Ordu.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Ermənistan bürosu yazıb.
KİV bildirib ki, onun sərəncamında Ermənistanın xarici işlər nazirinin Brüsselə ünvanladığı məktub var. Həmin məktubda Ararat Mirzoyan fevralın 13-də İrəvana sürətli reaksiya qrupunun göndərilməsini xahiş edib. Aİ ötən il parlament seçkiləri zamanı Moldovada hakimiyyətə sosial şəbəkələrdə Rusiyadan yayılan dezinformasiyanın erkən aşkarlanması və qarşısının alınması istiqamətində dəstək vermək üçün təxminən 20 nəfərlik oxşar qrup Kişinyova göndərmişdi.
Nəşr qeyd edib ki, həm Brüssel, həm də Kişinyov bu layihəni uğurlu hesab edib və Avropa İttifaqı indi eyni mexanizmi Ermənistan üçün də tətbiq etmək niyyətindədir. Bu, həlledici seçkilər ərəfəsində baş verir və gözləntilərə görə, Rusiya həmin seçkilərə təsir göstərməyə çalışacaq.
“Arxa plan: Brüsseldə aparılmış müzakirələrdən əldə olunan diplomatik notalara əsasən, Aİ “2026-cı ilin iyun seçkiləri ərəfəsində, eləcə də Ermənistan və Azərbaycan arasında davam edən sülh prosesi zamanı Ermənistanın demokratik dayanıqlığının və informasiya bütövlüyünün möhkəmləndirilməsinə dəstək göstərmək” niyyətindədir. Sənəddə əlavə olunur ki, “Ermənistana təklif olunan dəstək Rusiyanın sabitliyi pozan fəaliyyətinin azaldılmasına və yumşaldılmasına aydın şəkildə yönəlməlidir”.
“Azadlıq” radiosunun məlumatına görə, Aİ-yə üzv dövlətlər diplomatik korpusa, Xarici Fəaliyyət Xidmətinə də müraciət edərək “Aİ-nin Ermənistana göstərdiyi dəstəyin məqsədini izah etmək və sülh prosesinə mənfi təsirin qarşısını almağın vacibliyini vurğulamaq üçün Azərbaycanla əlaqələri davam etdirməyə” çağırıblar”, - deyə nəşr qeyd edib.
KİV vurğulayıb ki, Bakı əvvəllər son illərdə Aİ tərəfindən Ermənistana göstərilən hərbi yardım, eləcə də 2023-cü ildən etibarən Azərbaycanla sərhədin Ermənistan tərəfində fəaliyyət göstərən Aİ müşahidə missiyası ilə bağlı narahatlıqlarını ifadə edib.
“Yeni missiya təsdiqlənəcəyi təqdirdə daha çox hibrid təhdidlərə fokuslanacaq. Buraya “seçki prosesinin bütövlüyünün qorunması, eləcə də mümkün olaraq ondan dərhal sonra keçirilə biləcək konstitusiya referendumu” daxil ediləcək.
“Azadlıq” radiosunun danışdığı bir neçə Aİ diplomatının sözlərinə görə, tərəflər missiyanı mayın 4-də İrəvanda keçirilməsi planlaşdırılan Aİ-Ermənistan sammitinədək işə salmağı hədəfləyirlər. Bu isə o deməkdir ki, məsələ ilə bağlı qərar mart ayı ərzində qəbul edilməlidir. Lakin proses o qədər də asan deyil”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az