Rusiyalı analitik: “ABŞ-nin hərbi ssenariləri mövcuddur, mümkün hədəflər nəzərdən keçirilir”

2020/07/52255-1595929024.jpg
Oxunub: 417     19:11     24 Fevral 2026    
“Danışıqların gedişi və ABŞ-nin təzyiq siyasətinə baxış göstərir ki, Vaşinqton genişmiqyaslı hərbi prosesə başlamaq istəmir, ancaq təzyiq siyasəti davam edir”.

Ordu.az xəbər verir ki, bunu rusiyalı analitik Aleksandr Xramçixin deyib.

Onun sözlərinə görə, ABŞ prezidentinin hərbi ritorikasında da dəyişikliklər müşahidə olunur və bu ritorika əvvəlki qədər sərt deyil.

“Bu mərhələdə açıq şəkildə görürük ki, ABŞ razılaşmaya nail olmaq, İranın yaratdığı nüvə riskini aradan qaldırmaq istəyir. Eyni zamanda aydındır ki, İran da bu rıçağı saxlamağa çalışır, çünki bu, onun üçün müəyyən mənada təhlükəsizlik təminatına çevrilib. Hazırda bu iki mövqe toqquşur, lakin razılığa gəlmək istəyi mövcuddur. Çünki hamı başa düşür ki, İran-ABŞ qarşıdurması gözlənilməz gedişata və coğrafiyaya malik ola bilər və elə bir vəziyyət yarada bilər ki, ondan çıxmaq son dərəcə çətin olsun.

Məhz buna görə də hərbi əməliyyatların təşəbbüskarı olacaq ABŞ təzyiqi davam etdirir, Yaxın Şərqdə Amerika hərbi mövcudluğu misilsiz həddə çatıb. Bu özü-özlüyündə artıq təhlükəli vəziyyətdir və siyasi qərar çox ağır nəticələrə səbəb ola bilər. ABŞ-da bunu çox yaxşı anlayırlar”, - deyə Xramçixin bildirib.

Onun sözlərinə görə, ABŞ-də yaxşı bilirlər ki, İran İraq və ya Venesuela deyil. İrana bir və ya bir neçə zərbə ilə onu razılaşmaya məcbur etmək çətindir, əksinə, bu addım ABŞ üçün danışıqların qapısını tam bağlaya bilər.

“Hazırda bərpa olunmuş danışıqlar nə qədər çətin və mövqelər nə qədər mürəkkəb olsa da, vaxt qazanmağa, tərəflər üçün məqbul olan konsensus tapmağa və ya onların danışıqlardakı “üzünü qorumağa” imkan verir. Bununla belə, hərbi təhlükənin olmadığını demək düzgün olmaz. Beynəlxalq mətbuata və prosesin ümumi məntiqinə əsasən, aydındır ki, ABŞ-nin hərbi ssenariləri mövcuddur, mümkün hədəflər nəzərdən keçirilir və inkişafın müxtəlif variantları hesablanır. Lakin məhz bu sonrakı inkişafların proqnozlaşdırılmasının çətinliyi ABŞ-ni son həftələrdə bu addımdan çəkindirir.

Eyni zamanda görürük ki, ABŞ İsraillə də danışıqlar aparır, İsrailin hərbi meyllərini yumşaltmağa çalışır. ABŞ dövlət katibinin yaxın vaxtlarda İsrailə planlaşdırılan səfəri də məhz bu məsələ ilə bağlıdır”, - deyə analitik qeyd edib.

Xramçixin onu da vurğulayıb ki, Trampın “Sülh Şurası” yaratması və öz komandasının müstəsna sülhpərvər və vasitəçi bacarıqları barədə davamlı danışması İranla müharibəyə başlamaq xətti ilə ziddiyyət təşkil edir.

Ermənistanın müdafiə naziri Suren Papikyanın İrana səfərinə gəlincə, analitik hesab edir ki, mövcud vəziyyətdə İran mümkün olan bütün qonşularla sıx əməkdaşlıq edir, tərəfdaşlığı möhkəmləndirməyə çalışır və bu ölkələrin ya İrana dəstək verəcəyinə, ya da neytral mövqe tutacağına dair təminat almağa çalışır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Xramçixin   İran  


Bizi "telegram"da izləyin