“Fevralın 26-da Yaxın Şərqin, o cümlədən ölkəmizin hansı çağırışla üz-üzə qalacağı aydın olacaq” - Zakaryan

2026/01/1769667254.jpg
Oxunub: 342     14:09     25 Fevral 2026    
“Fevralın 26-da Yaxın Şərqin, o cümlədən ölkəmizin hansı çağırışla üz-üzə qalacağı aydın olacaq. ABŞ-İran danışıqlarının növbəti mərhələsinin keçirilməsi planlaşdırılır”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Respublikaçılar Partiyasının idarə heyətinin üzvü Artak Zakaryan “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, Vaşinqton uranın sıfır səviyyədə zənginləşdirilməsini və raket proqramının məhdudlaşdırılmasını tələb edir, Tehran isə hər hansı güzəşt etməzdən əvvəl sanksiyaların tam ləğvini istəyir.

“Fevralın 26-da, böyük ehtimalla, İran münaqişənin diplomatik həllini və mümkün kompromisləri necə gördüyünü təqdim edəcək. Sual ondadır ki, bu həll yolları ABŞ və İsrail üçün nə dərəcədə qəbulolunan olacaq?”, - deyə Zakaryan bildirib.

Zakaryan qeyd edib ki, Donald Trampın güc variantlarını müzakirə etdiyi bir vaxtda diplomatiya getdikcə kompromis axtarışından daha az şeyə bənzəyir:

“Bu artıq qərar qəbul etməzdən əvvəl vaxt udmaq üçün götürülmüş fasiləyə bənzəyir. İran, görünür, nüvə hazırlığı, zənginləşdirmə həddinə yaxınlaşmaq üçün, ABŞ isə ilk zərbəyə tam və səhvsiz hazırlaşmaq üçün vaxt qazanır.

Beynəlxalq xəbərləri izlədikdə belə nəticəyə gəlmək olar ki, əsas proqnoz artıq sülh yolu ilə razılaşmanın olub-olmayacağı deyil. Əsas sual ABŞ-nin İrana zərbə endirmə formatı ilə bağlıdır. Müzakirə olunur ki, bu genişmiqyaslı əməliyyata çevriləcək, yoxsa yalnız nüvə infrastrukturuna qarşı hədəfli zərbələrlə məhdudlaşacaq?

Belə çətin və taleyüklü beynəlxalq şəraitdə Ermənistanın daxili siyasi həyatındakı mənasız və boş “müzakirələr”ə baxanda bir daha əmin olursan ki, erməni dövlətçiliyinin gələcəyi hakimiyyət dəyişikliyindən keçir”, - deyə o vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zakaryan   Ermənistan  


Bizi "telegram"da izləyin