Ermənistanın daxili işlər nazirinin müavini FBI-nin nümayəndələri ilə görüşüb

2026/02/1771947011.jpg
Oxunub: 442     19:24     24 Fevral 2026    
Ermənistanın daxili işlər nazirinin müavini Armen Qazaryan fevralın 19-da ABŞ-nin Ermənistandakı səfirliyinin Narkotiklərlə Mübarizə və Hüquq-Mühafizə Əməkdaşlığı Ofisinin nümayəndəsi Mari Kurtun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, heyətin tərkibində ABŞ Ədliyyə Departamentinin Federal Təhqiqat Bürosunun (FBI) Ermənistanda və Gürcüstanda hüquqi attaşesi Aleksandr Tiquy da olub.

“Armen Qazaryan ABŞ tərəfdaşlarının davamlı dəstəyini yüksək qiymətləndirərək vurğulayıb ki, birgə proqramlar sahəvi islahatlar prosesində əsas əhəmiyyət daşıyır.

Tərəflər kibertəhlükəsizlik laboratoriyasının yaradılmasının mərhələli prosesini, texniki və infrastruktur tələblərini müzakirə ediblər. Nümayəndə heyətinin üzvləri kibercinayətkarlıqla mübarizə sahəsində imkanların inkişafına töhfə vermək məqsədilə ixtisasartırma təlimləri keçirməyə hazır olduqlarını bildiriblər.

Həmçinin kibertəhdidlərə qarşı mübarizə, qanunsuz miqrasiya, narkotik vasitələrin qanunsuz dövriyyəsi, insan alveri və transmilli cinayətkarlıqla mübarizə məsələlərinə toxunulub”, - deyə məlumatda bildirilib.

Vurğuanıb ki, transmilli cinayətkarlığın meyilləri və ona qarşı birgə alətlərin inkişafı da müzakirə edilib.

“Tərəflər müasir təhlükəsizlik çağırışlarına qarşı birgə səyləri davam etdirməyə və imkanların ardıcıl şəkildə gücləndirilməsi istiqamətində sıx əməkdaşlığı davam etdirməyə hazır olduqlarını ifadə ediblər”, - deyə məlumatda bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   ABŞ  


Bizi "telegram"da izləyin