitdə belə ölkədə davam edən avtoritarlaşmanı gizlətmək mümkün deyil.
Bunun növbəti təzahürlərindən biri də Armine Ohanyanın üzləşdiyi absurda çatan siyasi təqiblərdir”, - deyə o qeyd edib.
Aşotyanın sözlərinə görə, Nikol narkotik asılılığı olan birinə bənzəyir, Qərbdəki kuratorları ona təzyiqləri azaltmağı tövsiyə edir (həbs əvəzinə ev dustaqlığı və digər “yumşaltmalar”), lakin o yenə də paralel şəkildə yeni siyasi təqiblərlə “adrenalin alır”.
“Hesabata qayıdaq. Artıq qeyd etmişəm ki, məsələn, “liberal demokratiya indeksi” üzrə Ermənistan bir il ərzində 76-cı yerdən 86-cı yerə düşərək 10 pillə geriləyib.
İndi isə əlavə olunmuş slayda baxın, demokratiyanın geriləmə sürətinə görə Ermənistan dünyada 6-cı yerdədir.
Nikol, səni təbrik edirəm.
Amma diktator kimi inkişaf etmək üçün hələ yer var, çalış ki, ən sərt avtoritarlaşan üçlükdə olasan.
Sən bacararsan. Qalanı isə bizə qalır ki, buna imkan verməyək”, - deyə Aşotyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az