Vensin silinən tviti və Bakı xartiyası: ABŞ Ermənistanı Rusiyadan “azad etmək” üçün 9 milyard dollar vəd edir

2026/02/1772004060.jpg
Oxunub: 510     14:20     25 Fevral 2026    
Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ-nin vitse-prezidenti Cey Di Vens Bakıda strateji tərəfdaşlıq haqqında xartiya imzalayıblar və bununla da, bildirildiyi kimi, ABŞ-Azərbaycan münasibətləri tarixində yeni səhifə açıblar.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın “360.ru” nəşri yazıb.

Nəşrə görə, əvvəlcə qeyd etmək lazımdır ki, Azərbaycana gəlməzdən öncə C. D. Vens qonşu Ermənistana səfər etmiş, orada da strateji tərəfdaşlıqdan danışmış və yerli hakimiyyət orqanlarını amerikalıların erməni xalqına qarşı “istisna” xoş niyyəti barədə əmin etmişdi.

“Səfəri zamanı Vens “Tsitsernakaberd” (qondarma-red.) memorial kompleksini ziyarət etmişdi. Hər şey yaxşı görünürdü, lakin Bakıya gedən yolda həmin paylaşım yoxa çıxmışdı. Beləliklə, Vens Azərbaycan paytaxtına çatanda onun səhifəsində “soyqırımı” (qondarma-red.) ilə bağlı heç bir xatırlatma qalmamışdı.

Niyə? Cəsarətlə demək olar ki, səbəb Türkiyə və onun qardaşı Azərbaycanla münasibətləri korlamamaq istəmələridir. Üstəlik, sonradan ABŞ-nin CNN televiziya kanalı açıqlayıb ki, Vensin yazılıb sonra silinmiş tvit hekayəsi ABŞ vitse-prezidentinin ofisində çalışan, ABŞ nümayəndə heyətinin Cənubi Qafqaz səfəri ilə heç bir əlaqəsi olmayan səhlənkar əməkdaşın səhvi kimi təqdim edilib.

İndi isə Bakı ilə Vaşinqton arasında xartiya ilə nəzərdə tutulan əməkdaşlıq barədə bir neçə söz. Beləliklə, ABŞ aşağıdakı sahələrdə nəzarəti ələ almaq niyyətindədir:

- regional bağlantı infrastrukturları,
- nəqliyyat dəhlizləri, o cümlədən TRIPP (Zəngəzur dəhlizi-red.) və Transxəzər nəqliyyat dəhlizi layihələri.

ABŞ, həmçinin, Amerika kapitalının aşağıdakı sahələrə girişinə icazə verməyi planlaşdırır:

- süni zəka, rəqəmsal texnologiyalar, məlumat mərkəzləri və kosmik sənaye,
- birgə tədqiqatlar və işləmələr, riskli innovasiya platformalarına kapital dəstəyi,
- təcrübə mübadiləsi və texniki yardım, ixtisaslı işçi qüvvəsinin inkişafı,
- hərbi-sənaye kompleksi, o cümlədən müdafiə sənayesi müəssisələrinə investisiyalar.

Bütün bunlar, əlbəttə ki, strateji tərəfdaşlıq və humanitar əməkdaşlıq pərdəsi altında həyata keçirilir. Maraqlıdır ki, Vens İrəvana səfəri zamanı mahiyyət etibarilə eyni mesajı Ermənistan rəhbərliyinə də ötürüb və nəticədə kiçik modul reaktorlar sahəsində enerji əməkdaşlığına dair sənədin imzalanmasını təmin edib”, - deyə nəşr bildirib.

KİV vurğulayıb ki, halbuki ABŞ-nin, Rusiyadan və ya Çindən fərqli olaraq, hazırda kiçik modul reaktorları yoxdur.

“Bu baxımdan, ABŞ-nin Ermənistanın enerji sektoruna vəd etdiyi 9 milyard dolların yerli hökuməti “Rosatom”la əməkdaşlıq şərtlərinə yenidən baxmağa məcbur etmək üçün gizli rüşvət olması tezisi şübhə doğurmur. Xatırladaq ki, hazırda məhz “Rosatom”la əməkdaşlıq sayəsində həmin Cənubi Qafqaz ölkəsinin enerji tələbatının 40 faizə qədəri təmin edilir. “ABŞ bu yardımı Rusiyadan asılılığın azaldılması vasitəsi kimi qiymətləndirir və bu addımı strateji qərar, eləcə də Cənubi Qafqazda möhkəmlənmək cəhdi hesab edir”, - deyə xarici xəbər agentlikləri məlumat yayıb.

Bu fonda ABŞ-nin artıq Rusiyadan enerji asılılığından azad etdiyi daha bir böyük regionu xatırlamaq yerinə düşür. Bu, Avropadır. Orada belə “azadlıq” Aİ ölkələrində iqtisadi böhranların artmasına və Köhnə Dünyada deindustrializasiyanın başlanmasına gətirib çıxarıb.

Bu şəraitdə Nikol Paşinyanın İrəvanın heç vaxt Rusiyanın maraqlarına qarşı hərəkət etmədiyi və etməyəcəyi barədə iddiaları, yumşaq desək, inandırıcı görünmür. Bununla belə, qeyd edək ki, Ermənistan rəhbərliyinin milli ləyaqəti müstəmləkə muncuqları müqabilində satmasının ən böyük ziyanı əsasən elə onun öz maraqlarına dəyir”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan   Türkiyə   Azərbaycan  


Bizi "telegram"da izləyin