Ordu.az xəbər verir ki, Xaçatryan Ermənistanın xarici siyasət yanaşmaları, regional proseslər, Azərbaycan ilə sülhün bərqərar olunması istiqamətində atılan addımlar və digər mövzular barədə danışıb.
Ermənistan ilə Azərbaycan arasında sülh prosesi haqqında danışan Vahaqn Xaçatryan 2025-ci il avqustun 8-də Vaşinqtonda Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycanın Prezidenti İlham Əliyev tərəfindən ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanmış bəyannaməyə toxunub.
“Avqustun 8-də baş verənlər inanılmaz görünə bilərdi. Lakin bu, bir günün içində baş vermədi. Bundan əvvəl kifayət qədər uzun hazırlıq mərhələsi olmuşdu”, - deyə Ermənistan prezidenti bildirib.
Xaçatryanın sözlərinə görə, Ermənistan ilə Azərbaycan arasında danışıqlar prosesi sərhəddəki vəziyyət baxımından da praktiki nəticə verib.
“Ötən ilin yanvarın 25-dən bu günə qədər sərhəd boyunca vəziyyət sakitdir, atəş səsləri yoxdur. Əvvəllər demək olar ki, hər gün sərhəd insidentləri baş verirdi”, - deyə Xaçatryan vurğulayıb.
Ermənistan prezidenti Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması məsələsində erməni diasporunun bəzi dairələrinin narahatlıqlarına da toxunub və xaricdəki erməni icmaları ilə görüşlər zamanı Ermənistan hökumətinin atdığı addımlara qarşı anlayış gördüyünü qeyd edib.
“Mən onlara Ermənistanın iqtisadi və siyasi vəziyyətini təqdim etdim. Hökumətimizin siyasəti və addımlarına qarşı anlayışın olduğunu hiss etdim. Ən vacibi odur ki, biz tarixi yaddaşın girovuna çevrilməyək və reallıqdan uzaq düşməyək”, - deyə Xaçatryan bildirib.
Müsahibədə Ermənistan prezidenti həmçinin Ermənistan-Yunanıstan münasibətlərinin hazırkı vəziyyətini və inkişaf perspektivlərini təqdim edib, ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az