Ordu.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Ermənistan bürosu yazır.
Nəşr qeyd edib ki, bu şirkətin idarəçiliyinə Ermənistanın dəmir yolu infrastrukturunun 30 il müddətinə verildiyi bildirilir. Cinayət işindən əlavə, “Cənubi Qafqaz Dəmir Yolu”nun 2008-2018-ci illər üzrə investisiya həcmləri Maliyyə Nazirliyi tərəfindən yoxlanılıb və akt tərtib edilib, lakin hazırda nazirlik yoxlamanın nəticələrini təqdim etməkdən imtina edir. Bununla paralel olaraq, Ermənistan hökumətinin sənədlərindən birində qeyd olunur ki, dəmir yolunun konsessiyası ləğv ediləcəyi halda hökumətin öhdəlikləri maksimum 273 milyon dollardan çox ola bilər.
“2018-ci ilin dekabrında İstintaq Komitəsi bildirmişdi ki, “ibtidai istintaq zamanı “Cənubi Qafqaz Dəmir Yolu” QSC tərəfindən investisiya prosesində sui-istifadələrə yol verilməsi barədə məlumatlar əldə edilib”. 2020-ci ilin aprelində bu mövzuya Rusiya xarici işlər naziri Sergey Lavrov da toxunaraq ümid etdiyini bildirmişdi ki, Ermənistan-Rusiya birgə müəssisələrinə, o cümlədən “Cənubi Qafqaz Dəmir Yolu”na qarşı başlanmış məhkəmə prosesləri “müttəfiqlik münasibətlərinə uyğun olmayan məqamlar gündəmə gətirilmədən” tənzimlənəcək. Bu bəyanatdan bir il sonra İstintaq Komitəsi cinayət işinə xitam verib. Həmin iş çərçivəsində Maliyyə Nazirliyinin maliyyə-büdcə nəzarəti idarəsi 2008-2018-ci illərdə investisiyaların həcmini, konsessiya aktivlərinin və hərəkət tərkibinin idarə olunmasından əldə edilən maliyyə vəsaitlərinin istifadəsinin qanuniliyini araşdırmaq üçün yoxlamalara başlamışdı.
Yoxlama nəticəsində hansı pozuntular qeydə alınıb? “Azadlıq” radiosunun sorğusuna cavab olaraq Maliyyə Nazirliyindən bildirilib ki, nazirin 5 tapşırığı əsasında 2019-cu ilin martında akt tərtib olunub. Yoxlamaları həyata keçirmiş maliyyə-büdcə nəzarəti idarəsinin (əvvəllər müfəttişlik) fəaliyyəti 2025-ci ildə dayandırılıb, yoxlama materialları isə Maliyyə Nazirliyinin arxivinə təhvil verilib. Nazirlik arxivdən yoxlama aktını təqdim etməkdən imtina edib və bunu sənədlərdə istintaq, bank və kommersiya xarakterli məxfi məlumatların ola biləcəyi ilə əsaslandırıb”, - deyə KİV vurğulayıb.
Nəşr qeyd edib ki, Ermənistan dəmir yolunun idarəçiliyinin səmərəliliyi məsələsi 2025-ci il avqustun 8-dən sonra, Ermənistanla Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının açılması məsələsi çərçivəsində yenidən müzakirə mövzusuna çevrilib.
“Ermənistan Arazdəyən və Axurik hissələrində dəmir yolunun bərpası üçün Rusiyaya müraciət etmişdi. Bu yaxınlarda Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk bəyan etmişdi ki, Rusiya Arazdəyən və Axurik hissələrində dəmir yolunun bərpası ilə bağlı Ermənistanla danışıqlar aparacaq, lakin bunun hansı maliyyə vəsaiti hesabına və hansı nisbətdə həyata keçiriləcəyi hələ dəqiq deyil.
Bunun ardınca Ermənistanın Baş naziri Nikol Paşinyan hər hansı dost ölkənin Rusiya şirkətindən konsessiya idarəetmə hüququnu satın alması barədə yeni təkliflə çıxış edib. “Mənim təsəvvür etdiyim həll yolu ondan ibarətdir ki, həm Rusiya, həm də Ermənistanla dost münasibətləri olan elə bir ölkə olsun ki, sadəcə olaraq Rusiyadan konsessiya idarəetmə hüququnu alsın. Məncə, məsələn, Qazaxıstanı, Birləşmiş Ərəb Əmirliklərini, Qətəri və ya hazırda ağlıma gəlməyən, lakin həm Rusiya, həm də Ermənistanla eyni dərəcədə isti münasibətlərə malik digər ölkələri nəzərdən keçirmək olar”, - deyə o bildirib.
Bu proseslərlə paralel olaraq, beynəlxalq mətbuatda “Rusiya Dəmir Yolları”nın (“Cənubi Qafqaz Dəmir Yolu” QSC onun törəmə şirkətidir) maliyyə dayanıqlığı məsələsi də müzakirə olunur. “Reuters” yazıb ki, şirkətin borcu 50 milyard dolları keçib və “Rusiya Dəmir Yolları” 2026-cı il üzrə xərclər hissəsini 20 faiz azaldıb. Halbuki şirkətin ən böyük kreditoru olan “VTB Bank” Rusiya Mərkəzi Bankı ilə birlikdə kredit borclarının restrukturizasiyası barədə razılığa gəlib.
Dəmir yolunun konsessiyasının ləğvi nə qədər başa gəlir
Son inkişaflar fonunda “Cənubi Qafqaz Dəmir Yolu”nun konsessiyasının ləğvi imkanı müzakirə edilir. Lakin bu, hökumətin rəsmi sənədlərindən birində, 2025-ci ilin iyununda qəbul edilmiş Ermənistanın 2026-2028-ci illər üzrə dövlət orta müddətli xərclər proqramının təsdiqinə dair qərarda qeyd olunduğu kimi, iri həcmli maliyyə kompensasiyası nəzərdə tutur”, - deyə nəşr bildirib.
Müəllif yazıb ki, sənəddə bildirilir: “Konsessiya müqaviləsinin vaxtından əvvəl ləğvi üzrə şərti öhdəliklər əsasən ölçülə biləndir və ən pis ssenari halında onların maksimal təsiri 103,6 milyard dram həcmində qiymətləndirilir”.
KİV qeyd edib ki, dollar ifadəsində bu məbləğ 273 milyon dollardan çox təşkil edir. Hesablama konsessiya müqaviləsinin vaxtından əvvəl ləğvi üzrə kompensasiyalar əsasında aparılıb və şirkətin mövcud kreditlərini əhatə etmir.
Alpər Mövludoğlu
Ordu.az