Erməni politoloq: “Ərəb baharı” zamanı Suriyadan qaçqınlar Ermənistana gəldi və bu günə qədər bir çoxu burada yaşayır”

2026/02/1771917724.jpg
Oxunub: 384     15:21     24 Fevral 2026    
“İrana qarşı genişmiqyaslı müharibə olmayacaq. Bu, Trampa qətiyyən lazım deyil. Lakin hərbi xarakterli hansısa əməliyyatın, məsələn, İranın obyektlərinə raket zərbələrinin endirilməsinin istisna olunmadığını demək olar”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Qafqaz İnstitutunun direktoru, erməni politoloq Aleksandr İsgəndəryan deyib.

İsgəndəryan ABŞ-nin müxtəlif təzyiq vasitələrindən istifadə etməklə istədiyi nəticəyə, İranda islam rejiminin dəyişdirilməsinə nail olmağa yönəlmiş açıq cəhdlərini qeyd edib.

Lakin erməni politoloqun fikrincə, İranın ali dini rəhbəri Əli Xameneyi sağ olduğu müddətdə amerikalılar istədiklərinə çata bilməyəcəklər.

“Mən iranşünas deyiləm və İranda baş verən proseslərə peşəkar qiymət verə bilmərəm. Mən görürəm ki, siyasi alver və təzyiq prosesi var, başqa sözlə, İrana təzyiq göstərməyə çalışırlar və bu təzyiqin tərkib hissəsi kimi güc amilindən də istifadə edirlər. Baş verənlərin bir çoxu media köpüyüdür. Məsələn, ABŞ aviadaşıyıcıları həmişə Fars körfəzində olub və indi guya kəskin dəyişiklik baş verdiyi iddiası əslində belə deyil. Amma biz bir sıra göstəricilər görürük ki, vəziyyət həqiqətən də gərginləşə bilər. Xüsusilə, bir çox ölkələrin öz vətəndaşlarını İrandan geri çağırması, İsrailə müəyyən silahların tədarükü, region ölkələrinə edilən səfərlər və s. Bütün bunlar onu göstərir ki, hansısa nəticəyə nail olmaq üçün təzyiq göstərilir. Mənə elə gəlir ki, Xameneyi sağ olduğu müddətdə amerikalılar istədikləri nəticəyə, müxtəlif təzyiqlər vasitəsilə İranda rejim dəyişikliyinə nail ola bilməyəcəklər”, - deyə erməni politoloq qeyd edib.

İsgəndəryan ABŞ-nin İrana qarşı hansısa hərbi əməliyyatını və ya məhdud hərbi zərbəsini istisna etmir. Bu barədə ötən həftə ABŞ prezidenti Tramp da danışmışdı. Lakin erməni politoloqun fikrincə, “əsl” və ya genişmiqyaslı müharibə olmayacaq. Onun sözlərinə görə, ötən il baş vermiş 12 günlük müharibədən fərqli olaraq, bu dəfə İrana qarşı gözlənilməzlik amilindən istifadə etmək mümkün olmayacaq.

O vurğulayıb ki, son illərdə Cənubi Qafqaz tədricən yalnız postsovet məkanının bir hissəsi olmaqdan çıxır, region getdikcə Böyük Yaxın Şərqin bir hissəsinə çevrilir. Yaxın Şərqdə baş verənlər isə birbaşa Ermənistana təsir edir.

Bu baxımdan İsgəndəryan “Rusiya-Qərb” ikililiyindən çıxmağın və düşüncə xəritəsini bir qədər dəyişməyin böyük əhəmiyyət daşıdığını vurğulayıb.

“Bu, hətta 2020-ci ildən əvvəl də belə idi. Məsələn, “Ərəb baharı” zamanı Suriyadan qaçqınlar Ermənistana gəldi və bu günə qədər bir çoxu burada yaşayır. Bu, birbaşa təsirdir. Məsələn, İsraillə bağlı baş verənlər birbaşa bizə təsir edir. Biz harada yaşayırıqsa, orada da yaşayırıq və Vladivostokun və ya Sankt-Peterburqun Süleymaniyə və ya Mosuldan bizə daha yaxın olduğunu düşünmək o qədər də doğru deyil. Çünki Mosul və Süleymaniyə bizə çox yaxındır, təxminən 300–400 km məsafədədir. Amma psixoloji olaraq Vladivostok və Yakutsk hələ də bizə daha yaxın görünür”, - deyə erməni politoloq bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İsgəndəryan  


Bizi "telegram"da izləyin